Qayınata-gəlin qətli, xalaqızına təcavüz və… - Xronika

25-01-2015, 14:52   
Qayınata-gəlin qətli, xalaqızına təcavüz və… - Xronika

Bu həftənin krimxronikası amansız qətllər, tükürpədici hadisələr və namus üstündə olan cinayətlərlə xarakterizə oluna bilər.

Axar.az həftə ərzində baş verən ən dəhşətli cinayətlərin statistikasını təqdim edir:

Bərdədə məcbur köçkünü öldürən tapılmayıb. Kəlbəcər rayonundan olan İnqilab Hüseynovun qatili ilə bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir. Şirvanda isə qayınata və gəlin qətli heyrət doğurmaya bilməz.

Yanvarın 22-də 1965-ci il təvəllüdlü Kişiyev Araz gəlini 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyəsini kəsərək intihar edib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Şəmkirdə isə 2014-cü ilin avqustunda anası Laləzar Alıyevaya 8 bıçaq zərbəsi vuraraq qətlə yetirən şəxs saxlanılıb. 1992-ci il təvəllüdlü Pənahlı İbrahim Arzu oğlu "Sovetski" kimi tanınan ərazidə tutulub.
İ.Pənahlının "Sovetski"nin sökülən ərazilərində dağıdılan evlərdə gecələməsi polis əməkdaşlarında şübhə oyadıb. Saxlanılaraq bölməyə gətirilən İ.Pənahlının əvvəlcə şəxsiyyəti dəqiqləşdirilib. Məlum olub ki, o, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən axtarışdadır.

İ.Pənahlı bölmədə ifadə verən zaman hadisəni törədəndən sonra Bakıya qaçdığını və avqust ayından bəri müxtəlif tikinti yerlərində fəhləlik etməklə dolandığını bildirib. Saxlanılan şəxs anasını namus üstündə qətlə yetirdiyini deyib.

***

Yeni Suraxanı qəsəbəsində yaşayan 14 yaşlı Almaz Musayeva isə yaşadığı evdən qan içərisində 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Onun həyatını həkimlər xilas ediblər. Qızı polis əməkdaşları dindirəndən sonra onun həyatı bahasına namusunu qoruduğu məlum olub.

A.Musayeva deyib ki, xalası oğlu onu yaşadığı evdə zorlamaq istəyib. Özünü qorumaq üçün xeyli çarpışıb, amma sonda ehtirasını cilovlaya bilməyən xalaoğlu bıçaqla bədənini yaralayıb. Cinayətdə şübhəli bilinən şəxs artıq saxlanılıb. A.Musayevanın dedikləri öz təsdiqini tapıb. Polis zəruri istintaq hərəkətləri apardığından oğlanın adı açıqlanmır. A.Musayeva Suraxanı rayonu, 85 saylı orta məktəbin şagirdidir.

***

Lənkəranda da qətl hadisəsi baş verib. Yanvarın 21-də rayonun Xolmili kəndində 26 yaşlı Ceyhun Əhmədov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Kübra Əhmədovaya çoxsaylı bıçaq zərbələri vurub. Çoxlu qan itirən Kübra Əhmədova hadisə yerində dünyasını dəyişib. C.Əhmədov istintaq orqanlarına təhvil verilib.

Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb. Qatilin psixi problemləri olduğu da bildirilir.

***

Gəncədə İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 52 yaşlı Fərail Abbasovu və qayını, 22 yaşlı Təbriz Abbasovu bıçaqlayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Həkimlər 22 yaşlı Təbriz Abbasovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi İnqilab Rəhimovla qızları arasında narazılıq olduğu üçün övladlarını öz evlərinə gətiriblər. Barışmaq üçün qayınatası evinə gedən İnqilab Rəhimov münaqişə zəminində qayınatası və qaynını bıçaqlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.