“Hakimiyyət repressiya üzərində bərqərar olub”

29-11-2014, 12:48   
“Hakimiyyət repressiya üzərində bərqərar olub”«Azərbaycan iqtidarı tarixi inkişafın diqtə etdiyi reallıqdan qaça bilməz»

Gültəkin Hacıbəyli: «Sınmayan, əyilməyən qüvvələrin Milli Şura və AXCP-nin üzərinə bütöv bir repressiya cəbbəxanası ilə gəlirlər»

Hakimiyyətin demokratik düşərgəyə qarşı repressiyaları davam etməkdədir. Hakimiyyət bu istiqamətdə beynəlxalq birliyin çağrışlarına məhəl qoymur. Əksinə son günlər AXCP rəhbərliyinə daxil olan şəxslərə qarşı təzyiqlər, partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirovun oğlunun, sədrin müşaviri Asif Yusiflinin qondarma ittihamlarla həbsi hakimiyyətin fərqli siyasət kursu seçdiyini sübut edir. Gələn il Avropa Birliyinin növbəti sammitində ölkəmiz ilə təşkilat arasında münasibətlər müzakirə olunacaq. Azərbaycanla assosiasiya sazişinin imzalanması da məhz bu zaman gündəmə gətiriləcək. Amma hakimiyyətin beynəlxalq təzyiqlərin gücləndiyi bir zamanda repressiv siyasətini artırmaqla nəyə arxalanır? Bu və başqa suallarla Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyliyə ünvanladıq:

- Hakimiyyət nəyə və kiməsə arxayın olsaydı, bu qədər aqressivləşməzdi. Özünə arxayın, əmin olan iqtidarlar islahatlara gedir, açılımlar edir, siyasi opponentləri ilə açıq dialoq, geniş ictimai müzakirələr aparır, ümumiyyətlə, liberallaşma yolunu tutur, cəmiyyətə açılırlar. Aqressiya, təzyiqlər, həbslər, təqiblər, bir sözlə, fiziki gücün dominantlığı mənəvi gücün, ictimai nüfuzun, siyasi avtoritetin zəifliyini pərdələmək üçün bir komuflyajdır. Bu gün hakimiyyət siyasi repressiya maşını üzərində bərqərar olub. Ona görə yox ki, həbs etməkdən, əzməkdən, məhv etməkdən mənəvi zövq alırlar. Əksinə, bütün dünya ilə düşmən olmaq, repressiv iqtidar imici qazanmaq, cəmiyyətdə narazılığı artırmaq indi ən az onlara lazımdır. Sadəcə, ona görə ki, siyasi hakimiyyəti qoruyub saxlamağın başqa yolunu görmürlər və bu gerçəkdən də, belədir. Qarşıdan isə mürəkkəb və ağır il gəlir. Riqa sammiti, Avropa Olimpiya oyunları və parlament seçkiləri bütün dünyanın diqqətini ölkəmizə cəlb edəcək. O vaxtadək, xüsusilə də, Avropanın və ABŞ-ın bütün diqqətinin Rusiya və Ukrayna böhranına cəlb olunduğu müddətdən “səmərəli” istifadə edərək siyasi qüvvələri, vətəndaş cəmiyyətini maksimum zəiflətmək, gücdən və nüfuzdan salmaq, dağıtmaq və parçalamaq hakimiyyətin son dövrlər həyata keçirdiyi repressiv siyasətin başlıca leytmotividir. Hakimiyyət özünə müxalifət deyənlərin böyük bir hissəsini mənəvi baxımdan məhv edib, sındırıb, əzib, bu yolla sıradan çıxarıb, sınmayan, əyilməyən qüvvələrin və ilk öncə, Milli Şura və AXCP-nin üzərinə isə bütöv bir repressiya cəbbəxanası ilə gəlir.

