Hakimiyyətlə “köhnə qitə” arasında yeni gərginlik; Avropa Parlamentinin prezidenti Martin Şultsun son fikirləri Milli Məclisdə qəzəb doğurdu, rəhbərlik və deputatlar sərt danışdılar; Oqtay Əsədov: “O təşkilatlara bel bağlayan belsiz qalar”; Bahar Muradova: “Gözü çıxan qardaşların vəziyyəti bizə dərs olmalıdır”
Milli Məclisin 28 noyabr iclasının gərgin keçəcəyi, Avropaya ünvanlı təpkilərin olacağı əslində gözlənilən idi və bu, baş verdi. Parlament sədri Oqtay Əsədov özünün etiraf etdiyi kimi, o qədər əsəbiydi ki, hətta gündəliyin səsə qoyulması prosedurunu unudaraq birbaşa Avropa Parlamentinin prezidenti Martin Şultsun ünvanına sərt ittihamlar yağdırmağa başladı.
Əslində iclasda 2015-ci ilin büdcə zərfi ilə bağlı son müzakirələrin keçirilməsi nəzərdə tutulmuşdu və hökumət üzvləri də parlamentdəydi. Yeri gəlmişkən, parlamentin iclası gedərkən Qarabağ qaziləri və şəhid ailələrini təmsil edən bir neçə yüz nəfər Milli Məclisin qarşısında toplaşmışdı. Bu zaman əraziyə xeyli polis cəlb olunmuşdu. Sonradan bir sıra deputatların, Aqil Abbas, Vahid Əhmədov, Qənirə Paşayeva və digərlərinin şikayətçiləri şəxsən dinləməsi nəticəsində hər hansı gərginlik yaşanmadı.
İclasın gedişində isə gərginlik aşkar şəkildə hiss olunurdu. Spiker M.Şultsun Avropa Parlamentin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verdi: “Bunların başqa iş-gücləri yoxdur. Avropada 5-6 müsəlman ölkəsi var, ancaq onlarla məşğuldurlar. Cənab Şults deyir Azərbaycana qrup göndərmək istəmişik, amma razılıq verilməyib. Tam yalandır, nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə müraciət olunub. Biz necə münasibət görürük, elə də münasibət bəsləməliyik. Soyuq münasibətə soyuq münasibət olmalıdır”. O. Əsədov deputatları bütün bu qərəzli münasibəti nəzərə almağa çağırdı. Ancaq hökumət üzvlərinin zalda gözlədiyini nəzərə alıb 2015-ci ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin müzakirəsinə keçməyi təklif etdi.
Hökumətə ünvanlanan təkliflərlə bağlı öncə maliyyə naziri Samir Şərifov çıxış etdi. Nazir dedi ki, elm xərclərinin 8 milyon manat məbləğində artırılıb və bu da cari illə müqayisədə 2,5 faiz çoxdur. Parlamentdəki siyasi partiyaların maliyyəsi ilə bağlı xahiş də nəzərə alınıb. S.Şərifov dedi ki, 2014-cü ildə 250 min manat obyektiv səbəbdən bölüşdürülməmiş qalıb. Ona görə də bu vəsaitin 2015-ci ilin büdcəsində istifadə edilməsi məqbuldur. Nazir qanuna düzəliş etməklə siyasi partiyalara ayrılan vəsaitin tam məbləğdə siyasi partiyalar arasında bölüşdürülməsinə hökumətin razı olduğunu bildirdi. Hökumət 2015-ci ildə QHT-lərin xərclərinin daha 600 min manat artırılması təklifini də qəbul edib. Bələdiyyələrə dotasiyanın artırılması ilə bağlı təkliflərə də baxılıb. S. Şərifov dedi ki, hökumət bələdiyyələr birbaşa maliyyə yardımı ayrılmalı deyil, amma bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlirləri artsın. Beləliklə, bələdiyyələr maliyyəni vətəndaşlardan alacaq. Hökumət Milli Məclisin xərclərinin əlavə olaraq 450 min manat artırılmasını məqsədəuyğun sayıb. Beləliklə, 2015-ci ildə Milli Məclisin xərcləri 23 milyon 807 min manata çatdırılacaq. Bununla da hökumət son variantı təqdim etdi. Büdcə layihəsinin əleyhinə 3, lehinə 93 nəfər səs verdi.
