Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyevin dediyi o söz - şimala doğru savaş gedir: İki böyük qonşumuz müharibənin və terrorun içində...

3-04-2024, 09:53   









Qazaxıstanın Aktau şəhərində, yəni Xəzər dənizi sahilində İŞİD üzvləri həbs olunub. İlk baxışdan bu xəbər Azərbaycan cəmiyyətinə heç nə ifadə etmir. Lakin gəlin bir az da irəli gedək: eyni vaxtda Şimali Qafqazda - Mahaçqalada İŞİD terrorçuları yaxalanır. Ardınca İranın Qum şəhərində ziyarətgaha daxil olub terror planlayan İŞİD üzvləri həbs edilir. Və bütün bu proseslər Xəzər dənizi ölkələrində, bütün bu antiterror əməliyyatları Azərbaycanla qonşuluqda olan dövlətlərdə baş verir. Belə demək mümkünsə, şimal və cənub sərhədlərimizdə terrorçular oylaq yaradıblar, hətta su sərhədimiz olan Qazaxıstanda belə... Sizcə, Azərbaycan quru sərhədləri indi açarmı? Şimal və cənubda iki nəhəng, güclü qonşularımız var, onlar terrorla baş edə bilmirlər, biz niyə canımıza bəla salmalıyıq? Çünki İŞİD Suriya və İraqda itirdiyi mövqeyi bərpa etmək, intiqam almaq üçün bizim regiona nüfuz edir - Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya, İran-Əfqanıstan sərhədi boyunca yayılmağa çalışır. Bu sözsüz ki, təlimatdır. Amma həm də Yaxın Şərqdə məğlub olan İŞİD-in ideoloji savaşı buraxıb, muzdlu terror təşkilatı libasında ortaya çıxması, özünü "yaxşı terrorçu" kimi reklam etməsi deməkdir. Artıq "İraq və Şam İslam Dövləti" qurmağın blef, utopiya olduğunu qəbul edən terror təşkilatı maddi maraq qarşılığında götürdüyü sifarişi yerinə yetirir, pulunu ver, hara istəsən öz "cihadçı"larını yollasın. Bax, belə bir təhdidin ətrafımızı, sərhədlərimizi, qonşularımızı əhatə etməsi dönəmində Azərbaycan ayıq-sayıq davranmalıdır. Bu məsələdə prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə quru sərhədlərin niyə qapalı saxlanması haqda dedikləri də yada düşür. Əliyev açıq şəkildə bəyan etmişdi ki, şimal sərhədlərimizə doğru müharibə gedir. O zaman bu açıqlama Ukrayna müharibəsi ilə əlaqələndirilmişdi, lakin indi məlum olur ki, tamamilə başqa ssenari, proqnoz və informasiya dövlət rəhbərliyində olubmuş. Söhbət şimala doğru müharibənin getməsi idi, yəni Ukraynada olan müharibə Rusiyaya yaxınlaşır... Belə də oldu. Moskva terroru, rus şəhərlərinin az qala hər gün dron hücumu ilə səhəri açması, Stavropol, Mahaçqala, Voronejdə terror cəhdləri, Belqorod, Kursk və onlarla şəhərlərə PUA zərbələri, neft emalı zavodlarında yanğınlar... - bütün bu hadisələr müharibənin Rusiya ərazisinə transformasiya edilməsidir. Artıq iki cəbhə mövcuddur. Əliyev də bu gedişatı əvvəlcədən bildiyi üçün şimala doğru müharibə getdiyini deyərək quru sərhədlərin niyə bağlı qaldığına eyham vurmuşdu. İndisə vəziyyət son dərəcə kövrək və həssasdır, Azərbaycanın iki böyük qonşusu müharibənin, terrorun içindədir - bir tərəfdən İranı içəridə İŞİD təhdid edir, bir yandan İsrail onun Suriyada, İraqda hərbi bazalarını bombalayır. Son olaraq da Dəməşqdə konsulluğu yerlə-yeksan olundu. Həmçinin, Rusiya.  Ukraynada savaşır, daxildə terror, PUA hücumları ilə üz-üzə qalıb. Belə təhlükənin artdığı zamanda Azərbaycan ehtiyatlı hərəkət edir. Ən pessimist tendensiya isə ondan ibarətdir ki, hadisələr soyumur, Rusiya və İran getdikcə içəridə daha böyük alovla qarşılaşmalı olacaqlar...


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar