Yasamal İcra Hakimiyyətinin başçısının söküləcək məhəllələrdə böyük korrupsiya oyunu
Bir tərəfdən sakinlərdən rüşvət alaraq yaşayış sahələrini artırmaq imkanında olan icra hakimiyyəti həmçinin eyni yolla yaşayış sahələrini artıq göstərib dövlətin külli miqdarda vəsaitini mənimsəmək imkanı əldə ediblər.
Evləri sökülən "Sovetski" sakinlərinin alacaqları kompensasiya ilə Bakıda ev ala bilməyəcəkləri və sonunda Bakı küçələrində qalacaqları artıq heç kimdə şübhə doğurmur. Bunun səbəbi isə "Sovetski"dəki evləri kvadratmetrinin çox az olması ilə bağlıdır. "Sovetski"nin sökülməsi ilə bağlı Bakıda ev bazarında qiymətlərin 20-25 faiz artması isə "Sovetski" sakinlərini daha da çətin vəziyyətə salıb. "Sovetski" sakinlərinin haqqlı etirazlarını isə nə Bakı İcra Hakimiyyəti, nə də Yasamal İcra Hakimiyyəti qəbul etmədi.
Artıq hər kəsə bəllidir ki, "Sovetski" sakinləri alıdıqları kompensasiya ilə Bakıda ev ala bilməyəcəklər. Ən yaxşı halda sakinlər Bakıdan kənarda, Abşeron kəndlərində torpaq alıb ev tikə bilərlər.
Bu azmış kimi Yasamal rayonunun İcra Hakimiyyətinin işbazları fəaliyyət keçiblər və "Sovetski" sakinləri üzərindən "əməliyyat" aparmağa başayıblar. Belə ki, PİA.AZ-a "Sovetski" sakinlərindən daxil olan məlumata əsasən Yasamal Rayon İcra Hakimiyyətinin Sökülmələr üzrə komissiyasına müraciət etdikdə onlar deyirlər ki, əvvəlcə gedin JEK-də ərizə yazın, sonra işinizə baxılsın. Məsələ orasındadır ki, JEK-də öncə sakinlərə hazır ərizəyə qol çəkdirirlər ki, onlar verilən kompensasiya ilə razıdırlar. Amma həmin sənəddə nə mənzilin kvadratmetri, nə də veriləcək kompensasiyanının miqdarı haqqında heç bir məlumat verilmir. Belə ki, Yasamal rayon İcra Hakimiyyəti "Sovetski"dəki mənzillərin kvadratmetrinin ölçülməsi JEK-lərə verilib.
Daxil olan məlumatda bildirilir ki, kvadratmetrlərin ölçülməsinin JEK-lərə verilməsi korrupsiya üçün hərtərəfli imkanlar yaradır. Belə ki, məlumataə əsasən JEK işçiləri sakinlərlə fərdi qaydada "işləməyə" başlayıblar. Yəni əvvəlcədən sakinlərə alacaqları kompensasiya ilə bağlı razılaşma barədə sənəd imzalatdıran JEK işçilərinin əl-qolu tamamilə açılır. Bu həmdə Yasamal rayon İcra Hakimiyyətində oturan işbazlar üçündə geniş korrupsiya imkanları yaradır.
Daxil olan məlumata əsasən JEK işçiləri istədikləri adama istədikləri kvadratmetri vermək imkanı əldə ediblər. Alıdıqları rüşvət hesabına JEK işçiləri istədikləri sakinin yaşayış sahəsini artıra və yaxud da azalda bilərlər.
Şikayətçi sakinlər bildirirlər ki, onlara məcburi şəkildə veriləcək kompensasiya ilə razışdıqları ilə bağlı sənədlər imzalatdırırlar. Bu sənədlər hər kəsə paylanılır və onu imzalamaq üçün hər kəslə fərdi qaydada söhbət aparılır. İnsanlar dilə tutulur və hətta təhdid də olunurlar ki, təklif olunan qiymətlərlə razılaşmasanız, hər şeydən məhrum oluna bilərlər. Yəni faktiki olaraq bu sənədlərə imza atmayanları yaşayış sahələrinin azaldılması ilə təhdid edirlər.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin baş verənlər barədə xəbəri var və böyük korrupsiya oyunu da onun nəzarəti altında həyata keçirilir. Belə ki, daxil olan məlumata əsasən bir tərəfdən sakinlərdən rüşvət alaraq yaşayış sahələrini artırmaq imkanında olan icra hakimiyyəti, həmçinin eyni yolla yaşayış sahələrini artıq göstərib dövlətin külli miqdarda vəsaitini mənimsəmək imkanı əldə ediblər. Buna görə də vətəndaşlara ərizəni bəri başdan imzalatdıraraq özləri üçün "hüquqi baza" yaraldırlar.
Qarşə tərəfin mövqeyini dərc etməyə hazırıq…