Deputat Vahid Əhmədov Qarabağ əlilləri və şəhid ailələrinin sığortası ilə bağlı ötən iclasda da qaldırdığı məsələyə diqqət çəkdi: “Bu məsələni həll etmək lazımdır. Konstitusiya Məhkəməsi səhv edibsə, bunun əziyyətini niyə Milli Məclis çəkməlidir? Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın məbləği 11 min manatdır. Bu, elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər. Xahiş edirəm bu məsələ həll olunsun. Əgər ehtiyac varsa, dövlət başçısı səviyyəsində məsələnin birdəfəlik həllini xahiş edirəm”.
Siyavuş Novruzov da Qarabağ əlilləri və şəhid ailələrinin sığorta problemindən danışdı: “Elə adamlar var ki, 21 ildir haqlarını ala bilmir. Qarabağ əlilləri indi də bəyan etdilər ki, torpaqların azadlığı uğrunda hər an savaşa qatılmağa hazırdır. Onların hamısı prezidentin ətrafında sıx birləşib. Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edirəm ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar. Qanunvericiliklə bu məsələni həll edək, o insanlar bir daha əziyyət çəkib gəlməsinlər”.
Oqtay Əsədov dedi ki, bu məsələni maliyyə naziri həll etmir: “Bu məsələ həllini tapacaq. Xahiş edirəm bu məsələdən narahat olmayın. Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”.
Müzakirəyə çıxarılan Əmək Məcəlləsində edilən dəyişikliklərdə cərimələrdən əmək müfəttişlərinin əmək haqqına 25 faiz artırılmasını nəzərdə tutulurdu. Deputat Musa Quliyev Əmək Müfəttişliyinin cərimələrinin yalnız 42 faizinin ödənildiyini qeyd etdi.
Çingiz Qənizadə özəl sektor və ticarətlə məşğul olan şəxslərin böyük əksəriyyətinin həftəlik iş saatından iki dəfə çox işlədiyini bildirdi: “Əmək Müfəttişliyinə üz tuturam, xahiş edirəm axşam saat 6-dan sonra bəzi nazirliklərin də qapısını döyün, soruşun ki, oradakı işçilər niyə orda oturub?”
Qənirə Paşayeva da bu sahədə ciddi addımlara ehtiyac olduğunu bildirdi: “Əmək müqaviləsi olmadığı üçün kimi istəyirlər işdən çıxarırlar, istehsalatda bədbəxt hadisə olur təzminat ala bilmirlər. Əmək Müfəttişliyinin 263 müfəttişi var. Bu qədər cüzi ştatla bütün ölkədəki iş yerlərinə nəzarət etmək mümkün deyil”.
Şəmsəddin Hacıyev dedi ki, bu təkliflərin əksəriyyəti səbəbə yox, nəticəyə yönəlib: “Səbəb nədir ki, işə götürən işçilərin sayını azaldır və əmək haqqını aşağı həddə göstərir? Deməli, bu vergiyə görədir. İşə götürülən hər kəsə görə verilən 100 manatlıq əmək haqqının 40 manatı vergiyə cəlb olunur. Ona görə də vergilərlə bağlı məsələ üzərində ciddi işləmək lazımdır”.
Zahid Oruc əmlak özəlləşməsi ilə bağlı problemlərin indiyədək qaldığını bildirdi: “Bu problemi, nəhayət, həll etmək lazımdır.
Qüdrət Həsənquliyev çıxışında dedi ki, “Bakıelektrikşəbəkə”, “Azəriqaz”, “Azərsu” təcili özəlləşdirilməlidir: “Bəzi xarici ölkələrdə hətta həbsxanalara özəl şirkətlər nəzarət edir. Bir sıra hallarda bu qurumlara qarşı yönələn tənqidlər dövlətə qarşı yönəlir. Özü də burda özəlləşməyə yalnız Azərbaycan vətəndaşları qatıla bilər. Lazım olsa, qanunlara da dəyişiklik etmək mümkündür. Dünyanın heç bir ölkəsində bu qədər elektrik enerjisi itkilərinə yol verilmir. Elektrik enerjisini hansısa özəl şirkət satsa, burda heç bir itki olmayacaq, şəffaflıq da təmin olunacaq”.
Çingiz Qənizadə insanlara reyestrdən çıxarışların artıq səyyar formada verilməsi işinə başlanılmasının yerlərdə təqdir olunduğunu bildirdi: “Bizdə belə bir fikir formalaşıb ki, dövlət bunu gətirib qapımda verməlidir. Bəzən biz öz üzərimizə düşən vəzifələri həll etməkdənsə, dövlətin həll edəcəyini gözləyirik. Müəyyən sənədlərin tələb olunması əslində yaxşıdır. Çünki sonradan məhkəmə çəkişmələrində problemlər yaranır”.
Bu müzakirələrdən sonra Milli Məclisdə son vaxtlar Azərbaycana qarşı təzyiq kampaniyası, xüsusilə də Avropa Parlamenti rəhbərliyinin tənqidlərinə qarşı müzakirəyə əlahiddə vaxt ayrıldı.
Zahid Oruc məscidlərlə bağlı baş verənləri, ölüm hadisələrini diqqətə çəkdi, Sumqayıt və Qaraçuxur məscidlərində baş verənlər, hətta Qız Qalasındakı intiharın təsadüf olmadığını vurğuladı. Bütün bunlarla bağlı dövlətin müvafiq qurumlarını ayıq-sayıq olmağa çağırdı: “Bu, az qala Soçi olimpiadasından öncə Rusiyada baş verənləri xatırladır”.
Fazil Mustafa Avropa Birliyinin Azərbaycandakı əsas məsələlərə münasibətdə obyektiv olmadığını bildirdi: “Biz vertolyot olayında da bunun şahid olduq. Ermənistanın bir vertolyotunun bizim ərazimizdə vurulmasına bu cür münasibət olduğu halda 1991-ci ilin 20 noyabrında dövlət xadimlərinin olduğu vertolyotun vurulmasını heç xatırlayan olmadı. Bu günlərdə çox qəribə hadisələr baş verir. Ola bilsin ki, dini icmaların təmsilçiləri bir-biri ilə yola getməyib. Amma Azərbaycanda məscidi yandırmaq ənənəsi sovet dövründə belə olmayıb. Qaraçuxur məscidində baş verən hadisə onu göstərir ki, Azərbaycanla bağlı ciddi planlar hazırlanır. Məscidlərdə kamera quraşdırmaq, polis postları qoymaq olar”.
Çingiz Qənizadə Avropa Parlamentinin rəhbəri Şultsun və ondan əvvəlki digər açıqlamaların bir mərkəzdən idarə olunduğunu bildirdi: “Təəssüf ki, bu açıqlamalarda 5-6 adamın adı çəkilir ki, dövlət hansısa addımları atmağa məcbur olsun. Qanun hamı üçün qanundur və heç kəs ayrı-seçkiliyə məruz qala bilməz. 15-20 nəfər tanınmış şəxsin həbsdə olduğu halda, əsasən bir-iki nəfərin adı davamlı çəkilir. Sanki vaxtilə bunlar onlara xidmət edib, indi onlar bunlara xidmət edirlər”.
Siyavuş Novruzov da Azərbaycanla bağlı ədalətsiz qərarların qəbul olunduğunu bildirdi. O, Batumidəki tədbirdə baş verən qalmaqal erməni lobbisinin təsirinin göz qarşısında olduğunu bildirdi. S.Novruzov Emin Millinin adını “Emin qeyri-milli” yazmağa çağırdı: “Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur. Biz hər dəfə bir addım atdıqca bu təşkilatlar bizim üstümüzə gəlirlər. Təsəvvür edin, Allah eləməmiş Amerikada öldürülən uşaq Azərbaycanda öldürülsəydi, bunu gücə-gündüz telekanallarda şərhsiz yayardılar”.
Sabir Rüstəmxanlı dedi ki, Avropada dəbdəbəli adlar altında fəaliyyət göstərən anti-Azərbaycan hücumları təəccüblü deyil, Yaxın Şərqə, İslam dünyasına qarşı kampaniyanın tərkib hissəsidir: “Ən qorxulusu budur ki, Avropa bu təzyiqləri ”Avropa dəyərləri" altında ikili standartlarla həyata keçirir. Ermənistanın davranışlarını görməzliyə vurur, Azərbaycana qiymət verməyə çalışır. Bu, böyük mənada əslində Səlib yürüşünün davamıdır. Bu gün 92 ölkədə gizli fondların təşkilatları var ki, dövlət içində dövlət qururlar. Azərbaycan elə də böyük dövlət deyil, böyük problemi var, bundan istifadə edirlər. Gələn il Avropa Oyunlarının Bakıda keçirilməsi və “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı bu təzyiqlər bir az da artacaq. Biz isə hətta Türkiyədə də ermənilərin tədbirlərinə təsir göstərə bilmirik. Ona görə dövlət orqanlarının xalqla, gəncliklə, mətbuatla daha ehtiyatlı olması, təzyiqləri azaltması lazımdır. Kənar bizim dövlətə, biz də öz vətəndaşımıza təzyiq edirik. Bunun qarşısı alınmalıdır".
Qüdrət Həsənquliyev isə dedi ki, insan haqları heç bir ölkənin daxili işi deyil: “Əgər o tənqidlərdə hansısa haqlı tərəflər varsa, çalışıb onları həll etməliyik. Amma əminəm ki, bu tənqidlər səmimiyyətdən irəli gəlmir. Avronestdə də qətnaməni səsləndirdim və bəyan etdim ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 20 min insan qətlə yetirlib, 30 min nəfər yaralanıb, 1 milyon insan yurdundan didərgin salınıb, buna əhəmiyyət vermirsiniz, ancaq Azərbaycanda 5-6 nəfərin həbs olunmasına etiraz edirsiniz. Bu gün Qərbdən tam asılı vəziyyətdə olan Ukraynanın nümayəndələri belə məni orda müdafiə etməyə çəkindi. Bu gün Avropada islamofobiya var və onlar Ermənistanın təcavüzünə göz yumurlar. Adətən insanlar əlində olanları itirəndən sonra onun qədrini bilir. Odur ki, bu gün biz ölkədəki sabitliyi göz bəbəyi kimi qorumalıyıq”.
Vitse-spiker Bahar Muradova bildirdi ki, bu təzyiqlərin önündə dayanılmalıdır: “Bəzən deyirlər ki, Azərbaycanda bizim tərəfdaşımız azadlıqda qalmayıb. Sizin tərəfdaşlarınız Azərbaycanda yalnız Leyla Yunus, ya onun kimi məqsədlərə xidmət edən 5-6 nəfərdir? Xahiş edərdik ki, onlar tərəfdaşlıqla bağlı mövqelərini sərf-nəzər etsinlər, biz də işimizi bilək. Biz heç kəsə təzyiq göstərmirik. Hər kəs törətdiyi əmələ görə cəzasını almalıdır. Kimsə hesab edirsə ki, dövlətin mənafeyini satıb həyatını sürəcək, biz buna imkan verməyəcəyik”. B.Muradova vəziyyətin həssaslığına da diqqət çəkdi: “Gözü çıxan qardaşların vəziyyəti bizə dərs olmalıdır”.
Oqtay Əsədov dedi ki, mötəbər saydığımız təşkilatların mötəbərliyi, müstəqilliyi yoxdur: “Ona görə də ”mötəbər təşkilatlara" bel bağlamaq olmaz. Bir “STOP” komandası ilə hərəkət edirlər. Bu mənada dövlətlərlə əlaqə qurmalıyıq. O təşkilatlara bel bağlayan belsiz qalar. Avronestin, Avropa Parlamentin adı var özü yox. Biz bunlarla niyə işləməliyik? Bizə təzyiqlər çox olacaq. Bunun da səbəbləri çox dərindir".
Əli Hüseynli isə Şultsun ölkəmizi təhqir etdiyini vurğuladı: “Onun rəsmi saytdakı bəyanatında Azərbaycan hökuməti deyil, Azəri hökuməti ifadəsi əksini tapıb, bu da onun münasibətini göstərir”. Amma Ə.Hüseynli sərt ritorikadan çəkinməyə, beynəlxalq qurumları islah etmək üçün əməkdaşlığı davam etdirməyə çağırdı.
Yevda Abramov isə sərt danışdı: “Mən bura gələn nümayəndələri Qırmızı qəsəbəyə aparıram, onlara yəhudi icmasının necə rahat şəraitdə yaşadığını əyani şəkildə göstərirəm, özümün parlamentdə təmsil olunduğumu bildirirəm, gedəndə də necə lazımdır yola salıram, amma yenə də qayıdandan sonra öz bildiklərini deyirlər”.