"Sevil massivi"ndə torpaq sahəsi almış və pulları bu vaxta kimi qaytarılmayan bir qrup vətəndaş bu gün - yanvarın 26-da Abşeron rayon İcra Hakimiyyətində olub.
Modern.az xəbər verir ki, artıq bir neçə aydır vətəndaşları get-gələ salan və hər dəfə vədlər verən icra nümayəndəsinə etirazlarını bildirən vətəndaşlardan bir neçəsi ictimai asayişi pozma adı ilə saxlanılıb.
Etirazçıların sayta verdiyi məlumata görə, 4 nəfər polisə aparılıb. Hazırda onların Abşeron Rayon Məhkəməsində olduğu bildirilir.
Onlar haqqında cərimə və yaxud sutkalıq həbs tədbiri görüləcəyi gözlənilir.
Şikayətçilərin sözlərinə görə, vətəndaşlara telefon nömrəsi verib vaxtaşırı çağırırlar ki, "gəlin pulunuzu aparın", sonra da deyirlər "gedin filan vaxt gəlin". Bu gün də o məqsədlə İcra Hakimiyyətinə gediblər.
Xatırladaq ki, Baş Prokurorluğun bir neçə ay öncə yaydığı məlumatda bildirilib ki, “Sevil massivi” Mənzil Tikinti Kooperativində külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən, Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.
Bundan başqa, “Sevil massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb...//musavat.com/