Son vaxtlar ölkəmizdə klinikaların sayı durmadan artır. Bu klinikalar arasında mətbuatda ən çox tənqid olunanı “Laçın” klinikasıdır. Belə ki, dövrü mətbuatda bu klinikanın vətəndaşları aldatmasıyla bağlı bir çox yazıya rast gəlinir.
Azxeber.com xəbər verir ki, virtualaz.org saytı bir müddət öncə adıçəkilən klinika ilə bağlı araşdırma aparıb, onların nöqsanlarını üzə çıxarsa da, hələ də klinikada özbaşınalıq davam edir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq həmin yazını təqdim edirik:
“Sonsuzlara laçın kimi uşaq verən “Laçın””…
“…Biz bu uşağı “Laçın” klinikasının zəhməti hesabına əldə etdik. Sağ olsun “Laçın” klinikasının həkimlərini…”
Əksər telefiziya verilişlərinə, maraqlıdır ki, özü də şou proqramlarına sponsorluq edən “Laçın” klinikasının reklam roliklərində qucağında körpə olan qadınları tez-tez görmək olar. Onlar uşağın dünyaya gəlməsində “Laçın” klinikasının böyük zəhmət çəkdiyini söyləyirlər.
“…7 ildir ki, ailə qurmuşam, övladım olmurdu. Televiziyada verilişə baxdıqdan sonra Bakıya gəlməyi qərara aldım. Burada 10 günlük müalicə kursu keçdikdən 2 ay sonra hamilə olduğumu biləndə çox sevindim…”
Bu reklamdan belə bəlli olur ki, “Laçın” klinikası möcüzələrə qadirdir. Hərçənd ki, “Laçın”da bu möcüzələri yaradan həkim-mütəxəssis öz ölkəsində burun-boğaz-qulaq xəstəliklərinin müalicəsi ilə məşğul olub. Bu barədə bir qədər sonra…
Hələlik isə oxucularımızı “Laçın” klinikasına xəstə kimi etdiyimiz müraciətin nəticələri və ondan alınan təəssüratlarla tanış edək.
Əməkdaşlarımızdan biri klinikada sonsuz adı ilə ginekoloji müayinədən keçib. Digər əməkdaşımızın isə həyat yoldaşına aspermiya diaqnozu qoyulub. Həkim-mütəxəssislər bilirlər ki, aspermiya diaqnozu qoyulan kişilərdə uşağın olması əsla mümkün deyil.
“Laçın” klinikasının qeydiyyat otağından bizi İrandan gələn doktor Behnam Kazıminin köməkçilərinin yanına göndərirlər. Şikayətimiz dinləniləndən sonra bu sətirlərin müəllifini ginekoloqun müayinəsinə göndərirlər. Ginekoloq isə şikayətimizi dinləyəndən sonra ultrasəs müayinəsini, qanın analizlərini, o cümlədən estradiol, testesteron, prolaktin, FSN, Ln və daha bir sürü analizlərin verilməsini məsləhət görür. Üstəlik klinikada olan aparatların möcüzələr yaratdığını, sonsuzlara övlad bəxş edildiyini uzun-uzun anladır.
Bəlli olur ki, həkimin təyin etdiyi analizlərə nə az, nə çox – 150 manata yaxın pul tələb olunur.
Möcüzələr yaradan aparatlar haqqında məlumat öyrənmək istəyirik. Müayinəyə gələn qadınların əksəriyyəti müalicənin aparatlarla təyin edildiyini bildirir. Amma nə həkimdən, nə də bu aparatdan istifadə edən qadınlardan avadanlıqların nəyi müalicə etdiyinə dair dolğun məlumat əldə edə bilmirik.
Qəribədir ki, hər kəsin “aparat” dediyi avadanlıq haqqında telefonda da əlavə məlumat verilmir. Yəni özün istifadə etməyənəcən “aparat” deyilən möcüzənin nəyə yaradığından xəbərsiz olursan.
