İŞİD-in iordaniyalı pilot və yapon jurnalistə qarşı azad olunmasını tələb etdiyi iraqlı kamikadze Sacidə ər Rişavinin qruplaşma üçün əhəmiyyəti bütün dünyada müzakirə mövzusuna çevrilib.
ANS PRESS-in məlumatına görə, bəziləri qruplaşmanın Rişavini tələb etməsini təəccüblə qarşılayıb. Belə ki, törətməyə çalışdığı kamikadze hücumu uğursuz olduğu üçün ər-Rişavi mənsubu olduğu “əl Qaidə”nin gözündən düşmüşdü. İraqda olan əşirəti isə onu qəbul etmək istəmir.
“New York Times” qəzetinə müsahibə verən iordaniyalı jurnalist Linda Mayeh terrorçu qadının siyasi və sosioloji heç bir dəyərinin olmadığını deyib: “9 ildir onu heç kim axtarmayıb. Əgər İŞİD onu istəsəydi, ilk gündən niyə axtarmırdı?”
Beynəlxalq Böhran Qrupundan Yost Hilterman bunun aldadıcı gediş olduğu düşüncəsindədir.
“Aldadıcı fənd kimi görünür. Mən hesab edirdim ki, İŞİD İordaniyada həbsdə olan daha əhəmiyyətli terrorçularının azadlığa buraxılmasını tələb edəcək”.
“AFP”yə müsahibə verən İslamçı qruplaşmaların araşdırmaçısı Həsən əbu Haniyənin fikrincə, Rişavinin heç bir simvolik dəyəri yoxdur.
“Rişavi əl-Qaidənin İraq lideri Zərqavi ilə birlikdə İŞİD terror qruplaşmasının əsasını qoyan qrupun içində idi. İraqlı, sünni və Ənbar əsilli olması xüsusi önəm daşıyır. Həmçinin, keçmiş əmirlərdən birinin bacısıdır və bütün qardaşları öldürülüb” – deyə Həsən əbu Haniyə bildirib.
2005-ci il noyabrın 9-da əri Əli Şumari ilə birlikdə Əmmanda lüks otellərdən birindəki toy mərasimində bombalı sui-qəsd törətməyə çalışarkən Rişavinin əlindəki pultun işləməməsi onun planını alt-üst edib. Lakin həmin gün Rişavinin əri Şumari və digər iki sui-qəsdçi özlərini partladaraq 60 nəfərin ölməsi ilə nəticələnən hadisəyə səbəb olmuşdular.
Hücumdan bir neçə gün sonra üzərində pultlu pencəklə televiziyaya çıxaraq hadisəni etiraf edən Rişavi 9 ildir ki, təcridxanada saxlanılır. Qohumlarından birinin polisə məlumat verməsi nəticəsində onun yaxalandığı qeyd edilir.