Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
İdarədən bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədirlər. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd olunur ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: “118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik”.
Aksiyada iştirak edən sakinlərdən biri öldü.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşının sakinlərdən əldə etdiyi məlumata görə, aksiya başlayan zaman məktəbin həyətinə gələn direktor daha sonra oradan qaçmaq istəyib. Bu zaman maşını həyəcandan, tələsdiyindən aksiya iştirakçılarının üstünə sürüb.
Bu zaman aksiyada iştirak edən gənclərdən biri qorxub. Həmin şəxs qəsəbənin 20 yaşlı sakini Elmar Rəcəbəli oğlu Əliyev olub. Hadisə şahidlərinin sözlərinə görə, həyəcandan E.Əliyevin dili qatlanıb, qıcolması tutub. Onun epilepsiya xəstəsi olduğu deyilir.
Müxbirimiz xəbər verir ki, təcili şəkildə yaxınlıqdakı xəstəxanaya – 11 saylı Köməkçi Yardım Stansiyasının Hövsan filialına çatdırılan gənc orada ölüb. E.Əliyev əsgərlikdən yeni gəlibmiş.
Valideynlər hazırda kənd sovetinin və xəstəxananın qarşısına toplaşırlar.
Müxbirimiz xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin rəisi bu dəqiqələrdə hadisə yerinə gəlib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yüksək vəzifəli şəxsləri də təcili olaraq Hövsana gedib. Qəsəbədə gərginlik var.
Məktəb direktorunun istefasını tələb edən Hövsan sakinlərinin aksiyası davam edir.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, aksiyanın keçirilməsinə səbəb məktəbdə təhsilin səviyyəsinin aşağı olmasıdır. Aksiyada iştirak edən valideynlərin dediyinə görə, məktəb direktoru bir neçə gün əvvəl şagirdlərdən birini təhqir edib.
Yerli sakinlər danışıblar ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: “Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?”
Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, direktora etirazlarını bildiriblər.
Əməkdaşımızın məlumatına görə, aksiya başlayan zaman məktəb direktoru hadisə yerinə gəlib. Əraziyə polis əməkdaşları cəlb olunub. Valideynlərlə məktəb direktoru arasında qarşıdurma yaranıb. Qarşıdurmaya polis əməkdaşları müdaxilə edib. Direktor hadisə yerindən qaçıb. Hazırda valideynlər aksiyanı davam etdirirlər.
Bu dəqiqələrdə Hövsan qəsəbəsinin bir qrup sakini aksiya keçirir.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, aksiya 118 nömrəli məktəbin qarşısında keçirilir.
Aksiya iştirakçıları 118 nömrəli məktəbin direktoru Qardaşxan Səlimovun işdən azad edilməsini tələb edirlər.
Əlavə məlumat veriləcək.