Son bir ildə ər evindən və toydan yad adama qoşulub qaçmaq tendensiyaya çevrilib; kimi qonşusu, kimi qohumu, kimi də facebook tanışına “ilişib”; 5 uşaqlı qadının intiharının təfərrüatı...
Azərbaycanda son bir ildə qadınların ər evindən başqasına qoşularaq qaçması tendensiya halını alıb. Evli və uşaqlı gəlinlərin yad kişi ilə getməsi artıq statistikaya çevrilib. “Yeni Müsavat” 2014-cü ildə dalbadal baş verən oxşar hadisələrin xronologiyasını hazırlayıb.
Sonuncu belə hadisə Qusarın Hiloba kəndində olub. İtkin düşən 21 yaşlı Güləsər Malik qızı Səlimovanın əri polisə müraciət edib. Həyat yoldaşı G.Səlimovanın tanışı ilə qaçmasından şübhələnir. Hadisə yanvarın 1-dən 2-nə keçən gecə baş verib.
Belə ki, həmin gün gəlin öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb. Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb.
Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə “səni Çoban qəsəbəsinin kruqunda gözləyirəm” yazılıb.
Daha əvvəl isə rüsvayçı hadisə Siyəzənin Gilgilçay kəndində baş verib. Beş uşaq anası olan qadın internetdə tanış olduğu bildirilən şəxslə qaçıb. Uşaqlarını yaşadığı kənddə qoyaraq evi tərk edən qadının hazırda harada olduğu bilinmir.
Polis 33 yaşlı gəlinin olduğu yeri müəyyənləşdirib və qardaşları onu atası evinə gətiriblər. Ancaq ailəsi bu rüsvayçı olayla bağlı heç bir açıqlama verməyib. 33 yaşlı qadın atası evində intihar edib. Onun meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz rayon morquna aparılıb.
Oxşar hadisə Şabranda da baş vermişdi. Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşusunun həyat yoldaşı, 21 yaşlı Siyəzən sakini Gülər Məmmədovanı qaçırmışdı. Gülərin də, İlhamın da iki övladı var.
“İlham Günay adlı qızla evli olub və ondan iki uşağı var. Ancaq boşanmışdılar. Çünki oğlan narkomanlıq edirdi. Hətta məhkumluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra qayınatası ailənin dağılmasının qarşısını almaq üçün onları barışdırdı, İlhamı Coratda narkomanların mühitindən uzaqlaşdırdı, gətirib Uzunboyadda torpaq aldı, ev tikib, saxlamağa mal-qara verdi. Təki narkomanlıqdan uzaqlaşsın.
Kənddə yaşadığı müddətdə də İlhamın indi qaçırdığı Gülərlə münasibəti yaranıb, görüşməyə başlayıblar,”-deyə hadisə nəql edilib.
Bu münasibətin yaranmasından kənddə çox adam xəbər tutub: “Hətta bir dəfə Gülərin əri Rəşad Məmmədov onu İlhamla bir yerdə görüb. Onların arasında mübahisə düşüb və İlham Rəşaddan arvadını yığışdırmağı tələb edib.
Rəşad da Gülərin atasına xəbər edib ki, qızını yığışdır. Lakin bu da Gülərin İlham Atayevlə gizlin görüşlərinə təsir etməyib. Əslində Rəşad o qızı sevməyib, məcburi alıblar. Rəşadın kasıb, sakit ailəsi var. Gülər isə kənddə yalançı kimi tanınıb".
Mənbə danışıb ki, gəlinin hərəkətlərinin ən pik nöqtəsi qaynanasının intiharı olub: “Deyilənə görə, bir müddət əvvəl Rəşadın anası Gülərin hərəkətlərinə dözməyərək özünü yandırıb. Ondan sonra rayon xəstəxanasında müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb”.
