Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cəbhədə gərginlik; ordumuz 3 şəhid verdi, yaralılar var

27-01-2015, 08:36   
Cəbhədə gərginlik; ordumuz 3 şəhid verdi, yaralılar var
Düşmənin isə yanvar ayında 17 hərbi qulluqçusu məhv edilib, 20 hərbçisi yaralanıb
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik davam edir. Düşmənin xain hücumunun dəf edilməsi zamanı Azərbaycan ordusu 3 şəhid verib. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda daha sonra deyilir: “Son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar.

Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb”.

Qeyd olunur ki, yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.

Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər.Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir".



Virtualaz.org saytı sosial şəbəkələrə istinadən xəbər verib ki, hadisə yanvarın 24-də Gədəbəy istiqamətində baş verib. Sosial şəbəkələrdə həlak olan hərbçilərimizin adları da yer alır. Bunlar Zaqataladan hərbi xidmətə çağırılmış Elşən Əfəndiyev, Şabrandan hərbi xidmətə çağırılmış gizir Sənan Ağayev və Hacıqabuldan hərbi xidmətə çağırılmış Vüqar Qasımovdur. Kapitan İlqar Əsədov və gizir Anar Əliyev isə yaralanıblar. Şəhid olan gizir Sənan Ağayevin üç azyaşlı uşağı vardı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Cavid TURAN
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar