ABŞ Qarabağa dair yeni həll planı hazırlayır

5-05-2014, 20:27   
ABŞ Qarabağa dair yeni həll planı hazırlayır
Amerikalı analitikə görə, sülh səyləri indiyədək ona görə uğur gətirməyib ki, Ağ Ev mübahisəli məsələdə Kremlin destruktiv roluna yetərli diqqət ayırmayıb

“Foreign Affairs” nəşri: “Amerika iki icma arasında əlaqələrin qurulmasına milyonlarla dollar xərcləyib, lakin heç vaxt Moskva ilə nə etməklə bağlı strategiya formalaşdırmayıb...”

Dağlıq Qarabağ probleminin həll perspektivinə Qərb siyasi və ekspert dairələrində ənənəvi yanaşma tərzi tədricən və ciddi düzəlişlərə məruz qalmaqdadır. Bunu son zamanlar tanınmış amerikalı və avropalı siyasilərin, diplomat və konfliktoloqların rəylərindən açıqca görmək mümkündür.

Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının prezidenti və ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da bəyan elədilər ki, Ukrayna olayları demokratik Qərb üçün Qarabağ məsələsinin həllini sürətləndirmək imperativi yaradıb. Yəni tələsmək zamanı yetişib.



ABŞ Siyasi Elmlər Assosiasiyasının üzvü, Amerika və İsrail alimi Brenda Şafferin bu xüsusda qeydləri də diqqət çəkir. Birləşmiş Ştatlarda nəşr olunan nüfuzlu “Foreign Affairs” jurnalındakı son məqaləsində Şaffer Güney Qafqazın ən qanlı, üzücü və açar konflikti ilə bağlı bir sıra məqamlara toxunaraq yazır: “Mayın əvvəllərində Obama administrasiyası Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edəcək. Bu, analoji qəbildən ilk belə səy deyil. Yəqin ki, axırıncı da olmayacaq. Ancaq Krımın Rusiya tərəfindən ilhaqından sonra Birləşmiş Ştatlar heç vaxt olmadığı qədər köhnə mübahisəni – Moskvanın regionda öz təsirini saxlamaq üçün üfürüb şişirdiyi konflikti çözməyə çalışacaq”.

Digər praqmatik təhlilçilər kimi, Brenda Şaffer də Dağlıq Qarabağın qeyri-müəyyən statusunun Rusiyanın Cənubi Qafqazı öz orbitində saxlamaq üçün bir vasitə olduğu qənaətindədir: “Çünki həlli tapılmayan konflikt yüz faizli zəmanət verir ki, Ermənistan Rusiya qoşunlarının bölgədən getməsini istəməsin, bunu ağlına belə gətirməsin. Və nə qədər ki, rus qoşunları Ermənistandadır, Kreml İrəvana təzyiq edə biləcək ki, sonuncu Qərbdən kifayət qədər uzaq dursun”.



Konfliktoloqa görə, Dağlıq Qarabağa dair sülh səyləri indiyədək o səbəbə uğur gətirməyib ki, ABŞ mübahisəli məsələdə Azərbaycanla Ermənistana əsas tərəflər kimi baxıb və Kremlin konflikti uzatmasında roluna diqqət yönəltməyib: “Amerikanın dövlət katibləri və xüsusi elçilər Azərbaycan və Ermənistan prezidentlərini zaman-zaman tənqid ediblər ki, “onlar öz xalqlarını sülhə hazırlamırlar” – Minsk Qrupu həmsədrləri də ötən il onlara bu iradı tutublar – həmçinin, Ağ Ev prezidentləri razılığa gəlməməkdə qınayıb. Amerika iki icma arasında əlaqələrin qurulmasına milyonlarla dollar xərcləyib, di gəl, heç vaxt Moskva ilə nə etməklə bağlı strategiya formalaşdırmayıb, çünki Krıma qədər Vaşinqton heç zaman Rusiyanın etnik münaqişələrdən bölgədə təsir rıçaqı kimi nə dərəcədə yararlandığının fərqinə varmayıb, bu amili etiraf eləməyib”.


Brenda Şaffer

B.Şaffer məqaləsində daha sonra yazır: “Ancaq indi, nə vaxt ki, Rusiya başqa səbəblərdən Qərbin qəzəbinə tuş gəlib, bu amili boşuna buraxmaq olmaz. İş ondadır ki, Moskva hərbi gücdən istifadəyə (Ukraynada, Gürcüstandakı kimi), həmçinin, seçki prosesləri və vətəndaş cəmiyyətlərindən istifadə edib (Kreml Azərbaycanda, Gürcüstanda və Latviyada bu yaxınlarda keçirilən seçkilərdə Rusiya vətəndaşlarını müdafiə edib) istəyinə nail olmağa hazır olduğunu sübut edib. Odur ki, Qərb Moskvaya qarşı ciddi dirəniş göstərməlidir”.

Bəs yeni səylər və qarşıdakı danışıqlar uğurlu olacaqmı? Analitikin suala cavabı belədir: “Bəzi amillər əlverişlidir. Digərləri isə az əlverişli ola bilər. Putin Krımda əldə elədiyi uğurdan ruhlanıb və çətin ki, güzəştə getmək ovqatı sərgiləsin. Hərçənd, Obama administrasiyasında bəziləri bununla razı deyil və hesab edirlər ki, Kreml başçısı Rusiya-Qərb münasibətlərini qaydaya salmaq istəyir və Güney Qafqazda güzəşt bunu reallaşdırmağın sadə yolu olardı. Fəqət, belə yanaşma arzu olunanı gerçək kimi təqdim etməyə daha çox oxşayır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.