"Qafqazinfo" Azadlıq qəzetinə istinadən Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin başına gələnlər barədə yazdıqlarının növbəti hissəsinin oxuculara təqdim edir:
Qeyd edək ki, Vüqar hadisəni bədii üslübda, üçüncü şəxsin dilindən yazıb. Bu hissədə Ruslanın qətlinin necə baş verdiyi təsvir olunur. Beləliklə, Vüqar Əliyev yazır:
* * *
“May ayının 8-i idi. Adəti üzrə səhər dükana gələn Vüqar malları yerbəyer edib qurtardıqdan sonra dükanın qabağına çıxmışdı. Artıq bir ay idi ki, Lamiyə ilə görüşməyən Vüqar çalışırdı ki, bunu heç kimin yanında biruzə verməsin, heç olmasa may ayının 20-nə kimi. Qərara gəlmişdi ki, 21 mayda nişanı qaytarsın. Dükanın qabağında bu cür fikirlərə qərq olan Vüqar səs gələn tərəfə baxanda Ruslanın maşınını gördü.
- Salam, Vüqar. Yaxşı ki, səni burda tapdım.
- Yenə nə olub? Sözlü adama oxşayırsan.
Vüqar onun dilxor olduğunu hiss etdi.
- Bilirsən, Vüqar, qəbirstanlığın yanında olan söhbətimizdən hələ özümə gəlməmişəm. Bu Lamiyə çox təhlükəli qızdı. Mən ondan qorxuram. Səndən bir qardaş kimi xahiş edirəm, bir gün bizi üzləşdir.
- Nə vaxt desən, mən hazır! Istəyirsən elə indi gedək.
- Qardaş bir saata anamla Gədəbəyə gedirəm. Gəl axşam saat 12-nin yarısında görüşdür bizi.
- Onda gedək, məni Lamiyəgildə düşür, get.
Ruslan eşitmişdi ki, Lamiyə deyib, onu bədbəxt edib boynuna almadığı üçün Ruslanı heç vaxt bağışlamayacaq. Vaxtilə Şəmkirdə Lamiyənin atasına “atoynadan” deyirdilər. Ruslan qorxurdu ki, Lamiyə görüş zamanı ona nə isə edər. Ona görə onunla görüşə Vüqarın da gəlməyini istəyirdi. O çox yaxşı bilirdi ki, bu üzləşmənin Vüqar üçün heç bir əhəmiyyəti yoxdur. O onsuz da nişanı qaytaracağını demişdi. Lamiyənin evinin qabağında Vüqar maşından düşüb Ruslana dedi ki, axşam saat 12-nin yarısında məni dükandan götürərsən.
Lamiyə Vüqarın gəldiyini görüb təşvişə düşdü.
- Salam, Lamiyə, necəsən?
- Əgər gəlişinin məqsədi nişanı dediyim vaxtdan tez qaytarmaqdısa çox pis!
- Mən sözü bir dəfə deyirəm. O barədə narahat olma. Məni bura Ruslan gətirib. O istəyir ki, səninlə onu üzləşdirim. Onun barəsində dediklərini boynuna almır.
- Elə mən də bir aydı fikirləşirəm ki, Ruslanla necə görüşüm. Zənglərimə cavab vermir, ona xəbər göndərsəm də mənimlə danışmaqdan qaçır. Mənim düz olduğumu bu gün sən də görəcəksən.
- Hansınızın düz, hansınızın yalan olduğu məni maraqlandırmır. Artıq olan olub. Ruslan məndən xahiş etdi ki, üzləşmədə mən də olum. Yoxsa söz verdiyim kimi mayın 20-nə kimi səni narahat etməyəcəkdim.
Lamiyə qapıya sarı gedərək Vüqara təşəkkür elədi. Evdəkilərin Vüqarın belə soyuq münasibətini görməyini istəmirdi.
* * *
Artıq bir aya yaxın idi ki, balıncının altında saxladığı xəncərə oxşayan iti bıçaq yadına düşdü. Iki ay qabaq o bıçağı Vüqar ona gətirəndə demişdi: “Bu bıçağı saxla. Toyumuzda kəsilən mal-qaranı bu bıçaqla kəsəcəyik, əhd eləmişəm.
Indi isə arxaya baxmadan çıxıb gedən Vüqarın əhdini öz əhdi ilə əvəzləyən Lamiyə hər axşam bıçağı balıncının altına qoymazdan öz əhdini pıçıltı ilə deyir, intiqam hissi ilə köksü od tutub yanırdı.
Saat 12-yə 20 dəqiqə işləmiş Ruslan Vüqarın dükanının qabağında maşını saxladı. Vüqar Ruslanı kefsiz görüb dedi:
- Gözümə birtəhər dəyirsən, istəyirsən görüşü sabaha saxlayaq.
- Bir problem varsa o da Lamiyə ilə üzləşməyimdi. Ən çox qorxduğum bir şey varsa o da qadınların şəridi ki, başıma gəldi. Indi gəl sübut elə ki, kim düzdü.
Lamiyə kimi qızları bədbəxt etməklə rayonda ad çıxaran Ruslanın bu cür danışmağı Vüqara gülünc gəldi.
