AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin biznesi rəsmən çökdü.
Axar.az-a verilən məlumatda AMAY Ticarət Mərkəzi rəhbərinin Azərbaycandakı dayaqlarını və mülklərini itirdiyi qeyd olunur.
Hazırda həbsdə olan AMAY Abdulladan ticarət mərkəzi alınıb və bu, ona 43 milyon manat vəsaiti ödəmək imkanı verib.
Hələ ötən ilin aprel ayında Qaradağdakı zavodla bağlı qiymətlə anlaşmazlıq barəsində araşdırmalar başlamışdı. Bu araşdırmaların yekununda onun 48 milyon borcu ortaya çıxdı.
AMAY Ticarət Mərkəzini və mülklərini itirən iş adamının hazırda cəmi 5 milyon borcu qalıb. Məlumatda bildirilir ki, Abdulla Abduillayev uzun müddət Çindəki ticarəti ilə məşğul olduğundan, burdakı biznesi yaxınları idarə edib və onun borclanmasına da onlar səbəb olub. Hazırda isə həmin adamlar hamısı AMAY Abdullanın ətrafından dağılıblar və sahibkar ödəməni mülkləri hesabına həyata keçirmək məcburiyyətində qalıb.
A.Abdullayevin cinayət işi üzrə artıq dəymiş ziyanın 43 milyonunun ödənilməsi haqda rəsmi açıqlama verilib. Məbləğin digər hissəsi ilə bağlı əmlakın müsadirə edilməsi də rəsmi açıqlamada əksini tapıb. Bu müsadirə isə onun obyektləri ilə bərabər, şəxsi mülklərinin də əlindən çıxması ilə nəticələnə bilər.
Qeyd edək ki, istintaq materialları isə Bakı Ağır Cinayətləri Məhkəməsinə göndərilib.