Azərbaycanda fəaliyyət göstərən banklarda problemli kreditorlar üçün əsl başağrısı olan adamlar axtarılır. İş elanı saytlarında yerləşdirilən vakansiyalarda da bu açıq-aydın görünməkdədir.
Axar.az-ın əməkdaşının apardığı araşdırma zamanı məlum olub ki, “NBC bank” işə xüsusi idman dərəcəsi olan işçilər götürmək istəyir.
Şirkətin iş elanı belədir:
1. Gecikmədə olan kredit dosyelərinin təhlil olunması – gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
2. Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi;
3. Gecikmədə olan müştərilərin ödənişlərinin nizamlanması ilə bağlı kredit komitəsinə müraciətlərin hazırlanması;
4. Problemlərin həll olunması vəziyyətindən asılı olaraq dosyelərin müvafiq struktur bölmələrə təqdim edilməsi.
Bankın namizədlərə olan tələbləri:
1. Ali təhsil.
2. Bank sektorunda problemli kreditlərlə bağlı ən azı 1 illik iş təcrübəsi.
3. İnsanlarla ünsiyyət qurma bacarığı.
4. Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
5. Analitik qabiliyyət.
6. Azərbaycan və rus dillərində səlis danışıq bacarığı.
7. MsOffice proqramında işləmək bacarığı.
8. Sürücülük vəsiqəsi.
9. İdman dərəcəsi.
Yuxarıda sadalananlar bank sektorunda vacib amillərdən olsa da, sonda qeyd olunan “İdman dərəcəsi”nin vacib komponent kimi göstərilməsi müəyyən şübhələrə yol açır.
Bu məsələni bir qədər də araşdırdıqdan sonra daha dəhşətli faktlarla qarşılaşdıq.
Adının çəkilməsini istəməyən bank işçisi bu namizədlərin problemli kreditlər şöbələrinə bilavasitə krediti gecikdirənlərə təzyiq göstərmək, onlardan yeri gələndə zor tətbiq etməklə pulu almaq üçün işə götürüldüyünü bildirdi. Onun sözlərinə görə, işə qəbul olunarkən əsas göstərici ali təhsil yox, şəxsin idman göstəriciləridir.
Mövzunu gündəmdə saxlayacağıq.