Lənkəranda dəhşətli qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 21-də saat 21 radələrində rayonun Xozmili kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın boğaz nahiyəsində arteriya damarını bıçaqla kəsib.
K.Əhmədova hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş C.Əhmədov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
00:32
Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb. Qətli törətmiş Ceyhun Əhmədovun həmçinin psixi problemləri olduğu bildirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.