“Azərbaycan hakimiyyəti Rusiyadan çəkinir”

- ABŞ mətbuatı da yazır ki, Azərbaycan Rusiya münasibətləri hədsiz yaxınlaşıb. Azərbaycan hakimiyyəti bundan nə qazana bilər?
- Azərbaycan hakimiyyətinin, xüsusilə də, Ukrayna hadisələrindən, Rusiyanın bütün dünya tərəfindən təcridindən və təklənməsindən sonra bu ölkə ilə hədsiz yaxınlaşması, sadəcə, mümkün deyil. Azərbaycan hakimiyyətinin dəyəri on milyardlarla ölçülən böyük kapitalı var. Böyük kapital isə Rusiya kimi repressiv bir rejimi seçə bilməz. Rusiyada son aylar böyük neft maqnatlarının, iri kapital sahiblərinin əmlakının quldurcasına qəsb edilməsini hamı kimi, Azərbaycan iqtidarı da müşahidə etdi. Iri pul sahibləri daha effektiv təhlükəsizlik təminatları, mülkiyyəti və kapitalı müdafiə mexanizmləri olan ölkələrlə əməkdaşlıq şansları olduğu halda, belə bir rejimlə yaxınlaşmanı könüllü şəkildə seçə bilməzlər. Lakin Azərbaycan siyasi rəhbərliyi Rusiyanın dəfələrlə millətimizi açıq şəkildə aşağılayan baş təlxəyi Jirinovskini ölkəmizə dəvət edib onun qulluğunda durmaq, onu ən yüksək səviyyədə qəbul edəcək qədər reveranslar etməli oldu. Çünki reallıq ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti Rusiyadan çəkinir. Söhbət heç də Rusiyanın birbaşa hərbi müdaxiləsindən getmir, Krımın işğalı ilə özünü tələyə salan və məhvə sürüklənən Putin rejimi buna heç getməz də. Lakin Rusiyanın əlində Azərbaycana iki böyük təzyiq rıçaqı var. Bunlar hərbi konflikt və hakimiyyətin öz içində oturuşmuş, şəbəkələşmiş və iqtidarda ciddi söz sahibi olan Rusiyanın beşinci kolonudur. Rusiya istədiyi vaxt bu iki təzyiq instrumenti vasitəsilə Azərbaycan rəhbərliyinə əzələ nümayiş etdirə bilir. Repressiyaların sonuncu dalğası dəyərli jurnalist, Rusiyanın Cənubi Qafqaz siyasəti, Ermənistan dövlətinin işğalçı və terrorçu mahiyyəti ilə bağlı gerçəkləri beynəlxalq miqyasda uğurla təbliğ edən Rauf Mirqədirovun həbsi ilə başladı. Rauf bəyin onun həbsinin məhz Rusiyanın sifarişi olduğunu iddia etməsini hamımız xatırlayırıq. Qərbin demokratik institutlarının ölkəmizdə ən etibarlı tərəfdaşları olan vətəndaş cəmiyyəti liderlərinin həbslərinin pik dövrü ilə cəbhədə silahlı qarşıdurmanın pik dövrünün üst-üstə düşməsi, sadəcə, təsadüf deyildi, hər iki istiqamətdə hücumlar sanki bir mərkəzdən idarə olunmaqla unison təşkil edirdi. Digər tərəfdən, Azərbaycan hakimiyyətini ən çətin “sınaqlardan” çıxarmış, qorunub saxlanmasında müstəsna xidmətləri olan Putin rejimi öz çətin günündə ondan dəstək tələb etməkdə özünü haqlı bilir. Odur ki, Rusiya tərəfdən təhdidlər və tələblər olub və bu gün də var. Lakin, bügünkü Rusiyanı iyulun, avqustun Rusiyası ilə müqayisə etmək olmaz. Martın Rusiyası isə tam fərqli olacaq. Rusiya zəiflədikcə, Azərbaycan siyasi hakimiyyətinin də Qərb istiqamətində addımlarının şahidi olacağıq. Bu, zamanın, tarixi inkişafın diqtə etdiyi reallıqdır və Azərbaycan iqtidarı bundan qaça bilməz.

