Bəşər Əsədin kəlləsi əvəzinə Donbas... - Tramp və Putin "barter" edirlər?

Dünən, 09:19   








Suriya mədəni və sivil ərəb ölkələrindən olub. Tarixçilər onu "Şərqin qapısı" adlandırıblar. Ona görə "Şərqin qapısı" uğrunda tarix boyu mübarizə gedib. Bu açarı kim əlində saxlayırsa, bölgənin də hakimi-mütləqi ola bilir. 2011-ci ildə "ərəb baharı"nın dalğası Suriyaya çatanda artıq Bəşər Əsəd iqtidarının müttəfiqləri hərəkətə keçməyə məcbur idilər ki, prosesi tormozlasınlar. Əks halda, çevriliş dalğası daha böyük coğrafiyaya yayılacaq, təsir zonası genişlənəcəkdi. Ona görə də Əsədin tərəfdaşları - Çin, İran və Rusiya rejimi qorumağa başladılar. Bu, təkcə Əsədə görə deyildi, Şərqin qapısı sayılan Suriyanı itirmək olmazdı. Başı daşdan-daşa dəyən Rusiya və İran anladılar ki, bu prosesi əngəlləmək lazımdır, Liviya, Misirdə susqun tamaşa baha başa gəlib. Suriya isə əldən getsəydi, Yaxın Şərq tamamilə əldən getmiş olacaqdı. Nəticə etibarı ilə diktaturaların devrilməsinə səbəb olan "ərəb baharı" Suriyada tormozlandı, küçə hərəkatı xaosa, vətəndaş müharibəsinə, terrora çevrildi. Beləliklə, Suriya terrorçuların oylağı olmaqla, 13 ildir ki, böhran davam edir. Hazırda İraqdan sonra Suriya ikinci ərəb dövlətidir ki, ərazi bütövlüyü təhlükə altındadır, parçalanma vəziyyətindədir. 
Anaxeber.info bildirir ki, 4 ildir Suriyada atəşkəs hökm sürürdü. Lakin gözlənilmədən bu razılaşma pozuldu və İŞİD, əl-Nusra kimi terror qruplarını bir çətir altına yığan "Təhrir əş-Şam" silahlı qruplaşması asanlıqla ölkənin ikinci ən böyük şəhəri olan Hələbi və sonra İdlibi ələ keçirib. Qəribədir ki, üsyançılar ciddi müqavimətlə üzləşməyiblər. Bunun ardınca "Azad Suriya ordusu" adlanan müxalif qruplar Tel-Rıfat şəhərinə nəzarəti təmin edib. Bu üsyançıları Türkiyənin dəstəklədiyi bildirilir və əsasən Suriya türkmanlarından təşəkkül tapıblar. Onlar PKK/YPG kürd terror qruplarını zərərsizləşdirir, Tel-Rıfatdan tam çıxarıb, Menbiçə hücuma hazırlaşırlar. Bütün bu proseslərin 4 il sonra yenidən başlanması çoxlu suallar doğurur. Hadisələrin siyasi və strateji tərəflərinə keçid etməzdən əvvəl bir qədər də informasiyalara ehtiyac var ki, mənzərə tam aydın olsun. Əvvəla, bura qədər aydın oldu ki, Suriyada böhran necə başlanıb, Əsəd rejimini hansı ölkələr qoruyur. Hazırda Rusiyanın da, İranın da bu ölkədə hərbi bazaları var. Suriyadakı SEPAH qərargahları, bazarları vaxtaşırı İsrail tərəfindən vurulur. İranpərəst güclərin və Tehran rejiminin proksi qüvvəsi "Hizbullah"ın Hələbdə təsir imkanları, nəzarəti mövcud idi. Ruslar isə aviasiyası və quru qoşunları ilə Suriyaya yerləşiblər. Yəni bizim şimal və cənub qonşularımız Suriyada da müttəfiq kimi çıxış edirlər, Əsəd rejimini qoruyurlar.
