Paytaxtda fəaliyyət göstərən “Təbrik” restoranı toy sahibini aldadıb.
Bu barədə Axar.az-a məlumat verən vətəndaş Ramiz Bayramov yaxın günlərdə oğlu üçün “Təbrik” restoranında toy etdiyini, lakin sözügedən restoranın onu aldatdığını iddia edir:
“Danışıq zamanı gəlin maşınını restoran öz üzərinə götürdü. Lakin sözlərinə əməl etmədilər. Məcbur olub 150 manata başqa bir maşın gətirdim. Bundan başqa, restoran toy çəkilişindən də imtina edib. Sadə çəkilişlə dədə-babadan qalma köhnə kaset verdilər. Halbuki, hər yerdə olduğu kimi disk söz vermişdilər”.
Restoranın administratoru Həmid adlı şəxsin onları aldatdığını deyən toy sahibi haqqının geri qaytarılmasını tələb edir.
Hadisə ilə bağlı restoran rəhbərliyi ilə əlaqə saxladıq. Özünü restoranın sahibi kimi təqdim edən Hacı adlı şəxs deyilənlərin böhtan olduğunu, heç bir müştəriyə qarşı haqsızlıq edilmədiyini bildirib:
“Onu kim deyirsə, bizə böhtan atır. Bu restoranda belə şey ola bilməz. Biz indiyə kimi heç kimin haqqını yeməmişik. Doğrudur ki, biz toy məclislərinin video-görüntüsünü kaset şəklində verirdik. Amma bundan sonra disk formasında verəcəyik”.