Kürdlər isə ABŞ-la hərbi ittifaqın uğurundan xüsusi həvəslə danışırlar
“The Associated Press”in Beyrutdan verdiyi xəbərə görə, İŞİD kürd döyüşçüləri tərəfindən Suriyanın Kobani şəhərindən çıxarılıb.
Bu barədə kürd fəalları bazar günü bəyanat veriblər. Onlar qeyd ediblər ki, bu qələbə kürdlərlə ABŞ-ın rəhbərlik etdiyi hərbi ittifaqın birgə çalışmasının nəyə qadir olmasının simvolu hesab oluna bilər.
Ancaq Briratiyanın nəzarətində olan və Suriyada fəaliyyət göstərən Müşahidə Qrupu məlumat yayıb ki, Kobaninin Türkiyə sərhəddinə yaxın şərq hissəsində hələ də döyüşlər gedir.
Sentyabr ayında İŞİD Kobani yaxınlığında 300 kürd kəndini işğal etmişdi. Eyni zamanda bütün şəhəri işğal edəcəyi ilə hədələmişdi. Az sonra İŞİD Kobaninin yarısını ələ keçirdi. Nəticədə onminlərlə kürd qaçqın Türkiyəyə axışdı.
Oktyabra qədər İŞİD Kobanidə o qədər möhkəmləndi ki, öz təbliğatında bu faktdan istifadə etməyə başladı. Terrorçular girov götürdükləri britaniyalı jurnalist Con Kantlienu öz xeyirlərinə videomaterial hazırlamağa məcbur etdilər. Təbliğatın məğzi ondan ibarət idi ki, ABŞ-ın hava zərbələrinə baxmayaraq, İŞİD Kobanidə daha da irəliləyir.
Kobaninin işğalı İŞİD-ə Türkiyə ilə birbaşa sərhəd xıtti əldə etməyə imkan verə bilərdi. Sentyabrın 23-dən Kobanidə İŞİD-ə qarşı hava hücumlarına start verildi. İraq və Suriyada həyata keçirilən hava zərbələrinin yarısı məhz bu şəhərin payına düşürdü. Hava hücumları bir qayda olaraq, ya Kobaniyə, ya da şəhərin yaxınlığındakı məntəqələrə endirilirdi.
Qarşıduran tərəflər Kobaninin strateji əhəmiyyətini yaxşı bilirdilər. İş o yerə çatmışdı ki, müxtəlif ölkələrdən olan kürd silahlılar, o cümlədən də peşmərgələr ABŞ-ın təkidi ilə Kobaniyə yeridildi. Ağ Ev şəhərin yenidən kürdlərin nəzarətinə keçməsi üçün hər şeyə hazır görünürdü.
Agentlik bildirir ki, sentyabrdan indiyə kimi Kobani uğrunda döyüşlərdə 1600 nəfər öldürülüb. Onlardan 1075 nəfəri İŞİD-çı, 459 nəfər isə kürd döyüşçüsüdür. 32 nəfərin mülki şəxs olduğu bildirilir.
Agentlik onu da qeyd edir ki, son həftələrdə İŞİD Kobanidə 35 intiharçı şəxs tərəfindən partlayış törətmişdi. Buna baxmayaraq, İŞİD-in bu şəhəri öz əlində saxlaması mümkün olmayıb.