Bəy toyundan bir gün sonra qeyri-adi hadisə ilə qarşılaşıb.
Adananın Kozan mahalında yaşayan bir nəfər şəxs toyunun səhəri günü həyat yoldaşı tərəfindən aldadılıb.
İddiaya görə, təzə gəlin toyda ona hədiyyə edilən qızıl-zinət əşyalarını, eləcə də pulları götürərək aradan çıxıb. Bundan xəbər tutan ər isə dərhal hadisə ilə bağlı polisə şikayət ərizəsilə müraciət edib.
Qeyd edək ki, ictimai təşkilatların birində çayçı kimi çalışan bəy – Fatih Çakır əslən Osmaniyenin Kadirli mahalından olan 20 yaşlı A.M. adlı xanımla tanış olub. Bir müddət sonra ailə həyatı qurmağa qərar verən cütlük bu il yanvarın 8-də rəsmi nikaha giriblər. Yanvarın 24-də isə onlar adət-ənənəyə uyğun olaraq özlərinə toy şənliyi təşkil ediblər. Doyunca oynayıb əyləndikdən sonra cütlük bəyin öncədən kirayə götürdüyü evə yollanıb.
Hər şey də bundan sonra başlayıb. Belə ki, gəlin toyun səhəri günü nahar yeməyindən sonra evdəki qızıl-zinət əşyalarını və pulları götürərək aradan çıxıb. İlkin məlumatlara görə, ərini soyan qadın Osmaniyenin Kadirli mahalına qaçıb.
Çıxılmaz vəziyyətdə qalan ər ilk öncə məsələ ilə bağlı valideynlərini, qohum və tanışlarını məlumatlandırıb. Bundan sonra isə şikayət ərizəsilə polisə müraciət edib.
Həyat yoldaşı tərəfindən aldadılan ər isə polisə verdiyi ifadəsində «Təxminən, bir ay bundan öncə dostumun məsləhətilə A.M. ilə tanış oldum. Bir qədər görüşdükdən sonra evləndik. Əşyalarımızı aldıq, evimizin hər şeyini tamamladıq. Evdə heç bir əskiyimiz yox idi. Lakin bunlar kələkbazlar imiş» deyə bildirib.
Fatih Çakırın sözlərinə görə, onun həyat yoldaşı Osmaniyenin Kadirli və Sumbas mahallarında da bu cür fırıldaqçılıq edib: «Mən hələ indi öyrənirəm ki, arvadım Kadirli və Sumbas mahallarında da bu tip kələkbazlıq edib. O, təxminən, 15 min lirəlik qızıl, 20 min lirə isə nağd pulu oğurlayıb. Onun tez bir zamanda yaxalanıb cəzalandırılmasını tələb edirəm».
Faktla bağlı araşdırmalar davam edir.//sonxeber.info/