Rafil Hüseynovun şəriki ilə çəkdiyi yollar artıq dağılıb, İcra Hakimiyyətinin arxa tərəfi isə bataqlığa çevrilib
Ötən gün Masallıda yerli İcra Hakimiyyətinin gördüyü «yüksək səviyyəli» işlərdən biri barədə məlumat yaymışdıq. Rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkının zibilliyə çevrilməsi və bunun İcra Hakimiyyəti işçilərinin gözü qarşısında baş verdiyini bildirmişdik.
JAM.AZ-ın növbəti fotosessiyası isə rayonda bu yaxınlarda görülmüş «üstü bəzək, altı təzək» yolları ilə bağlıdır. Həm də bu fotolarda İcra Hakimiyyətinin binasının arxasındakı vəziyyət də əksini tapıb.
Qeyd edək ki, fotolarda görünən yol Masallının mərkəzi küçələrindən biri olan Füzuli küçəsidir. JAM.AZ xəbər verir ki, həmin küçə bir müddət əvvəl «əsaslı təmir» olunmuşdu və yeni asfalt örtüyü çəkilmişdi. Amma mövcud vəziyyəti belə deməyə əsas verir ki, Rafil Hüseynovun gördüyü işin ömrü bir-neçə aydan o tərəfə keçmir. Bir yağış və ya azca qarın yağması asfaltın yalnız qumm yığınağından ibarət olduğunu üzə çıxarıb.
Bu məqsədlə yüz minlərlə manat pulun xərcləndiyi sənədləşdirilsə də, reallıq ortadadır. Və Masallı İcra Hakimiyyəti bunun üçün hər hansı bir bəhanə də tapa bilməz. Ona görə ki, ortada fakt var. Eyni zamanda, Rafil Hüseynovun şəriki «Elnur-2» şirkətinin gördüyü işlər bundan artıq olmayacaq.
Fotolarda diqqəti çəkən bir başqa məsələ isə Masallı İcra Hakimiyyəti binasının arxa tərəfi əks olunub. JAM.AZ bildirir ki, buralar da sənəd üzərində yenicə təmirdən çıxıb. Halbuki görünən odur ki, nə təmir var, nə də buna bənzər bir şey. Bu sözün həqiqi mənasında dövlət əmlakının inanılmaz səviyyədə talan edilməsindən başqa bir şey deyil.