Dünən Türkiyənin Manisa vilayətində cümə namazından sonra ikisi qadın, biri kişi olmaqla 3 nəfər İran vətəndaşı "Qurani Kərim"i məscidin qarşısında yandırıb. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.
Məlumata əsasən, iranlılar tərəfindən Quranın yandırılması vətəndaşların hiddətinə səbəb olub və nəticədə iranlılarla vətəndaşlar arasında insident yaşanıb.
İnsident polisin müdaxiləsi ilə sakitləşib və İran vətəndaşları həbs olunublar.
Polisə verdikləri izahatda İran vətəndaşları qeyd ediblər ki, bu addımı atmaqla onlar Avropanın diqqətini cəlb edərək orada siyasi sığınacaq almaq istəyiblər.
Faktla bağlı cinayət işi qaldırılıb. İranlıların öz ölkəsinə təhvil verilməsi gözlənilir.