“Rusiyanın Qərbə müqavimət imkanları sıfra bərabərdir”


- Rusiya Qərb münasibətlərindəki gərginlik davam edir. Rusiyanın geri çəkilmək niyyəti görünmür. Qərb sanksiyaları daha da sərtləşdirəcəyini deyir. Siz bu hadisələrin perspektivini necə görürsünüz?
- Bu perspektivləri görmək üçün xüsusi siyasi hazırlığa ehtiyac yoxdur. Rusiyanın ABŞ və Avropa qarşısında müqavimət imkanları sıfra bərabərdir. Sanksiyalar və neftin qiymətinin azalması nəticəsində Rusiya bu il toplam 200 milyarda yaxın pul itirəcək. Iri kapital ölkəni tərk edir, maliyyə instututları beynəlxalq layihələri maliyyələşdirməkdən imtina edirlər, inflyasiya görünməmiş sürətlə artır, rublun devalvasiyası artıq qarşısıalınmaz bir prosesdir. Avropa maliyyə instututlarından əli üzülən Rusiya Çinin ucuz xammal bazarına çevrilməkdədir. Proseslər Rusiyanı ciddi siyasi kataklizmlərə sürükləməkdədir. Sergey Lavrovun da etiraf etdiyi kimi, olaylar rejim dəyişikliyi istiqamətində cərəyan edir və görünür, hadisələrin belə inkişafı qaçılmaz olacaq. Öz dar, bəsit və perspektivsiz siyasi ambisiyaları ilə 140 milyonluq nəhəng bir ölkəni fəlakət girdabına sürükləyənlər, heç şübhəsiz, bunun ağır bədəlini ödəməli olacaqlar. Qərbin siyasəti sistemlidir, ardıcıldır və məqsədyönlüdür. Bu siyasət öz hədəflərinə çatmayınca, Qərb mövqeyindən nəinki geri çəkilməyəcək, hətta sanksiyaların sərtləşdirilməsi istiqmətində ciddi addımların şahidi olacağıq. Bəlkə də imperiya ambisiyaları ilə zəhərlənmiş rus şovinist düşüncəsini ayıltmaq üçün müəyyən zamana ehtiyac olacaq. Ancaq Rusiyadan fərqli olaraq, Qərbin vaxtı, pulu və real təzyiq imkanları çoxdur. O səbrlə və ardıcıl bir şəkildə məqsədlərinə doğru irəliləməkdədir.

“Azərbaycan Rusiyaya sanksiyalardan nəticə çıxarmalıdır”