Keçək həyat yoldaşı “xəstə” olan digər əməkdaşımızın aldığı cavaba. Həkim qadını kişinin hərtərəfli müayinəsindən sonra ata olmaq şansının olmasına inandırır: “Bizim klinikaya gələrək təkrar müayinələrdən keçsin. Ola bilər ki, zəifliyi yaradan səbəbləri aydınlaşdırandan sonra müalicənin köməyi olsun. Tam sonsuz kişilərin müalicəsi də bəzən effekt verir”.
Təkrar müayinələr demişkən, bu müayinələr 200-250 manata başa gəlir. Əgər müalicə kursuna başlanılsa, bunun üçün dərmanların qiyməti də daxil olmaqla 200-500 manat verilməlidir. “Tutsa qatıq, tutmasa ayran” prinsipi ilə müalicədən sonra ailənin pulu ilə birgə ümidi də məhv olur…
Nəzərə çatdıraq ki, sonsuzluğun yeganə əlacı kimi reklam edilən “Laçın” klinikasında hələlik süni mayalanma həyata keçirilmir. Lakin sonsuzluğun müalicəsi üçün müraciət edənlərə yaxın günlərdə klinikada süni mayalanmanın da aparılacağı bildirilməklə gözləməyi tövsiyə edirlər.
Qeyd edək ki, reklamlardan tanıdığımız doktor Behnam Kazımi daha çox övlad sahibi olmaq istəyən kişiləri müalicə edir. Amma Kazımi öz ölkəsində – İranda burun-boğaz həkimi kimi tanınır. Əməkdaşımız Təbrizdəki “Behrud” klinikasında olarkən həkimlər ona doktor Kazıminin burun-boğaz üzrə mütəxəssis olduğunu deyiblər.
Yəni Azərbaycan yeganə ölkədir ki, burada burun-boğaz xəstəliklərini ginekoloq, ginekoloji xəstəlikləri stamotoloq, diş ağrısını qastroloq, böyrəkləri travmatoloq müayinə-müalicə edir. Başqa sözlə, sükansız maşının sərnişinləriyik…
Apardığımız araşdırmalar zamanı isə aydın oldu ki, İranlı Kazemi orta təhsilli tibb işçisidir. Bu barədə azxeber.com-un redaksiyasına Təbrizdən olan mənbəmiz məlumat verib.Mənbənin sözlərinə görə, həkim Kazemi haqqında Təbrizdə fikir birmənalı deyil. Ona sonsuzluqla bağlı müraciət edən xəstələrin çoxunda müalicədən sonra başqa xəstəliklərin meydana gəlməsi ilə bağlı çoxlu şikayətlər ortaya çıxıb. Təbrizdəki mənbə, təkcə Behnam Kazeminin deyil çoxlu sayda qeyri-peşəkar həkimlərin Azərbaycana aparıldığını və onların vasitəsi ilə insanların aldadıldığını qeyd edib. Məsələ ilə bağlı Laçın klinikası ilə əlaqə saxladıq. Klinika səslənən iddiaları qeyri-adi formada yalanlayıb. Belə ki, “Laçın” tibb mərkəzinin rəsmisi Behnam Kazemi adında İranda iki həkimin olduğunu və bu iddianın ad bənzərliyinə görə ortaya çıxdığını deyib: “İranda iki Behnam Kazemi adlı şəxs var. Görünür, səslənən iddialar bizim klinikada çalışan həkim Kazemi haqqında deyil, digər həkim Kazemi haqqındadır. Çox qəribədir ki, onların ikisi də elə zahiri görünüşcə də bir-birilərinə çox bənzəyirlər”. Səslənən iddiaların “Laçın” tibb mərkəzində olan Behnam Kazemi haqqında olduğunu təsdiqləyib. Məsələylə bağlı araşdırmalarımız davam edəcək.