“Amrahbank” ASC-nin vətəndaşların 100 minlərlə manat pulunu mənimsəyən işçilərinin cinayət işi məhkəmədə baxılır. Cinayət işinin istintaqı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb.
“Amrahbank” ASC-nin əməkdaşları A.Salahov və E.Ağayev Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 313-cü maddələri ilə ittiham olunurlar.
Analitik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində “Amrahbank” ASC-nin 4-cü mikrorayon filialının baş mühasibi vəzifəsində işləmiş Arzu Salahova, xəzinədar vəzifəsində işləmiş Elxan Ağayevin təqsirləndirilməsinə dair işə baxılır. Rəsmi ittihama görə, baş mühasib A.Salahova 2011-2013-cü illərdə əmanətçi B.Həsənovun banka depozitə yerləşdirdiyi 100 min manat pulunu mənimsəyib. Yenə həmin dövrdə A.Salahova bankın xəzinədarı E.Ağayevlə əlbir olaraq A.Kərimovun və Z.Ələkbərovun depozitə qoyduqları 360 min manat və 232 ABŞ dolları, F.Xudaverdiyev və ailə üzvlərinin depozitə qoyduğu 100 min ABŞ dollarını, eləcə də digər şəxslərin “Amrahbank” ASC-yə depozitə və cari hesaba qoyduqları pulları sənədləri saxtalaşdırmaqla mənimsəyib.
Rəsmi ittihamda A.Salahova və E.Ağayevlə bərabər, kredit və müştərilərlə iş şöbəsinin digər mütəxəssislərinin də adları çəkilir. Belə məlum olur ki, “Amrahbank” ASC-nin «4-cü mikrorayon» filialında depozitə və cari hesaba qoyulmuş, milyonlarla vəsait bankın əməkdaşları tərfindən mənimsənilib. Bununla bərabər, bankın əməkdaşları depozitə pul qoyan şəxslərin adlarına saxta kredit müqavilələri hazırlayaraq, yüz minlərlə pulu ələ keçiriblər.
Mexanizm çox sadədir. Rəsmi istintaq sənədlərində bu mexanizm izah olunur: Şəxs gətirib pulunu banka etibar edir, bütün sənədləşdirmə işləri yüksək səviyyədə aparılır. “Amrahbank”la əmanət müqaviləsi bağlanır, əmanətçi pulu banka təhvil verir, ona əmanət kitabçası, plastik kartlar da təqdim olunur. Bununla Bankın əməkdaşları vətəndaşın pulunun depozitə qoyulmasına tam əminlik yaradır.
Qeyd edək ki, “Amrahbank”ın hazırda ləğv olunmuş “4-cü mikrorayon filialı”nın baş mühasibi Arzu Salahova bankın sənədlərini saxtalaşdırması, vətəndaşların əmlakını mənimsəməsinə görə 1 il əvvəl də mühakimə olunaraq şərti cəza alıb.
Hazırda isə bank əməkdaşlarının silsilə mənimsəmə əməllərinin növbəti mərhələsinə aid işə baxılır. Təkrar cinayətlərin törədilməsi sübuta yetirilməsinə baxmayaraq, təqsirləndirilən şəxslər azadlıqdadır.
Yenə də rəsmi sənədlərdə göstərilir ki, A.Salahova vətəndaşların “Amahbank”a qoyduğu pulları mənimsəyərək həyat yoldaşı Bəxtiyar Məmmədov adlı şəxsə verib. O da qeyd olunur ki, həmin B.Məmmədovun adı vətəndaşların pullarının mənimsənilməsi ilə bağlı olan bütün epizodlarda keçir. Həmin şəxsin 2013-ci ildə intihar etdiyinə dair məlumat var.
Müəmmalıdır, məbləği milyonluq rəqəmlərlə ölçülən depozitlərin mənimsənilməsi üçün sənədləri yalnız bir filialın mühasibi saxtalaşdıra bilərdimi? Əslində isə depozitin banka daxil olması və ya kredit məbləğinin çıxarılması üçün bankın bir neçə məsul işçisinin, o cümlədən, konkret filial müdirinin imzası tələb olunur. Bütün əməliyyatlar “Amrahbank”ın mərkəzi sistemində işlənir. “Azərikard”dan əmanətçilər üçün kartlar sifariş olunarkən də bütün məlumatların sistemdə işlənməsi təmin olunmaldır.
Xatırladaq ki, “Amrahbank” ASC Xətai rayonunun prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadəyə məxsusdur. Y.İldırımzadə bankın təsisçisi və Müşahidə Şurasnın sədridir.