«Prezident Barak Obama terrorçuluqla mübarizədə öz strategiyasında büdrədiyi bir vaxtda, Birləşmiş Ştatlar daha öncəki, baş tutmamış yanaşmaya qayıdır: çirkin işi görmək üçün diktarorlara bel bağlayır». Bunu Fred Hiatt «Washington Post»da yazır.
«Obamanın bu köhnə fikrə təslim olmasının sonuncu kədərli misalına baxaq –administrasiyası siqnallar göndərir ki, Birləşmiş Ştatlar daha Bəşər Əsədin Suriya rəhbərliyindən getməsində israr etməyəcək».
«Əsəd yeni əsrin ən qansız qəssabıdır, ancaq o, Birləşmiş Ştatların diktatorlara yeni sevgisinin tək misalı deyil. Misirin yeni diktatoru, Hüsnü Mubarəkin ağlından keçmədiyi qəddarlıqla opponentlərini öldürür, həbsə atdırır. Ancaq Dövlət Departamenti onunla yeni tərəfdaşlığa can atır"- müəllif yazır.
Fred Hiatt daha sonra Bəhreyn, Özbəkistanda insan haqlarının kobud pozuntularına baxmayaraq ABŞ Administrasiyasının bu ölkələrlə işbirliyindən yazır. Məsələn, Özbəkistana zirehli texnika satılıb.
Azərbaycandan tutmuş Obamanın çərşənbə axşamı gedəcəyi Səudiyyə Ərəbistanınadək, Birləşmiş Ştatlar bəzi əsas atributları paylaşan diktatorlarla xoş davranır. Onlar islamçı ekstremizlə savaşın vacibliyi barədə Birləşmiş Ştatlarla razılaşırlar...
«Azərbaycandan tutmuş Obamanın çərşənbə axşamı gedəcəyi Səudiyyə Ərəbistanınadək, Birləşmiş Ştatlar bəzi əsas atributları paylaşan diktatorlarla xoş davranır. Onlar islamçı ekstremizlə savaşın vacibliyi barədə Birləşmiş Ştatlarla razılaşırlar. Eyni zamanda qeyri-zorakı opponentlərini təqib edirlər – dünyəvi, liberal tənqidçilərinə qarşı lap qəddardılar. Mötədil qüvvələri məhv edərək özlərini dini fundamentalizmə yeganə alternativ kimi təqdim edirlər,» yazan müəllif diktarorların hərəkətlərinin getdikcə daha çox problem yaratdığını vurğulayır.
Fred Hiatt ABŞ-ın ekstremizlə mübarizədə işğalı deyil, mötədil qüvvələrlə tərəfdaşlıq yolunu seçməyinin vacibliyini qeyd edir.
«Təəssüf ki, Obama bu strategiyanı elə də ətə-qana gətirməyib. O, Liviya diktatorunu devirəndən sonra ölkədən çıxdı. İraqdan bütün müşavirlərini geri çəkdi və Əfqanıstanda da belə edəcəyini deyir... Suriya mötədillərinə yardım dörd ildir vəd olunur, ancaq görünmür. Obama ölkə boyu çıxışlarında «əsgərlərimizin evə dönməsi» ilə öyünür»- müəllif yazır.
«Bu, indiki məqamda doğrudur. Ancaq İraqa 3 min əsgərin yenidən göndərilməsinə könülsüz yanaşma göstərir ki, terrorçular irəlilədikcə, bu reallıq dəyişəcək. Yaxın Şərq avtoritar şəri ilə tərəfdaşlıq sonucda bu irəliləyişi yalnız alovlandıracaq» ("Azadlıq" radiosu).