NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay təmsil etdiyi qurumun enerji təhlükəsizliyinin təminatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.
Axar.az xəbər verir ki, o, Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində NATO-nun ən aktiv tərəfdaşı olduğunu bildirərək, daha sıx əməkdaşlıq üçün potensialın mövcudluğundan söz açıb:
“Alyans Oberammerqaudakı NATO məktəbində enerji təhlükəsizliyi üzrə ilk tədris kursunu təsis etməyi planlaşdırır və bu məsələdə Azərbaycanla əməkdaşlıq qurum üçün sərfəli ola bilər. Enerji zəifliyi hazırda NATO üzvləri və onun tərəfdaşlarının üzləşdiyi yeni təhlükəsizlik problemlərinin bir hissəsidir".
Bu açıqlama NATO-nun Bakıda baza yaratmaq istəyi ilə izah edilə bilərmi?
Politoloq Ərəstun Oruclu NATO ilə əməkdaşlığı yüksək səviyyədə qiymətləndirsə də, hər hansı təşkilatın Azərbaycanda baza yaratmağının mümkünsüz olduğunu dedi:
“Nəzərə alq ki, NATO-nun əsas fəaliyyət istiqamətləri kimi 3 xətt götürülür: Beynəlxalq terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyinin təmin olunması və hərbi cinayətkarlığa qarşı mübarizə. Burada hər 3 bəndlə Azərbaycanla fəal əməkdaşlıq davam etdirilir. Xüsusilə də enerji təhlükəsizliyi məsələsində. Bu və ya digər səbəbdən Azərbaycanda enerji təhlükəsizliyinin təmin olunması üçün hərbi mühafizə bazasının yaradılması mümkün deyil. Ən azı ona görə ki, mövcud geosiyasi reallıq buna imkan vermir. Bundan başqa, Azərbaycan-NATO arasındakı əməkdaşlıq proqramı da bu gün üçün belə bir bəndi nəzərdə tutmur. Həmçinin, Azərbaycan Respublikasının milli təhlükəsizlik və hərbi doktrinası haqqındakı qanunlara əsasən Azərbaycan ərazisində xarici hərbi kontingentin və xarici dövlətlərin hərbi bazasının yerləşdirilməsi qadağandır. Yəni münasibətlər məsləhətçilər, mütəxəssislər və işçi qrupu şəkilində davam edə bilər, amma baza yaradılması mümkün deyil, çünki qanunvericilik buna imkan vermir”.
Azərbaycanın enerji təhlükəsizliyinin təkcə ölkə üçün deyil, Avropa Birliyi (AB) üçün də son dərəcə vacib olduğunu deyən politoloq bu ölkələrin təcrübəsindən yararlanmağı faydalı hesab edir:
“Azərbaycanın əsas enerji faktorları Avropa Birliyi, İsrail və digər başqa ölkələrdir. Burada mövcud enerji maraqları təkcə Azərbaycanın yox, eləcə də bu ölkələrin diqqətindədir. Təbii ki, ölkədə təhlükəsizlik tədbirlərinin təmin olunması üçün həmin ölkələrin təcrübəsindən yararlanmaq olar”.