Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hakimiyyət isterikada: daxili mübarizə yoxsa xarici təhlükə? - son həftənin pərdəarxası

13-09-2019, 09:02   
 

Hakimiyyət son bir həftəni isterika içindədir: YAP-ın “ağır artilleriyaları” həyəcanlı açıqlamalar verirlər, deputatlar bizi hansısa vahimə gözlədiyini inandırmağa çalışırlar, biri müxalifətdən iqtidara keçənləri satqın adlandırır, sonra onun fikirləri malalanır, biri xaricdən təhlükəyə işarə verir, bir başqası keçmiş nazirlərin mühacirlərə sponsorluq etdiyini açıqlayır, ən nəhayət siyasi partiyalarla birgə dəyirmi masa təşkil edilir, iqtidar-müxalifət arasında vahid sənəd imzalandığı açıqlanır, kəsəsi, bu dəfə müxalifətdə yox, hakim düşərgədə ciddi bir siyasi gərginlik, böhran, təlatüm, eyforiya müşahidə edilməkdədir.
Anaxeber.info hadisələrin xronoloji ardıcıllığına diqqət çəkərək yazır ki,
 İqtidar içindəki maraqlı qüvvələrin daxili çəkişmələri bura qədər latent (yəni gizli) gedirdisə, ən kritik situasiyada vahid komanda olmağı bacarırdılarsa, son olaylar çılpaqlığı ilə hər şeyi üzə çıxardı.
Bütün oyunçular kartları açdılar, gizli oyunlara son qoyuldu və açıq döyüş səhnəsi quruldu. Bu, tarixi zərurət idi və dünənə qədər merkantil (iqtisadi) maraqlar uğrunda iri ranqlı fiqurların apardığı mübarizə 2015-ci ildə (qlobal maliyyə böhranı) başa çatmışdı, sərvətlərin bölüşdürülməsi dövrü bitmişdi, növbə siyasi böhrana keçid olmalıydı.
İkincisi, xarici təhdidlərə qarşı müxalifətlə həmrəy olmaq üçün düşmənçiliyi kənaraq qoyaraq, narazı elektoratın qəbul etdiyi müxalif partiyaların liderləri ilə dəyirmi masa ətrafında toplaşmaq lazımıydı.
Yalnız bu halda vəziyyətin ciddiliyinə cəmiyyəti inandırmaq olardı, ictimaiyyətə və beynəlxalq aləmə mesajlar çatdırmaq mümkün idi.
Amma özünü konstruktiv müxalifət adlandıran, əslində, cəmiyyətdə “cib müxalifəti” kimi qəbul edilən siyasi partiyaları bir araya gətirməkə hansısa nəticələr əldə etmək nonsensdir.
Əvvəla, narazı elektorata, intellektual zümrəyə Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Pənah Hüseyn və başqalarının sözləri ilə təsir etmək, ictimai rəyi dəyişdirmək köhnəlmiş texnologiyadır. Nəsillər dəyişib, sosial media dominantdır, mühacirlərin yutub üzərindən fəaliyyəti ölkənin ənənəvi mediasını üstələyib.
Eyni zamanda seçki vasitəsi ilə ölkənin daxili işlərinə müdaxilə, xarici təhdidlər deməklə problemin ünvanı, hədəfin konkretliliyi göstərilməliydi.
Hakim partiya və ora toplaşanlar cəmiyyətə izah edə bilmədilər ki, söhbət hansı təhlükədən, kimlərin Azərbaycanla bağlı məxfi planlarından gedir.
Əgər “söyüş müxalifəti” adlandırılan Avropadakı fəalları nəzərdə tuturlarsa, bu, o qədər inandırıcı görünmədi və onların çıxışları ölkədə siyasi dəyişikliklərə səbəb ola bilməz.
Deməli, xarici təhdidlər deyərkən hakimiyyət daha böyük gücləri, təşkilatları nəzərdə tutur. Sadəcə, adını çəkməyə tələsmir.

  Bir həqiqət var ki, iqtidarın bəlli qrupu isterika içindədir, ölkə üzərinə bir azman daş kimi nəhəng təhlükə gəldiyi təəssuratı yaradırlar və “işarəni dənizdən gözləyin” deməyə, narahatlığın gerçək istiqamətini göstərməyə qorxurlar.
Nəhayət, siyasi böhrandan çıxışın, sistemdəki problemlərin yeganə həll yolu var - real islahatlara getmək!
Hakimiyyət xaricdən təhlükələr görürsə, daxili çəkişmələr qabarıqdırsa, xalqın ictimai dəstəyindən məhrum olmaq istəmirsə, təkcə yanvarda həyata keçirilən dəyişikliklərlə narazılıq səngimir, bundan da genişmiqyaslı reformaları reallaşdırmaq qaçılmazdır.
Q.Həsənquliyev də iqtidara səslənmişdi ki, islahatlar gecikir, hökumət ictimai dəstəyi itirə və təxribatlara rəvac verə bilər.
Belə vəziyyətdə əhalini yanına almaq, onun səsini qazanmaq istəyən bir hökumət gözə kül üfürməməli, açıq islahatlar aparmalıdır.
Əgər hökumətin radikal və köklü islahatlar aparmaq iradəsi varsa, ilk növbədə korrupsiya və monopoliya tamamilə ləğv edilməlidir.
İş yerlərinin açılması, maaş artımı, sahibkarlara müdaxilələrə son, gömrükdən keçən mallara görə qeyri-rəsmi rüsumların alınmasından imtina, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təminatı, mənimsəməyə son, oliqarxlaşan nazir-məmur kontingentini neytrallaşdırmaq, kapital yığımını dayandıraraq onların əmlaklarını dövlətin balansına keçirmək ən vacib şərtlərdir.
Eyni zamanda mediaya azadlıq, QHT-lərin və siyasi partiyaların fəaliyyətinə şərait yaratmaq, müxalifətin parlamentdə təmsilçiliyinə imkan vermək, efirdə siyasi tənqid açılımı etmək, cəmiyyətin qəzəbini soyutmaq lazımdır.
Lakin bu dəyişikliklər hakimiyyətin özünün varlığına ciddi təhdid ola bilər və deyilənlərin yaxın vaxtlarda reallaşması üfüqdə görünür.
O baxımdan kəmərsıxma siyasəti, həm siyasi, həm iqtisadi qaykaların bərkidilməsi, məhkəmələrin müstəqil olmaması ucbatından böhran getdikcə dərinləşəcək.
Üstəlik, biz geosiyasi vəziyyəti dəyərləndirməliyik, regiondakı hadisələrə nəzər yetirməliyik, sanksiyalar altında olan iki nəhəng qonşumuz İran və Rusiyanın durumunu incələməliyik.
Ona görə də xaricdən təhdid adlanan fəaliyyətlər davam edəcək, iqtidar açılıma getməkdən ehtiyat etməyə başlayacaq, nəticə etibarı ilə siyasi krizis şar kimi şişməkdə olacaq - gerçək islahatlar aparılmasa.
Bu halda qısqapanma olmayacağına kim zəmanət verə bilər? Absurd totallaşır, sistem özünüməhv düyməsini işə salır.
Ən xəstə cəmiyyətlər də dəli vəziyyətində çox tab gətirə bilmirlər. Azərbaycanda baş verənlərin xülasəsini hazırlayıb normal düşüncəli mühitə verin, oxuyub deyəcəklər: bu, ya ola bilməz, ya da bir azdan olmayacaq...
 
Anaxeber.info
 Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar