Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məmurları balalarına uşaq pulunu sədəqə yığan Qafqazın lider ölkəsi - müdhiş analogiya

11-09-2019, 08:53   
 

Türk şeiriyyətinin sentimental üslubda yazan imzalarından Cahit İrqatın “Anne, girmem oyuncak dükkanına, orda toplar, teyyareler, tanklar var...” misrası hər nə qədər pasifist ruhda, anti-müharibə ovqatında olsa da, həm də bu dünyanın bir uşağın göz yaşına dəyməz olduğunu ifadə edir.
Şairin bəşəriyyətə çağırışı həyatın mənasının, işığının uşaqlar olduğunu hayqırmaqdır. Amma Somalidən Ruandaya, Suriyadan Azərbaycana qədər neçə minlərlə uşaq gözü yaşlıdır, yarıac, yarıtoxdur, gözləri hey axtarışda, qapıdan içəri girən atanın əllərindədir - görəsən, mənə nə gətirib...
Amma uşaqlar bilmirlər ki, dünyanın o tayından bu başına qədər böyüklər onların çörəyinə göz dikiblər, uşaq pulu ilə varlanırlar, kişilənirlər, restoranlar gəzirirlər, bahalı maşınlar bağışlayırlar - hamısı uşaqların pulunadır.
İstərsə yoxsul Burkina-Fasoda, istərsə neftlə zəngin Azərbaycanda uşaqlarını haqqını, pulunu iribuynuzlu məmurlar və onların harınlamış övladları illərdir ki, mənimsəyirlər.
***
İl 1918. Romanovlar sülaləsinin sonuncu varisi olan II Nikolayın “nə tökmüşdü aşına, o da çıxır qaşığına...”
İyulun 16-dan 17-ə keçən gecə Rusiya çarı II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetirilirlər, cəsədlər meşəyə aparılaraq basdırılır. Faciəvi presedentdir, ibrətamizdir, onlardan sonrakı bədxah tiranlar üçün dərs olmalıydı. Çar kimlərin övladlarına nə pislik eləmişdi ki, ailəsi qətlə yetirilir - ağır sualdır.

