Norveç mətbuatı bu ölkənin "Stod” qadın voleybol klubunun Bakıda başına gələnlərdən yazaraq, komandanın "Anatolia” otelində az qala girov kimi saxlanmasını təsvir edib.
İddia olunur ki, 1/4 finalda Bakının "Azərreyl” ("Azerrail”) komandası ilə görüşə gələn Norveç klubundan oteldə ikiqat pul tələb olunub. "Stod” komandasının nümayəndəsi pulu ödəməkdən imtina etməsindən sonra otel əməkdaşları qapıları bağlayaraq, polis çağırıblar.
Məlumatda o da bildirilir ki, insident norveçlilərin təyyarəsinin Bakıdan uçmasına bir neçə saat qalmış baş verib. Norveç səfirliyinin də müdaxilə etdiyi qalmaqal otelin tələb etdiyi məbləğ ödənəndən sonra həllini tapıb.
"Stod” klubunun meneceri Svayn Mihr Azadlıq Radiosunun əməkdaşı ilə söhbətində baş verənləri təsdiq edərək, bildirib ki, "Anatolia” otelini seçməyi onlara rəqibləri olan "Azərreyl” komandasının rəhbərliyi məsləhət görmüşdü. Onlar da internet vasitəsilə orada komandaya iki günlük yer sifariş edərək, pulunu da əvvəlcədən ödəyiblər. Sonradan isə otelin özündən daha sərfəli təklif alaraq, qəbul ediblər.
"Stod” klubunun meneceri: "Otel rəhbərliyi giriş qapısını da bağlayaraq, polis çağırdı”
S.Mihr deyir ki, Bakıya gələndə də yeni sifarişin qiymətinə uyğun olaraq, əvvəlcədən internetdə ödədikləri məbləğ də daxil olmaqla otellə hesablaşıblar: "Təyyarənin uçmasına xeyli vaxt var idi. Bakıya ekskursiyaya çıxmışdıq. Otelə qayıdıb, əşyalarımızı götürmək istəyəndə məlum oldu ki, bütün otaqların qapısı bağlanıb. Və bizdən əlavə pul tələb edirlər”.
S.Mihrin sözlərinə görə, o, otel rəhbərliyini inandırmağa çalışıb ki, hesab artıq ödənilib, hətta ödəmə qəbzini göstərərək, tələb olunan məbləği verməkdən imtina edib: "Bundan sonra otel rəhbərliyi otelin giriş qapısını da bağlayaraq, polis çağırdı. Mübahisə uzandıqca təyyarənin uçuş vaxtı yaxınlaşırdı. Norveç səfirliyinin nümayəndəsi polisin işə qarışdığını bildikdən sonra məsləhət gördü ki, pulu ödəyək”.
Svayn Mihr: "Azərbaycanlılar uduzmağı sevmirlər”
Norveçlilər iddia edirlər ki, bütün bu baş verənlər "Stod”un "Azərreyl” üzərindəki qələbəsindən əsəbiləşən Azərbaycan tərəfinin intiqamıdır.
Xatırladırıq ki, Avropa voleybol klubları arasındakı "Çellen kuboku” uğrunda yarışmada Azərbaycanın "Azərreyl” komandası 1/8 final mərhələsinin Bakıdakı cavab görüşünü udsa da, Norveçdə "Stod”a məğlub olmuşdu.
Ona görə də, əlavə oyun (set) təyin olunmuşdu və çox gərgin keçən həmin set 18:16 hesabı ilə norveçlilərin qələbəsi ilə başa çatmışdı.
"Mənə dedilər ki, belə hallar əvvəllər də olub. Azərbaycanlılar uduzmağı sevmirlər” - deyə S.Mihr bildirir və öz arqumentini daha da gücləndirmək üçün əlavə edir ki, "Anatolia” otelinin sahibi Azərbaycan Voleybol Federasiyasının prezidentidir.
Musavat.com olaraq, bu qalmaqallı məsələni araşdırmaq qərarına gəldik. Və adı bu qalmaqalda hallanan "Anatolia” otelində olduq.