Məlumatda bildirilir ki, bütün bu hadisələrin sonunda İlham və Gülər qaçış planı hazırlayıblar: “İlhamın həyətində olan mal-qarasını da satıb gediblər. Gülər də uşaqlarını atası evində qoyub. Kənd camaatı isə onlara qəzəblidir. Çünki hər ikisi yerli adam deyil və kəndin adını batırıblar”.
Şabranda baş verən bu rəzalət qonşu bölgədə yaşayan Tamilla Baxışova üçün də “örnək” olub. Altı ildir ailə quran və iki övladı olan T.Baxışova Qubada başqasına qoşularaq qaçıb. “Xəzərxəbər” hadisənin detallarını araşdırıb və məlum olub ki, xalası oğluna ərə gedən Tamilla övladlarını da ataraq başqası ilə gedib.
Ailəsi gəlinin internetdə tanış olduğu oğlanla qaçdığını açıqlayıb. 26 yaşlı gəlin ailə qurduqdan sonra Rusiyada yaşayıb. Bir müddət əvvəl isə gəlin qız uşağını da götürüb anası ilə birlikdə Qubanın Davudoba kəndinə qaynatasıgilə qonaq gəlib.
Gecə hamı yatandan sonra planını işə salıb. Səhər onun evdə olmadığını görənlər narahat olub. Gəlin qaçdıqdan sonra valideynlərinə telefonla zəng vurub və geri qayıtmayacağını, ondan nigaran qalmamağı söyləyib. Anası deyib ki, qızının evə qonaq gəldiyini zənn edib:
“Elə bildim ki, qonaq gəlib, hardan biləydim qaçmaq planı olub. Zəng etdi mənə və dedi qayıtmayacam, yerini demədi”. Əri isə bunları açıqlayıb: “Mənə dedi ki, sənə sevgim ölüb. Dedim ki, bunu vaxtında niyə demirdin? İndi mənim papağımı saldı aşağı, familiyamı batırdı”.
Göyçayda da yeni ailə quran 19 yaşlı gəlin evdən qaçıb. Atası Məzahir İsmayılovun sözlərinə görə, qızı, 1995-ci il təvəllüdlü Zemfira İsmayılova evdən çıxarkən şəxsiyyət vəsiqəsini də götürübmüş. Qızını uzaq qohumları, 1985-ci il təvəllüdlü Elçin Abbasova veriblər.
Ərə gedəndən sonra qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan Zemfiranın qayınanası ilə problemləri yaranıb. İyun ayının 9-da isə Elçin qayınatasına zəng vuraraq arvadının evdən qaçdığını deyib.
Kürəkənin iddiasına görə, arvadı facebook sosial şəbəkəsində başqa biri ilə danışırmış. Sonradan qadının mobil telefon vasitəsilə elə həmin şəxslə də mesajlaşdığını biliblər. O deyib ki, arvadının facebookda olması heç ağlına da gəlməyib. Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.
Analoji hadisə Ağcabədi rayonu, X. Səfərəliyev küçəsində olub. İiki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızı 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçıb.
Məsələnin ən biabırçı tərəfi burasındadır ki, gəlinin qoşulub qaçdığı şəxs onun qanuni əri 27 yaşlı Səfiyev Sadiq Həbib oğlunun xalasının həyat yoldaşıdır. Qadın biri 3 yaşında, biri isə 1 yaşında olan övladlarını qoyub ər evindən qaçıb. Əslində internet resurslarında kifayət qədər belə hadisələrə dair xəbərlər var. Yəni siyahını uzatmaq da olar. Reallıq və mahiyyət isə dəyişmir.
Psixoloqların fikrincə, gənc qızların toy günü və ya toya bir-iki gün qalmış evdən qaçması ailədən qisas almağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Psixoloqlar ailə institutlarının dağıldığını, dəyərlərin mənəvi aşınmaya məruz qaldığını düşünür.
Hazırladı: Emil SALAMOĞLU
/musavat.com/