Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, son bir ayda Ermənistan ordusu cəbhədə xüsusi ilə aktivləşib. Ermənistan ordusu cəbhə xəttində əməlli-başlı təxribat hərəkətlərinə də yol verir. Düzdür itki ilə geri çəkilmək məcburiyyətində qalırlar, amma əməllərindən də qalmırlar.
ANS TV-nin məlumatına görə, cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozan Ermənistan tərəf milli ordumuzun mövqelərilə yanaşı cəbhəyanı kəndləri də atəşə tutub. Cəbhə xəttinin 300 metrliyində yerləşən Tərtərin Qapanlı kəndi sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən iriçaplı silahlardan istifadə edib. Bunu divarlardakı güllə izlərində də görmək mümkündür.
“Dünən gecə güclü partlayış səsləri eşitdik. Ev silkələndi yuxudan, durduq. Bilmədik nə silahıdı. Partlayış necə güclü idisə, buludlar işıqlanırdı” – deyə Qapanlı sakini Rövşən Məmmədov bildirdi.
Gecə atılan güllələrdən bir neçəsi evlərin divarlarına və dam örtüyünə dəyib. Kənd sakini Sumayə Cəfərova deyir ki, səhərə yaxın evinin divarına dəyən güllənin səsinə yuxudan oyanıb.
“Biri barıya, biri nərdivana, biri də hamamın çölünə dəydi. Şüşəyə dəysəydi mən də öləcəkdim" – deyə Qapanlı sakini Sumayə Cəfərova deyir.
Bu gün səhər saatlarından etibarən isə kənddə nisbi sakitlik müşahidə olunur. Müdafiyə Naziriyinin də məlumatında bildirilir ki, yanvarın 22 də Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyot, minaatan və qumbara atanlardan istifadə edib. Gün ərzində atəşkəsi 106 dəfə pozan qarşı tərəf milli ordumuzun cavab atəşilə susdurulub.