Səhiyyə Nazirliyinin tabeliyindəki İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mülki müdafiə qərargahının rəisi Ədalət Verdiyev həbs edilib. Həm də ehtiyatda olan zabit olaraq, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev dövlət sirri hesab edilən hərbi məlumatları yaymaqda ittiham olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, noyabrın 22-də işğaldan azad olunmuş ərazilərə media nümayəndələrinin səfəri təşkil edilib və orada hərbi-ekspert qismində Ədalət Verdiyev də iştirak edib. Onun həmin səfər zamanı Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini videoya çəkib, sonra həmin kadrları özünün sosial şəbəkə hesabında yaydığı iddia edilir.
Bir neçə gün əvvəl İstanbulda 70 kiloqram qızılla tutulduğu iddia olunan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov Bakıya gətirilərək barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.2, 206.3.3 (Azərbaycandan kənarda törədilməklə, bir qrup şəxs tərəfindən və qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb. Onun işi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində araşdırılır.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin noyabrın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, quru sərhədlərin açılması 100 minlərlə qaçqının ölkəyə axını ilə nəticələnə bilər.
Bütün bunlarla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ASTNA-ya danışıb.
* * *
Sual: İlham bəy, Baş Prokurorluğun məlumatına görə, Səhiyyə Nazirliyinin tabeliyindəki İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mülki müdafiə qərargahının rəisi, hərbi ekspert kimi fəaliyyət göstərən Ədalət Verdiyev dövlət sirri hesab edilən hərbi məlumatları yaymaqda ittiham olunaraq həbs edilib. Ədalət Verdiyev daim dövlətin və bəzən hakimiyyətin mənafelərini qoruyan biri kimi tanınırdı. Yəni ekspert kimi hakimiyyətyönlü biri olaraq tanınırdı. Onun müxalif fikirləri demək olar ki yox idi. Bu səbəbdən onun həbs olunması xeyli təəccüb və şübhələr yaradıb. Sizcə, Ədalət Verdiyevin həbsinin əsl səbəbi nə ola bilər?
Cavab: Respublika Baş Prokurorluğunun məlumatında Ədalət Verdiyevin həbsinin səbəbi qeyd edilib: ”.., ölkənin dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr” yaranıb. Açığı, Ədalət Verdiyevin yaydığı informasiya ilə tanış deyiləm. Ədalət Verdiyevin mediatur iştirakçısı kimi Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti qüvvələrinin yerləşdiyi yerlərin koordinatları barədə sosial şəbəkədə material yaydığı qeyd edilir. Təəssüf edirəm ki, belə bir hadisə baş verib. Hesab edirəm ki, Ədalət Verdiyevin məqsədi məxfi məlumatları yaymaq olmayıb, yalnız şəxsi ambissiyasına yenik düşüb. Çox güman ki, cəmiyyətə özünün bəziləri üçün əlçatmaz hesab edilən informasiyaya malik olduğunu nümayiş etdirmək istəyib. Hazırda istintaq gedir və hesab edirəm ki, belə bir mərhələdə hər hansı qəti fikir söyləmək düzgün deyil. İstintaq bitəndən sonra məsələyə aydınlıq gətiriləcək və o zaman daha konkret şərh vermək olar.
Sual: Bu yaxınlarda siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamında ittiham olunaraq 13 il azadlıqdan məhrumetmə cəzası aldı. O da iqtidaryönlü biri kimi tanınırdı. İndi də Ədalət Verdiyev dövlət sirrini yaymaqda ittiham olunur. Sanki bu məsələlərdə bir oxşarlıq var. Ona görə də dediyim kimi şübhə yaradır. Ola bilərmi, hakmiyyət özünün adamları kimi tanınan şəxslərin üzərində hansısa əməliyyat qurub?
Cavab: Dövlətin təhlükəsizliyi ortada olanda kimin iqtidaryönlü, kimin müxalif olduğu rol oynamır. Dövlətə xəyanət edən şəxsin “hakimiyyətin adamı” olub-olmamasının fərqi yoxdur. Bir neçə il əvvəl yüksək rütbəli şəxslər arsında da dövlətə xəyanət əməlləri aşkar edilmişdi. Hesab edirəm ki, burada oxşarlıq yoxdur. Nəzakət Məmmədovanın əməlində dövlətə xəyanət tam sübut olunub. Məmmədovanın çox açıq şəkildə Rusiyanın maraqlarına xidmət edən əməlləri var.
Sual: Bir neçə gün əvvəl İstanbulda 70 kiloqram qızılla tutulduğu iddia olunan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov Bakıya gətirilərək barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.2, 206.3.3 (Azərbaycandan kənarda törədilməklə, bir qrup şəxs tərəfindən və qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb. Bu neçənci haldır ki, dünyanın harasındasa bir pul, valyuta, qaçaqmalçılıq skandalları baş verirsə altından azərbaycanlı məmur çıxır. Bu dəfə isə hərbi attaşe. Bu nədən xəbər verir?
Cavab: Təəssüf ki, qeyd etdiyiniz şəxsin diplomat statusundan sui-istifadə edərək qaçaqmalçılıqla məşğul olduğuna əsaslı şübhələr var. Bu işdə də istintaq hələ yekunlaşmayıb, ona görə də qaçaqmalçılığın təkbaşına, ya mütəşəkkil formada həyata keçirilməsinə istintaq aydınlıq gətirəcək.
Sual: Dövlət bu kimi halların qarşısını almaq üçün hansı addımlar atmalıdır?
Cavab: Hesab edirəm ki, son həbsləri elə dövlətin atdığı addımlar kimi dəyərləndirmək olar. Bu həbslər həm də paralel olaraq profilaktik xarakter daşıyır. Əlbəttə, qabaqlayıcı addımlar atmaq üçün maarifləndirici söhbətlərə də ehtiyac var. Perspektivdə belə halların təkrar olmaması üçün xüsusilə media işçiləri ilə maarifləndirici müzakirələrin aparılması məqsədə uyğundur.
Sual: Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin noyabrın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, quru sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəyə axını ilə nəticələnə bilər. Sizcə, həqiqətən quru sərhədləri bu məsələyə görə qapalı saxlanılır?
Cavab: Quru sərhədlərin ilkin dövrdə bağlanması pandemiya ilə əlaqədar idisə, sonradan qonşu dövlətlərin- konkret olaraq Rusiya və İranın gərginlik ocağına çevrilməsi nəticəsində ölkəmiz böyük bir qaçqın axını ilə üzləşə bilər. İranda yaşayan soydaşlarımızın və Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə Azərbaycana daxil olması böyük problemlər yarada bilər. Ona görə də Rusiya-Ukrayna və İsrail- İran qarşıdurmasının hər an fəlakət həddinə çevrilməsi nəticəsində ölkəmizə qaçqın axını ola bilər. Bu vəziyyətin ölkədə qarşısıalınmaz problemlərə səbəb ola biləcəyi şübhə doğurmur.
Sual: Amma qonşu ölkələrdə quru sərhədlər açıqdır. Bəs həmin ölkələrə bu təhlükələr yoxdurmu? Yəni niyə qonşu ölkələr bu barədə düşünmür, ancaq Azərbaycan bu barədə düşünməli olur?
Cavab: Azərbaycan qədər qonşu ölkələrə qaçqın axını gözlənilmir. Hətta, Ukrayna müharibəsi başlayanda Rusiyanın özündən təyyarə ilə Azərbaycana xeyli insan gəlib. Bu baxımdan quru sərhədlərin müvəqqəti olaraq bağlı olması Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlıdır.
Kamran Mahmudov