Otelin baş meneceri Kənan Rəhimov musavat.com-a açıqlamasında bildirdi ki, qarşı tərəfin iddiaları əsassızdır və hadisələrin bu formada cərəyan etməsinin günahı "Stod” qadın voleybol klubundadır: "Norveç klubu 2 dəfə rezervasiyadan keçdiyi üçün bu problem yaşanıb. Onlar ya turizm agentliyinin, ya da otelin təklif etdiyi paketdən imtina etməliydilər. Hansı ki, biz onlara bunu aydın şəkildə başa salmışdıq. Onlara dedik ki, 24 saat içində iki rezervasiyadan birini ləğv etməlidirlər. Ancaq onlar bunu etmədilər .Hər şey də buna görə baş verdi. Otelimizdə əvvəllər də Çempionlar Liqasında çıxış edən nüfuzlu klublar və yığmalar məskunlaşıblar. Ancaq heç vaxt belə şikayətlər olmayıb”.
"Otelçilik biznesində belə şey yoxdur”
K.Rəhimovun sözlərinə görə, günah voleybol komandasında olub: "Onlar öncə Norveçdəki turizm agentliyi vasitəsi ilə rezervasiyadan keçiblər. Ancaq bizə cəmi 8 nəfərin adı gəlmişdi. Daha sonra otelimizə məktub göndərərək, onlara yer ayırmağımızı xahiş etdilər. Biz burada onlardan 2 paketdən birini seçmələrini istədik. Onlar fərqi soruşdu. Biz də söylədik ki, digərindən fərqli olaraq, bizdə gün ərzində 3 dəfə yemək də paketə daxildi. Onlar da bizim paketi seçdilər. Norveçlilərə dedik ki, agentliyə zəng vurun, rezervasiyanı ləğv edin. Cavabında "Özümüz həll edəcəyik”, - dedilər. Agentlik bunlara rezervasiyaya görə pul ayırıb. Onlar bizdən həmin pulu hesaba almağı tələb edirdilər. Otelçilik biznesində belə şey yoxdur. Son nəticədə ortada anlaşmazlıq yarandı”.
"Stod Volley”in qadın voleybolçuları bizim xanım əməkdaşımıza qarşı kobudluq etdilər”
Otel meneceri deyir ki, qonaqlar otelin əməkdaşlarını təhqir ediblər: "Problem təxminən 680 manata görə baş verib. Biz onlardan son gündə ödəməni tələb etdik. Onlar isə pulu ödəməkdən boyun qaçırdılar. Bu zaman mübahisələr yarandı. Biz onlara ödəmə etmədən heç bir yerə gedə bilməyəcəklərini dedik. Bundan sonra təhqirlərə başladılar. "Stod Volley”in qadın voleybolçuları bizim xanım əməkdaşımıza qarşı kobudluq etdilər. Hətta onu təhqir etdilər. Sonra da dedilər ki, "Pulumuz yoxdur". Biz də dedi ki, əgər pulunuz bitibsə, burada heç bir problem yoxdur. Sizin federasiya ilə əlaqə saxlayaq və məsələni danışaq. Onlar bizə ödəmə ilə bağlı söz versinlər, məsələ də bitsin. Bundan sonra ödəniş edildi. Təbii ki, bu da müəyyən şübhələr yaradır”.
"Biz onları məhkəməyə də verə bilərik”
K.Rəhimov onu da qeyd etdi ki, otel rəhbərliyi "Stod Volley”i məhkəməyə də verə bilər: "Biz ümumiyyətlə, polis çağırmamışıq. Onların bu iddiası da tam əsassızdır. İstənilən vaxt bunu araşdırmaq olar. Onlar gedəndən sonra gördük ki, idmançılar qaldıqları otaqlarda yatağı mundarlayıblar, hamamı pis günə qoyublar. Əlimizdə bu iddiaları sübut edən fotolar da var. Onlara burada qaldıqları müddətdə maksimum diqqət göstərmişik. Hesaba daxil etmədən onlara əlavə qulluqlar etmişik. Otaqlarına meyvə belə, aparmışıq. Sonda da yaxşılığımızın qarşılığı belə oldu? Onlara hörmət edərək, ödəməni sonda istədik. Hansı ki, bizim "Azərreyl” klubumuz Norveçdə olarkən, onlardan otelə girən kimi ödəməni istəmişdilər. Gərək biz də elə formada edəydik? Biz onları məhkəməyə də verə bilərik”.
"Anatolia” otelinin Nəqliyyat Naziri Ziya Məmmədova aid olduğu iddia edilir. Bu haqda nə deyə bilərsiniz” məzmunlu sualımıza isə menecerin cavabı belə oldu: "Mən sadəcə, otelin bir işçisiyəm. Otelin kimə məxsus olduğunu bilmirəm”.
//musavat.com/
Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir.