Türkiyədə partlayış həyata keçirmiş kamikadze qadınla bağlı yeni təfərrüatlar ortaya çıxıb.
ANS PRESS-in məlumatına görə, İstanbulda Sultanahmet yaxınlığında terror aktı törədən dağıstanlı Diana Ramazanova istifadə etdiyi iki bombanın Suriyada ölən ərindən qaldığı məlum olub.
Ramazanovanın partlayış üçün Sultanahmeti seçməsinin səbəbinin isə ərinin şiələr tərəfindən öldürülməsi olduğu iddia edilib. Bu iddianın əsasında isə Sultanəhməd məscidinin bəzi qaynaqlarda "Şiə məscidi" kimi tanınmasıdır. İddialara görə, terrorçular bu yolla şiələrə mesaj verməyə çalışıblar.
Ramazanovanın həyatı çeçen əsilli Norveç vətəndaşı Abu Aluevits Edelbijev ilə tanış olduqdan sonra dəyişib. Dağıstanlı qadın həmin kişi ilə İstanbulda imam nigahıyla evlənib. Evləndikdən sonrakı 3 ayı İstanbulda keçirən İŞİD tərəfdarı cütlük qaçaq yollarla Suriyaya keçib. Cütlüyün Suriyaya getmələrinin ardından yaşadıqlarının detalları Ramazanovanın telefonundakı Whatsapp proqramı vasitəsi ilə məlum olub. Qadının əri 2014-cü ilin dekabrında Suriyada bir hava hücumu zamanı ölüb. Bundan sonra Ramazanova qeyri-qanuni yollarla 26 dekabrda Qaziantəpə gəlib. Daha sonra İstanbula gələn qadın burada həyat yoldaşının çeçen qohumlarının yanına yerləşib.
Çeçenistanda döyüşdə yaxınlarını itirən qadınlardan ibarət "canlı bomba" dəstələri kimi ərinin intiqamını almaq istəyən Ramazanova terror aktı törətmək qərarına gəlib. İddiaya görə, internetdən şiə məscidlərini araşdıran Ramazanovanın qarşısına Sultanahmet məscidinin görüntüləri çıxıb. Qadın Suriyadan gətirdiyi 2 əl bombasını şiələrə aid bir məscid yaxınlığında partladıb.
Mənbə
ANS PRESS