Axı onlar xalqın uşaqlarının pulunu talan eləmişdilər. İran şahı Rza Pəhləvinin övladları da inqilabdan sonra vətəndə qala bilmirlər.
Lakin bu tarixi şillələr Azərbaycandakı bəzi məmuriyyət üçün qətiyyən “gözü çıxmış qardaş” nümunəsi ola bilmədi. Çünki uşaq pulları onların gözünü tutmuşdu.
Anaxeber.info yazır ki, Bu ölkədə kimsə uşağına həftədə bir kilo ət, yarım kilo şokolad ala bilməyəndə, Baş nazirin müavini olan Əli Həsənovun nəvəsi harınlıqdan “Galenvagen” maşını aşırır, iki adam öldürüb, ikisini yaralayır, sonra azadlığa çıxırdı.
Bu ölkədə köçkün nimdaş paltarda övlad saxlayanda, nəmişlikdə uşaq böyüdəndə, balasını qaloşda, ac-yalavac dərsə yola salanda, yaxud dərsdən sonra ehtiyacdan hansısa kafedə ofisiant, təkər qaraldan işləməyə göndərəndə hansısa məmur qızına 400 minlik toy edirdi, hansısa icra başçısı oğluna villa tikdirirdi, hansısa yol idarəsi müdiri övladı üçün Avropada şirkət açırdı, hansısa deputat uşağı öz əylənməyində idi - nəyin hesabına, şübhəsiz ki, xalqın övladlarına verilməyən uşaq pullarının...
Məhz böyüklər qoymurlar ki, uşaqlarımız gələcəyimiz olsunlar. Onlar üçün millətin yox, özlərinin balalarının nicatı mühümdür.
***
Gərək nə qədər siyasi səbatsızlığın ola ki, Avropada uşaq pulunun verilməsini orada artımın az olması ilə əlaqələndirəsən.
Gərək nə dərəcədə reallıq hissini itirəsən ki, uşaq pulunu da bu xalqa çox görəsən.
Hətta tarixçi, soveti lənətləyən Cəmil Həsənli belə etiraf edib ki, SSRİ-də uşaq pulu verilirdi. Sitat: “Uşaq doğulan gündən 18 yaşına çatana qədər ona 20 manat həcmində uşaq pulu ödənirdi.
Təsəvvür edin, kənd yerlərində ailə üç uşağa görə hər ay 60 manat (minimum əməkhaqqı həcmində), beş uşağa görə 100 manat (120 manat ölkədə yüksək əməkhaqqı hesab edilirdi) uşaq pulu alırdı.
Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində beş və beşdən artıq uşağı olan ailələr Azərbaycanda bütün ailələrin 45 faizini təşkil edirdi və kənd yerlərində ailələrin xeyli hissəsi bu uşaq pulu ilə dolanırdı.
Həmin illərdə Azərbaycanda 1-7 yaş arasında bir milyon uşaq var idi, bu da bütün əhalinin 25 faizini təşkil edirdi.
Son 15 ildə ölkəyə 200 milyarda yaxın neft pulu daxil olub. Amma hakimiyyət, onun məmurları heç bir sosial-iqtisadi əsaslandırması olmayan statistik məlumatı əldə bayraq edərək Azərbaycan ailələrini uşaq puluna həsrət qoyub.
Dünya bir tərəfə qalsın, Azərbaycan postsovet məkanında ailələrə uşaq pulu ödəməyən yeganə ölkədir”.
Dünyaya da bir nəzər salaq: məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan uşaq üçün dövlət neft satışından 150 min dollar müavinət ayırır.
Neft pulları hesabına Küveytdə yeni doğulan hər uşaq üçün bankda 3 min dollarlıq hesab açılır, mənzil tikintisi üçün 220 min dollara qədər faizsiz kredit verilir.
Bundan başqa, Küveyt hökuməti hər bir yeniyetmə üçün aylıq 170 dollar, evdar qadınlar üçün isə 300 dollar müavinət ödəyir. Həmçinin, bu ölkədə təhsil tamamilə pulsuzdur.
 Anaxeber.info yazır ki, Səudiyyə Ərəbistanında yeni doğulan hər uşağa dövlət neft pullarından 10 min dollar vəsait ödəyir və əlavə olaraq 80 min dollar vəsait mənzil almaq üçün ödənilir.
Bu ölkədə ali məktəbi bitirən hər bir məzuna 13 min dollar pul ödənilir.
Səudiyyə Ərəbistanında neft pulları hesabına tibb və təhsil tamamilə pulsuzdur. Bu da ağız büzdüyümüz ərəblərin öz uşaqlarının taleyinə münasibəti, doğmalığı...
Hələ iqtisadi cəhətdən hərtərəfli inkişaf yolu keçmiş Norveçdə hər bir vətəndaşın hesabına neft pullarında 100 min dollar köçürülməsini, yeni dünyaya göz açmış hər uşağın hesabına isə 3 min dollar ödənilməsini qeyd etmirik, bəyənmədiyimiz ərəbləri misal çəkirik.
Ancaq onların ölkəsində varlı balası piyadanı vurub öldürmür, sərxoş halda avtomobil idarə etmir, insanları aşağılamır.
Uşaqların pulunu haram yolla yeyən “böyük”lərin sayəsində bugünkü Azərbaycan uşaqları əziyyət çəkirlər, halal pullarına sahiblənə bilmirlər, valideyləri onların qarşısında gözükölgəlidir.
Xatırladaq ki, uşaqların hüquqlarını müdafiə edən beynəlxalq “Save the Children” xeyriyyə təşkilatının illik hesabatı və qlobal indeksi də bu faktı təsdiqləmişdi.
Əfsus ki, bir erməni, bir gürcü uşağı azərbaycanlı balasından daha xoşbəxtdir, daha firavan yaşayır. 176 ölkədən ibarət bu indeks cədvəlində ölkələr uşaqların vəziyyətinə görə sıralanıb.
İndeksdə Cənubi Qafqaz üzrə ən pis göstərici 89-cu yerdə olan Azərbaycandadır. Gürcüstan 73-cü yeri tutur. Ermənistan 61-ci yerdədir. Lakin üzülməyə dəyməz, C.Qafqazda ən varlı yaşayan indeksə görə azərbaycanlı məmurlar, deputatlar, nazirlərdirlər.
Çünku uşaq pulu verilməyən ölkədə övladlarımızın pulunu xımır-xımır mənimsəyən vəzifəlilər öz harın övladlarının gələcəyini təmin ediblər.
Bu ölkədə yekə-yekə kişilər uşaqlarımızın pulu hesabına varlanıblar, özlərinə alt paltarı alıblar, güzəran qurublar, məclislərdə sağlıqlar söyləyib şirə dönüblər.
Övladları Londonda, Karlovı-Varıda, Maldiv adalarında milyonlar xərcləyəndə uşağını məktəbə göndərmək üçün geyim ala bilməyən, balasına həftədə 1 dəfə ət yedirə bilməyən, ildə bir dəfə istirahətə aparmağa imkanı olmayan minlərlə aztəminatlı ailələr yaşayırlar. Sabir demişkən, millət necə tacar olur-olsun, nə işim var...

Anaxeber.info
Turan

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar