ARDNŞ-nin ( SOCAR ) prezidenti Rövnəq Abdullayev və qohum-əqrəbadan ibarət yaxın ətrafı mətbuatın gündəmindən düşmür. Demək olar ki, Abdullayev və çevrəsi hər gün mətbuatın hədəfinə çevrilir. Düzdür, sonra bəzi mətbuat orqanları bu çevrə ilə dil tapır, hətta onlardan palaz-palaz müsahibələr də götürürlər.
Biz isə Abdullayev və ətrafı barədə obyektiv tənqidlərimizi davam etdiririk. O, vaxta qədər ki, onlar öz əməllərindən əl çəkəcəklər. Amma hələki onların belə fikri hiss olunmur.
Ona görə də biz də öz araşdırmalarımızı davam etdiririk.
Bugünkü tənqidimizin hədəfi SOCAR prezidentinin cangüdəni Eldar Əli oğlu İsmayılovdur.
Qısa haşiyə çıxararaq qeyd edək ki, biz vaxtilə Rövnəq Abdullayevin başqa bir cangüdəni barədə yazdıq və yazımız düşərli oldu. Beləki, həmin cangüdəni rayonlardan birinin Qaz idarəsinə rəis təyin etdilər. Biz də ona işlərində uğur arzuladıq. İndi isə cangüdən Eldar İsmayılovla bağlı mövzuya qayıdaq.
Məlumat üçün bildirək ki, təxminən bir il əvvəl SOCAR ev növbəsində olan işçilərinə Xətai rayonunda mənzil verdi. Uzun illər növbədə ev gözləyən neftçilərin bəzilərinə keçən il Xətai rayonu, Ayaz İsmayılov küçəsi ,35C ünvanında SOCAR tərəfindən inşa edilən binadan ev almaq qismət oldu.
Sual oluna bilər ki, niyə bəzilərinə..?
Yeri gəlmişkən, neftçilərdən söhbət düşərkən hamının gözünün qabağına məşhur "Bəxtiyar” filmindəki obrazlar gəlir. Amma söhbət Bəxtiyar kimi əsl neftçilərdən gedir, Eldar İsmayılov kimi saxta neftçilərdən yox. Heç söhbət ömründə bircə dəfə neft quyusuna düşməyən, ancaq neftdən gələn milyonlara sahib olan Anar Əlizadədən də getmir. Həmin film sovet neftçilərinə, onların əməyinə həsr olunmuşdu. Bu gün isə daha çox "cangüdənlər erasıdır”. İndi qayıdaq "bəziləri” söhbətinə. Bəli, hər neftçiyə həmin binada mənzil almaq qismət olmadı. Çünki, onda cangüdən Eldar İsmaylov həmin binada 3 mülkə sahib ola bilməzdi.
Bəli, Eldar İsmayılov "baş nöyütçü”nün canını qorumaqla, tikilən binada "mülkədar” oldu. Görəsən yaşı 30 olmayan cangüdən neçə ildir neft sənayesində can qoyur?
Ona görə də xeyli neftçi ev gözləmək həsrətində qaldı. Əvəzində Eldar İsmayılov həmin binada daha 2 avtomobil qarajına sahib oldu.
Bəli, Ayaz İsmayılov küçəsi ,35C ünvanda yerləşən binanın 8-ci blokunun 2-ci və 3-cü mərtəbəsində 4 otaqlı mənzillər Eldara məxsusdur. Həmin binanın birinci mərtəbəsində 500 kvadratmetr qeyri-yaşayış sahəsi də Eldar İsmayılova məxsusdur. Hətta binanın avtoparkında 122 və 123 nömrəli qarajlar da Eldar adlı cangüdənə məxsusdur. İndi özünüz deyin: illərlə neft quyularında can qoymaq yaxşıdır, yoxsa Rövnəqin canını qorumaq..?
Həm də görəsən, bu cangüdənlər dəstəsi SOCAR rəhbərinin canını kimdən və nədən qoruyur?(qafqaznews.az)