Kürd terror qrupları olan YPG/PYD isə ABŞ-ın maliyyəsi ilə fəaliyyətdədir. Türkiyə NATO-da hər nə qədər ABŞ-la müttəfiq olsa da, onun sponsorluq etdiyi terrorçuları sərhədlərindən uzaqlaşdırır. Göründüyü kimi, Suriya poliqondur və müxtəlif güclərin maraqları burada, həm toqquşur, həm nüfuz savaşı aparır. Amma ilk növbədə Əsədə qarşı başlanmış bu əməliyyatlarda Rusiya və İran önə çıxır. Çünki məhz "Hizbullah" - İsrail atəşkəsindən dərhal sonra İranın dəstəklədiyi daha bir ərəb ölkəsi - Suriyada proseslərin körüklənməsi yeni bir cəbhənin açılmasından xəbər verir. Təbii ki, həm də Rusiya üçün cəbhə açılır. Ukraynada, Qəzzada və digər münaqişə ocaqlarında şərik olan Rusiya ilə İran üçün növbəti cəbhə Suriyadır. Yorğun Rusiyanın isə bir neçə cəbhədə döyüşməyə taqəti qalmayıb.
Hazırda Suriyanın şimal-qərbi onun hakimiyyətinə qarşı olan üsyançıların, şimal-şərqi isə PKK/YPG-PYD terror qruplaşmasının əlindəddir.
Ümumən savaşın iştirakçıları bunlardır: Əsədin nizamlı silahlı və yarımhərbi qüvvələr (Suriya Ərəb Silahlı Qüvvələri, Milli Müdafiə Qüvvələri və s.), “mötədil” Suriya müxalifətinin birləşmələri, Azad Suriya Ordusu, ərəb sünni qəbilə qüvvələri, PKK/YPG-PYD, həmçinin müxtəlif növ islamçı və cihadçı terror qrupları, o cümlədən İŞİD, əl-Nusra Cəbhəsi (hazırda Heyət Təhrir əl-Şam) və s. Bu savaşa xaricdən çoxlu sayda könüllü də qatılır. Onları xarici dövlətlər silah-sursat, hərbi texnika və başqa avadanlıqlarla təchiz edir.Əsəd rejimi İran və Rusiyanın yardımı ilə ölkə ərazisinin 60 faizinə nəzarət edirdi. İndisə nəzarət zonası daralıb: Hələb, İdlib, Tel-Rıfat götürülüb, digər ərazilər də ələ keçirilə bilər. 
Bu prosesdə telefon marşrutu da maraqlıdır: Əsəd Moskvaya gedir, sonra İran lideri Pezeşkianla zəngləşir, eyni gündə iranlı prezident Kreml lideri Putinə telefon açır. Bu təmaslar göstərir ki, Əsəd dəstək istəyir, məhz onlara görə dayandığını deməyə çalışaraq şantaja əl atır. Hətta Türkiyədən də yardım üçün təmas variantı axtarır ki, Ərdoğanla danışsın. Bir sözlə, Suriya lideri üç ölkə arasında qalıb. Burada hər kəs öz payını götürür: Türkiyə fürsət bilərək Suriya ilə sərhəddə kürd terrorçuları məhv edir, Rusiya və İran hərbi bazalarını saxlamağa çalışır, Əsəd rejimini qorumaq istəyir, Qərb isə üsyançıların əli ilə Tehran və Moskva üçün daha bir cəbhə açmış olur. Sözsüz ki, Suriyada daha bir kürd muxtariyyatı qurmaq, sərvətlərə sahiblənmək, İraqın şimalındakı  ssenarini təkrarlamaq da mühüm hədəflərdən biridir. Amma ilk növbədə Rusiya üçün Ukrayna ilə paralel Suriyada yeni başağrısı yaradılır. Eyni zamanda, analitiklər Əsədin qurban verilməsini də istisna etmirlər. Rusiya Donbas müqabilində müttəfiqi Əsədi satır, Suriyadan çıxır. Çünki ABŞ hərbi bazaları Suriyada qalıb və Tramp əvvəli prezidentliyi dövründə çıxarmağa söz versə də, əməl etmədi. İndi kim bilir, yaxşı dil tapdıqları deyilən Trampla Putin bəlkə anlaşaraq "barter" edirlər? - Əsədin başı verilir, Suriya Amerikanın olur, kürdlərə ikinci bir muxtar hökumət qurulur, əvəzində Vaşinqton Donbası Rusiyaya keçir, Ukraynada atəşkəsə gedilir?! Suallar və versiyalar çoxdur, hələ ki real görünən ehtimallar bunlardır. Ancaq buna İran razı olacaqmı? Axı Suriya "Şərqin qapısı"dır...



Azər Talıbov 

Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar