12 erməni əsiri təhvil verilib

24-01-2015, 13:00   
12 erməni əsiri təhvil verilib
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.

Dövlət Komissiyasından ANS PRESS-ə daxil olan məlumata görə, görülmüş işlərin yekunları barədə çıxış edən Dövlət Komissiyasının katibi Firudin Sadıqov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və onun İşçi qrupunun hesabat dövründə qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətin davam etdirildiyini bildirib. Əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər səbəblərdən həyatını itirmiş insanların meyitlərinin qaytarılması işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar proses həyata keçirib.

Qeyd olunub ki, Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində 2014-cü il sentyabrın 5-də yolu azaraq Ermənistan hərbçilərinin nəzarəti altında olan əraziyə keçmiş və girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Cavid Müzəffərzadə 2014-cü il sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib və ailəsinə təhvil verilib.

2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş - 1992-ci il təvəllüdlü Firuz Fərəcovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilib, lakin Ermənistan tərəfinin pozuculuq fəaliyyəti nəticəsində Firuz Fərəcov 2013-cü ilin avqustunda üçüncü ölkəyə göndərilib.

BQXK-nın yaxından iştirakı ilə Qazax rayonu ərazisində Ermənistanla sərhəd bölgəsində minaya düşərək həlak olmuş və minalanmış ərazidə qalmış 2 Azərbaycan vətəndaşının meyiti ərazidən çıxarılaraq yaxınlarına təhvil verilib. Qazax rayonunun işğal edilmiş Aşağı Əskipara kəndinin ərazisində 2013-cü il oktyabrın 6-da minaya düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin çıxarılması ilə bağlı hazırda BQXK ilə müzakirələr aparılsa da, Ermənistanın bu məsələyə laqeyd yanaşması və hətta bu faktı inkar etməsi nəticəsində meyitin tapılıb ərazidən çıxarılması mümkün olmayıb.

Azərbaycan Respublikası isə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, hesabat dövründə 12 ermənini azad edib, saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini təhvil verib. Proseslər Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində Müdafiə Nazirliyi ilə birlikdə BQXK-nın vasitəçiliyi ilə həyata keçirilib.

Eyni zamanda, 2010-cu il yanvarın 10-da üçüncü dövlətin ərazisində yaşamaq niyyəti ilə Azərbaycan Respublikasına qanunsuz keçmiş və o vaxtdan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları olan 5 nəfərdən ibarət Gevorkyanlar ailəsi də aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında qarşı tərəfə təhvil verilib. Lakin, 5 il ərzində respublikamızda beynəlxalq humanitar hüquq normaları çərçivəsində saxlanmış, müasir tipli yaşayış yeri, hər cür məişət texnikası, gündə üç dəfə yeməklə təmin edilmiş, müntəzəm olaraq tibbi müayinə və müalicə almış, daim aidiyyəti beynəlxalq qurumların baş çəkdiyi ailənin qayıtdıqdan sonra erməni xislətinə uyğun olaraq Azərbaycan əleyhinə danışacaqları nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb.

Ötən dövr ərzində Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Aparılmış işlərin nəticəsi kimi 22 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6 nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın 10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını yaradan faktlar müəyyənləşdirilib.

İtkinlər barədə məlumatların toplanması işi BQXK-nın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib və bütövlükdə 3677 sorğu anketi toplanıb, həmin məlumatların bazaya daxil edilməsi isə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılıb.

Hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi və onların saxlanması üçün zəruri işlər aparılır. Bu işin reallaşdırılması məqsədilə ən vacib məsələ toplanmış nümunələrin saxlanması üçün müasir tələblərə cavab verən laborator-mərkəzin yaradılması idi. Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, artıq həmin mərkəz Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında yaradılıb. Müasir tələblərə cavab verən tibb müəssisəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin hospitalı bu iş üçün ideal variant idi. BQXK də yaradılmış şəraiti yüksək qiymətləndirib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaxından iştirak edib. Sərgi-yarmarkaya Komissiya tərəfindən 12 dildə nəşr edilmiş 27 adda nəşriyyat məhsulu - kitablar, CD və DVD-lər çıxarılıb. Məhsullar sərgi-yarmarkada iştirak edən xarici və yerli qonaqların marağına səbəb olub. Sərgidə fəal iştirakına görə Dövlət Komissiyası diplomla təltif edilib.

Hesabat dövründə Dövlət Komissiyasının Azərbaycan, rus, ingilis dillərində 3200 nüsxə materiallar toplusu, 12 dildə nəşr edilmiş 27 adda 13 minə yaxın kitab və Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən material yazılmış 20 mindən artıq kompakt disk respublikada və xarici ölkələrdə yayılıb.

Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.