“Vergilər naziri və müşavirinin bankda xüsusi seyfi vardı…”

28-11-2024, 13:09   



Süleymanov qardaşları “Atabank”da baş verənlərdən danışıb

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin sabiq baş zabiti, “AtaBank”dan götürülmüş 42.5 milyon manat pulu mənimsəməkdə ittiham olunan Zahid Niftəliyevlə bağlı məhkəmə araşdırmaları davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Budəfəki məhkəmə iclasında Xamis və Xəyyam Süleymanov qardaşları şahid qismində ifadə verib. Qardaşların hər ikisi uzun müddət “AtaBank”da işləyib.

Xamis Süleymanov bildirib ki, bankda seyf xidmətləri və inkassasiya bölməsinə rəhbərlik edib. Bu səbəbdən fərdi müştərilərlə, məsələn, kredit götürən, əmanət qoyan və s. şəxslərlə təmasda olmurdu. Ona görə təqsirləndirilən Zahid Niftəliyevi də tanımadığını vurğulayıb.
Şahidin məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğuna görə onun istintaqdakı ifadəsi elan edilib. Orada göstərilib ki, Xamis Süleymanovun mərhum vergilər naziri Fazil Məmmədovla münasibətləri yaxşı olub. Elə onun vasitəsilə də 1997-ci ildə “AtaBank”a işə düzəlib.

Şahid ifadəsində deyib ki, bankda iki əsas pul seyfi olub. Birinci seyfdə rəsmi olaraq bank əməliyyatlarının aparıldığı pullar saxlanılıb. İkinci seyf isə Fazil Məmmədov və onun müşaviri Mahir Rəfiyevə məxsus olub. Həmin seyfin açarı Mahir Rəfiyevlə yanaşı, həm də Xamis Süleymanovda olub.

Sözügedən seyfdəki pullarla bağlı demək olar, hər gün Mahir Rəfiyevlə əlaqədə olub. Mahir Rəfiyevin göstərişi ilə müəyyən şəxslər bəzən gətirib pul verir, seyfə qoyulur, bəzən də seyfdən götürülür, onun dediyi yerlərə çatdırılırdı:

“Mən pulları gətirən şəxslərdən alıb, seyfə yerləşdirirdim. Bu seyfin bankın rəsmi kassası və seyfinə aidiyyəti yox idi. Yaxud da lazım olanda Mahir Rəfiyevin tapşırığı ilə aparıb ayrı-ayrı adamlara çatdırırdım”.

Xamis Süleymanov əlavə edib ki, bir sıra hallarda pulları aparıb Vergilər Nazirliyində Mahir Rəfiyevin köməkçisinə xidməti otağında çatdırırdı.

O, istintaqdakı ifadəsində də deyib ki, Zahid Niftəliyevin adına olan şirkətlərə “AtaBank”dan böyük məbləğdə kreditlər ayrılmasından xəbəri olmayıb.

Daha sonra qardaşı Xəyyam Süleymanov dindirilib. O bildirib ki, bankda xəzinədar işləyirdi və təqsirləndirilən Zahid Niftəliyevi də tanıyır. Şahidin sözlərinə görə, ona ayrılmış krediti şəxsən özü kassadan ona verdiyini xatırlayır.

Zahid Niftəliyev isə Xəyyam Süleymanovun yalan danışdığını, bankdan onun adına ayrılmış krediti götürmədiyini bildirib.

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

“Şlyapa Zahid” ləqəbli 69 yaşlı Zahid Niftəliyev bu məsələyə görə keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovu ittiham edir. O bildirib ki, Nəcməddin Sadıkovun tapşırığı ilə onun adına yaradılmış şirkətə bankdan kredit ayrılıb. Lakin pulun nə üzünü görüb, nə də kimə çatdığını bilib.

Zahid Niftəliyevin sözlərinə görə, 2016-cı ildə Nəcməddin Sadıkov onu yanına çağırıb, o zamankı vergilər naziri Fazil Məmmədovun dövlət üçün müəyyən işlər görmək istədiyini, bu məqsədlə kredit lazım olduğunu deyib. Beləliklə, Zahid Niftəliyevin adına olan “Şahin-CO” şirkətinə “AtaBank”dan kredit ayrılıb: “Yoxsa mənə kim idi o boyda kredit verən?”

Zahid Niftəliyevə qarşı külli miqdarda mənimsəmə və məhkəmə qərarını icra etməməmə ittihamları irəli sürülüb.

“Şlyapa Zahid” Müdafiə Nazirliyi sistemində işlədiyi dövrdə “Nəcməddin Sadıkovun adamı” kimi tanınırdı. Onunla bağlı digər cinayət işində də Nəcməddin Sadıkovla əlaqələrindən sui-istifadə edərək, rüşvət alıb, müəyyən adamların xidmət yerini dəyişməkdə, ordudan tərxis etdirməkdə ittiham olunurdu.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar