Məzrəli kəndinin sakinləri onları təhqir edən müəllimə etiraz olaraq aksiya keçirirlər
Hövsan qəsəbəsində baş verən hadisələrin oxşarı Saatlıda baş verir. Rayonun Məzrəli kənd sakinləri orta məktəbin binasını mühasirəyə alaraq, heç kimi içəri buraxmırlar.
Bu barədə Arqument.az-a rayon sakinləri məlumat veriblər.
Həmin məlumatda deyilir ki, əhalinin qəzəblənməsinə səbəb Məzrəli kənd orta məktəbinin müəlliməsi olan Nəzakət adlı xanımın mütəmadi olaraq şagirdləri və onların valideynlərini təhqir etməsi olub.
Arqument.az-a verilən məlumatda deyilir ki, bu problem bir müddət əvvəldən baş qaldırıb. Lakin kənd sakinləri məsələnin bu həddə çatmaması üçün Saatlı Təhsil Şöbəsinə və onun müdiri Şamil Nuriyevə şikayət ediblər. Amma şöbə müdiri heç bir tədbir görməyib və ünvan olaraq Saatlı icra başçısının birinci müavini İlham Quliyevi göstərib. Ancaq İ.Quliyev də kənd sakinlərini saymayaraq, onları «yola verib».
Bu yanaşmadan sonra durum qəlizləşib və ötən gün müəllimənin valideynləri yenidən təhqir etməsindən sonra proses məcrasından çıxıb. Hazırda Məzrəli kənd sakinləri məktəbin binasını əhatəyə alaraq, heç kimi içəri buraxmırlar. Onlar Nəzakət müəllimənin işdən çıxarılmasını tələb edirlər.
***
Saatlı rayon icra başçısının köməkçisi Zaur Əsədov məlumatı təkzib edib. O, Arqument.Az-a bildirib ki, belə bir hadisə baş verməyib.