Bakıda özünü yandıran sürücünün anası danışdı: "Dərəbəylikdi?" (VİDEO)
29-01-2015, 01:35
Bakıda sürücü özünə od vurub yandırıb. Ağır xəsarətlər alan şəxs Respublika Yanıq Mərkəzinə çatdırılıb.
ANS TV-nin məlumatına görə, bu gün axşam saatlarında Bakının Yasamal rayonu ərazisində, 20 yanvar dairəsində intihar cəhd halı qeydə alınıb. Sözügedən ərazidə nəqliyyat müfəttişlərilə mübahisə edən sərnişin daşımaqla məşğul olan ”Ford” markalı mikroavtobus sürücüsü üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb olunub. Polis 20 yanvar dairəsində asayişi bərpa edib. Xəsarət alan sürücü 1976-ci il təvəllüdlü Hümbətov Arzuman Hətəmxan oğlu isə ağır vəziyyətdə 5 sayl şəhər xəstəxanasını yanıq mərkəzinə yerləşdirilib.
Həkim Almaz Seyidovun sözlərinə görə, xəstə üz, baş və boyunun 2-3 dərəcəli texniki yanıq diaqnozu ilə gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir. Yuxarı tənəffüs yolları yanıb. Hələlik xəstənin həyatı üçün təhlükə az da olsa var”.
Özünü yandıran Arzuman Hümbətovun yaxınlarının dediyinə görə, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb. Şahidlərin sözlərinə görə, hadisə sürücü yaşadığı Ceyranbatan qəsəbəsinə getmək istəyən zaman baş verib.
Özünü yandıranın qardaşı Rəhim Abuzərov: "Mənə zəng edib dedilər ki, qardaşını "20 yanvar"da saxlayıb döydülər, sonra da maşını əlindən aldılar. Qardaşın da bezini götürüb özünü yandırdı. İndi həkim bildirir ki, vəziyyəti ağırdır. Qardaşımın iki uşağı var, kirayədə qalır”.
Özünü yandıranın anası Sahilə Hümbətova isə bildirdi ki, Arzuman Hümbətov ağır bir şəraitdə yaşayır və əlil uşağı var: "Məgər dərəbəylikdi".
Nəqliyyat Nazirliyindən isə ANS-ə bildiriblər ki, sürücü qanunsuz sərnişin daşımaqla məşğul olduğu üçün müfəttişlər onun barəsində protokol tərtib etmək istəyiblər. Bu zaman yaranan insident zamanı Arzuman Hümbətov avtomobildə gəzdirdiyi benzini üzərinə tökərək özünü yandırıb.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma başlanılıb. Araşdırmalardan sonra isə hadisənin təfərrüatlarına aydınlıq gətiriləcək.