- G20 sammitində Putinə qarşı sərt reaksiya sərgiləndi. Bu cür reaksiyadan Putini dəstəkləyən Azərbaycan hakimiyyəti hansı nəticəni çıxarmalıdır?
- Azərbaycan hakimiyyətinin Rusiya dərslərindən çıxarmalı olduğu nəticələr çoxdur. Öncə, Avropa və ABŞ-la mənasız qarşıdurmanın nəticələri göz önündədir: “qaradərililərin hüquqlarının pozulduğu” ABŞ-ın, “inflyasiyanın, sosial gərginliyin artdığı” Almaniyanın, “liftləri qəza vəziyyətində olan” Fransanın ortabab sanksiyalarla nəhəng və zəngin Rusiyanı hansı duruma saldığı göz önündədir. Odur ki, Avropanı, ABŞ-ı “döyəndə” bir az düşünmək faydalı olardı. Bu hadisələr təkcə neft və qaz ixracatı üzərində qurulan iqtisadiyyatın ölkənin strateji maraqları baxımından nə dərəcədə təhlükəli olduğunu ortaya qoydu. Rus rublunun kursu dünya bazarında neftin qiyməti ilə eyni hərəkət trayektoriyası cızır. Nəhəng bir ölkə neftin qiymətindən “narkoman asılılığındadır”. Neft və qaz tükənirsə, azalırsa, ucuzlaşırsa və alıcısı yoxdursa, belə ölkələr iflasa məhkumdur. Bu artıq milli təhlükəsizlik məsələsidir və Azərbaycan hakimiyyəti bunun üzərində gec də olsa, düşünməlidir. Diqqət çəkmək istədiyim üçüncü məqam texnologiyalarla, intellektual inkişafla bağlıdır. Inzibati güc və resurslar üzərində qurulan hakimiyyətlər əslində çox kövrək və müqavimət qabiliyyətsiz olurlar. Demokratiya olmayan yerdə, inkişaf da olmur və bütün zahiri təmtəraq əslində, sadəcə, butaforiya, görüntü xarakteri daşıyır. Azad rəqabət, bərabər imkanlar olmayan yerdə gerçək inkişaf ola bilməz. Bu gün Rusiya neft hasilatı üçün Sibir şaxtasına davamlı olan adi balta istehsal edə bilmirsə və onu Qərbdən alırsa, hansı gücdən, inkişafdan danışmaq olar? Rusiya sanksiyalardan sonra indi də Çin texnologiyalarına möhtac qalıb. Neftin qiymətinin qalxması üçün neft hasilatının azalması Rusiyaya hava-su kimi vacibdir. Rusiya hasilatın azalması üçün Venesuelaya, Səudiyyə Ərəbistanına yalvarır, lakin özü hasilatı azalda bilmir. Çünki, bu itkini dolduracaq resursları və ən önəmlisi, istehsalı müvəqqəti azalda biləcək texnologiyası yoxdur! Vəziyyətin tragikomikliyini təsəvvür edirsinizmi?! Və sonuncu məqam. Bu gün bütün dünya ilk baxışda qüdrətli, əzəmətli, zəngin ölkə təəssüratı bağışlayan Rusiyanın cəmi 2-3 ayın içində belə fəlakətli səviyyədə düşüşünün təəccübünü yaşayır. Çoxları Rusiyanın bu dərəcədə zəif iqtisadiyyata malik olduğunu təsəvvür etmirdi. Bunun da səbəbləri var: Rusiya dünyanın təbii ehtiyatlarla ən zəngin ölkəsidir, beş yüz milyardlıq valyuta ehtiyatı vardı, nəhəng humanitar və intellektual resurslara malikdir. Ancaq Rusiyanın güclü olmaq üçün bütün resursları olsa da, insanı, vətəndaşı güclü olmadı. Dövlətin gücü isə, onun maliyyə və ya təbii resurslarında deyil, vətəndaşının gücündədir. Demokratiya, plüralizm, söz azadlığı, azad rəqabət olmayan ölkədə vətəndaş güclü ola bilməz. Zənnimcə, bu, artıq dünya siyasətinin çıxdaşına çevrilmiş Putin rejiminin heç şübhəsiz ki, acınacaqlı taleyindən Azərbaycan hakimiyyətinin çıxarmalı olduğu əsas dərslərdir. Azərbaycan reallığının daha dramatik olduğu isə şübhəsizdir. Ən azı ona görə ki, öz ölkəsində iş, çörək tapmayan iki milyon soydaşımız məhz Rusiyada işləməklə özünü və ailəsini təmin edir, Rusiyada müəllim 1000-1500 dollar, Azərbaycanda isə 150-200 manat əməkhaqqı alır. Rusiyadan fərqli olaraq büdcəmizin böyük hissəsini Neft Fondundan transfertlər və neftdən gələn vergilər təşkil edir. Neftin qiyməti kəskin şəkildə aşağı düşür, Neft Fondunun vəsaitləri isə tükənmək üzrədir. Bir sözlə, Azərbaycanı üzləşəcəyi iqtisadi fəlakətdən, sadəcə, aylar ayırır. Azərbaycan hakimiyyətinin artıq bu barədə düşünməmək və ciddi qərarlar qəbul etməmək kimi lüksü yoxdur. Bu qərarların ölkəmizin və millətimizin maraqları baxımından ən faydalısı bütün siyasi məhbusların azad edilməsi və yubanmadan Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanması istiqamətində hazırlıqlara başlamaqdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.