“The Associated Press“in xəbərinə görə, çərşənbə axşamı Liviyada lüks hotelə silahlı şəxslər hücum edib. Onlar ən azı 3 nəfər hotel keşikçisin öldürüblər və bir neçə nəfəri də girov götürüblər. Bu barədə agentliyə rəsmi şəxslər məlumat verib.
Tripoli Mühafizə Bölməsinin mətbuat sözçüsü Essam Əl-Naas bildirib ki, Aralıq dənizinin sahilində yerləşən “Corinthia Hotel“də gərgin saatlar hələ də davam edir.
Hotelin əməkdaşları bildiriblər ki, 5 nəfər maskalı şəxs gülləkeçirməz gödəkçələr geyiblər. Onlar yaxşı silahlanıblar və hotelə hücum etdilər. Hotel keşikçiləri onları darvazanın ağzında saxlamağa çalışıblar. Ancaq bu, mümkün olmayıb. Onlar hotelə daxil olaraq, hər tərəfə atəş açıblar.
Hotel xidmətçisi deyib ki, o, qapını açıb və nə baş verdiyini aydınlaşdırmaq istəyib. Bu vaxt ona doğru güllələr yağıb. Sonra o da hotelin personalına qoşulub. Onlar da hotelin qonaqları ilə birlikdə arxa qapıdan qaçaraq, özlərini maşınlar saxlanılan parka çatdırıblar.
Onlar avtomobil parkına çatarkən təxminən 100 metr kənarda olan maşınlardan biri partladılıb. Artıq mühafizə qüvvələri hotelə daxil olublar. Onlar maskalılarla atışır.
Liviyada hotelə silahlı basqın edən maskalılar baş naziri axtarırlar: Ölənlər var
Hotel əməkdaşları deyib ki, hoteldə əsasən İtaliya, Britaniya və Türkiyədən olan qonaqlar qalırmış. Ancaq hücum zamanı hotelin böyük bir hissəsi boş imiş. Bu barədə danışan əməkdaşın sözlərinə görə, adətən, ölkənin baş naziri Ömər əl-Hassi bu hoteldə qalırmış. Ancaq hücum baş verəndə o, hoteldə olmayıb. 2013-cü ildə isə Liviyanın keçmiş baş naziri məhz bu hoteldə əsir alınmışdı.
Agentlik qeyd edir ki, Liviya diktatoru Müəmmər Qəddafinin qətlindən sonra ölkə bir-biri ilə rəqabət edən silahlı qrupların əlinə keçib. Hər kəs ölkəyə nəzarəti ələ keçirmək istəyir.
Müəmmər Qəddafidən sonra iqtidarın yeni qüvvələrə ötürülməsi prosesi uğursuzluqla üzləşdi. İndi ortada iki baş nazir və iki parlament var.
Hər iki tərəf fərqli silahlı qruplar tərəfindən dəstəklənir. Qarşıduran tərəflər daha çox paytaxt Tripolidə üz-üzə gəlirlər. Bu isə ölüm-itim və qırğın deməkdir.
//musavat.com/
Elbəyi Həsənli