Türmədə övladı olan qatil qadın haqda təfsilat - Video

18-01-2015, 14:31   
Türmədə övladı olan qatil qadın haqda təfsilat - Video
Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürən və bu günlərdə həbsdə övladı olan qadınla bağlı yeni detallar ortaya çıxıb.

Axar.az-a verilən məlumata görə, Ruslan Aslanovu qətlə yetirən Lamiyə Quliyevanın həbs müddəti başa çatsa da, azadlığa buraxılmayıb. Buna səbəb bir neçə il əvvəl 4 saylı cəzaçəkmə müəssisəsində nəzarətçi işləyən çavuş, 26 yaşlı Aysel Ağayeva ilə mübahisə etməsi olub.

Bu münaqişəyə görə L.Quliyeva barəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb və məhkumun cəza müddəti artırılıb. Onun atası Sahib Quliyev də bir neçə şəxsin qətlində mühakimə olunmuş ömürlük həbs cəzası alan residivistdir.

Qeyd edək ki, hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın bu yaxınlarda oğlunun olduğu bildirilir. Aslanovun oğlunu nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə uşaq dünyaya gətirməsi və bunun qanuni olub olmaması, yaxud türmədə zorakılığa məruz qalması müəmma olaraq qalır. Məlumatda bildirilir ki, nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da Axar.az-a açıqlamasında belə bir məlumatın araşdırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, V.Əliyev və onun nişanlısı L.Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. A.Aslanov Kənd Təsərrüfatı nazirinin müavini işləyib, keçmiş nazir Səfər Əbiyevin isə kirvəsidir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.