- Sənə neçə dəfə demişəm ki, mənə bu cür nağılları danışma. Dədənin şotuna kəsdiyin başa nə vaxt sorğu-sual olub ki, indi də bir qızcığazdan qorxasan. Mən hələ də başa düşmürəm ki, bu üzləşmə nəyə lazımdı.
Lamiyəgilə çatanda Ruslan Vüqara dedi: “Sən get Lamiyəni çağır, mən də beşinci küçənin tinində sizi gözləyim”.
Lamiyə qapının ağzına xalası qızını qoymuşdu ki, Vüqar gələndə onu çağırsın. Xalası qızı içəri girdi və Lamiyəyə dedi ki, Vüqar çöldə onu gözləyir.
- Get de ki, indicə gəlirəm.
* * *
Lamiyə qızı yola salandan sonra yastığının altındakı xəncərə oxşar bıçağı götürüb şalvarının belindən içəri salaraq gizlətdi.
07 markalı qara rəngli “Jiquli”nin yanında dayanan Ruslan Vüqarla Lamiyənin gəldiyini görüb siqareti yerə atdı.
Onlar maşına əyləşdilər. Lamiyə Ruslanın arxasında oturdu, bunu görən Vüqar təəccüblə Lamiyədən soruşdu:
- Ruslanla sən üzləşəcəksən amma arxada oturmusan, belə üzləşəcəksən?
- Nə fərqi var əsas odur ki, bir-birimizi eşidək.
Lamiyəni görən kimi üzləşmənin səs-küylü keçəcəyini başa düşən Ruslan maşını şəhərin qırağında sakit bir yer kimi tanınan “SMU-28" deyilən yerə, arxın qırağına sürdü.
- Maşını hara sürürsən, onsuzda çox gecdi - Vüqar dedi.
- Bağışla qardaş, səni də işindən gücündən elədim. Deyirəm bu söhbətə birdəfəlik son qoymaq üçün sakit bir yerə çəkilək. Ona görə də “Morul” arxının qırağına sürürəm.
Ruslan arxaya çönmədən güzgüdən Lamiyəyə baxaraq soruşdu:
- Mənim barəmdə dediklərini sənin özündən eşitmək istəyirəm.
- Görürəm mənim kimi bədbəxt elədiyin qızların içi mən qarışıq say-hesabını bilmirsən. Mən sənin yadına salaram. 7-ci sinifdə oxuyanda əli avtomatlı əsgərlə gəlib mənə tapança ilə hədə-qorxu gələrək məni zorladığın yadına düşür?
- Qaqa, hamısı yalandı! Yüz il bundan qabaq yazılan nağıl kimi danışır. Gör üstündən nə qədər vaxt keçib. Sübut elə! deyərək Vüqarın biganəliyini görüb güzgüdən yenə baxanda bıçağın parıldayan tiyəsini görməklə kürəyində kəskin ağrını hiss etməyi bir oldu. Bu cür cavab alacağını bilən Lamiyə bıçağı hazır tutaraq Ruslan sözünü qurtaran kimi “Mən yalan deyirəm? Bəs bətnimdəki uşaq kimdəndir?” deyərək Ruslanın kürəyinə bıçaq zərbələri endirməyə başladı. Kürəyinə dəyən bıçaq zərbələrindən özünü itirən Ruslan: “Qaqa kömək elə! Qoyma məni öldürsün!” qışqıraraq əlləri əsə-əsə qapını açmağa çalışdı.
Ruslanın qışqırığına arxaya dönən Vüqar Lamiyənin əlindən tutaraq onu söhbətə tutdu. “Sən neylədiyini bilirsən? Sakit ol! Özünə gəl. De görüm hansı uşaqdan söhbət gedir? Niyə mən bunu bilmirəm?” deyərək Lamiyəni sual yağışına tutub başını qatmaqla Ruslanın maşından çıxmağına bir anlıq şərait yaratdı.
- Mən səni sevdiyimə görə bunu səndən gizlətmişdim. Ümid edirdim ki, bir təhər uşağı salaram. Iki ay bundan qabaq Almaz xalagildən gələndə yolda tutub hədə-qorxu gələrək yenə də məni zorladı. O gündən hamilə qalmışam.
Cəld maşından düşən Vüqar Ruslanın əlindəki telefonla zəng etdiyini gördü. Aldığı bıçaq yaralarından zorla ayaq üstə dayanan Ruslan Lamiyəni maşından düşən görüb. “Sənin nəslini yer üzündən sildirəcəm! Anadan olduğun günə lənət oxuyacaqsan” deyərək ona hədə qorxu gəlirdi.
Lamiyə “Eşitdin nə deyir? Yox bu alçağı sağ qoymaq olmaz” deyib Ruslana tərəf qaçdı. Və “Öl alçaq! Bu da bətnimdəki günahsız körpəyə görə” deyərək arxası üstə uzanmış Ruslana ardı-arası kəsilməyən bıçaq zərbələri endirdi. Vüqar şokdan heç cür ayıla bilmirdi...."
Ardı olacaq...