Rusiya Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Oleq Savçenko Antarktidada yoxa çıxıb.
Virtualaz.org saytı “lifenews” kanalına istinadən xəbər verir ki, Savçenko və Sidyakin Yeni il tətili üçün Antarktidaya gediblər və orada bir neçə zirvəni fəth etməyi planlaşdırmışdılar. Lakin onlarla əlaqə kəsilib.
Məlumata görə, Dövlət Dumasının üzvləri Antarktidanın ən yüksək zirvəsi olan Vinson zirvəsinə qalxmağı və orada Rusiya bayrağını qaldırmağı planlaşdırırdılar. Bu çətin zirvəni fəth etmək üçün deputatlar Cənubi Amerikaya yollanıblar və orada And dağlarının bəzi zirvələrinə qalxaraq məşq ediblər.
Lakin And dağlarında və Antarktidada hava şəraiti arasında kəskin fərqlər var. Bu təhlükəli səyahət zamanı deputatlar həmişə öz əməkdaşları və yaxınları ilə əlaqə saxlayıblar.
Aleksandr Sidyakin hətta Twitterdə mesaj yayıb.
“Antarktidada hava şəraiit kəskin pisləşə bilər. Qar yığınları buzlaqlardakı çatları daha da təhlükəli edir. 4897 metr yüksəkliyi hücumla dəf edəcəyik. Hücuma keçirik” - deyə o, son mesajında yazıb.
Lakin daha sonra deputatlarla əlaqə kəsilib. Dövlət Dumasının üzvlərinin itməsi haqda Sidyakinin köməkçisi məlumat verib. O bildirib ki, deputatlar sonuncu dəfə bir sutka əvvəl peyk telefonu ilə rabitə əlaqəsinə çıxıblar. Bundan sonra əlaqə kəsilib.
Deputatın köməkçisi Pavel Şklyançuk bildirib ki, dünən yanvarın 13-də Sidyakin və Savçenko əlaqəyə çıxmalı idi. Lakin bu, baş verməyib.
“Hazırda orada qasırğa və 45 dərəcə çaxta var, rabitə əlaqəsi kəsilib, iqlim şəraiti ağlasığmazdır”- o bildirib.
Yoxa çıxan deputatlar təcrübəli alpinistlər hesab olunurlar və Antarktidaya yollanmazdan əvvəl bir neçə ay təlim keçiblər.
Savçenko və Sidyakin hakim Vahid Rusiya Partiyasının üzvləridir. Onlar müvafiq olaraq Volqoqrad vilayətini və Tatarıstanı təmsil edirlər.
//musavat.com/