Ukrayna Baş Qərargahı 10 min əsgərin mühasirəyə alındığını təsdiqləyir - YENİLƏNİB, FOTOLAR

30-01-2015, 15:40   
Ukrayna Baş Qərargahı 10 min əsgərin mühasirəyə alındığını təsdiqləyir - YENİLƏNİB, FOTOLAR
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbə Donetsk vilayətinin Uqleqorsk şəhəri üzərində nəzarətin itirildiyini təsdiqləyib.

“Uqleqorsku separatçılar ələ keçirib. Mahiyyətcə bu, mühasirə həlqəsinin (Debaltsovo katyolu) qapanması deməkdir” -deyə mənbə Ukrayna KİV-lərinə bildirib.

Virtualaz.org saytı xəbər verir ki, deputat Semyon Semyonçenko da Uqleqorsk şəhərinin separatçılar tərəfindən tutulduğunu təsdiqləyib.

O, deyib ki, separatçıların dəstələri günlər əvvəldən başlayaraq dinc sakinlər adı altında şəhərə daxil olub, daha sonra Ukrayna qoşunlarına arxadan zərbə vurub.

“Uqleqorskda düşmənin zirehli texnikası hərəkət edir, hər yerdə snayperlər var, şəhərdə mövqelərini durmadan möhkəmləndirirlər” -Semyonçenko yazıb.

* * *
12:20

Donbasda yenidən qızışan döyüşlərdə Ukrayna ordusu dramatik vəziyyətə düşüb.

Virtualaz.org saytı xəbər verir ki, qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko “Rossiya 24” telekanalına müsahibəsində 10 minlik Ukrayna qoşun birləşməsinin mühasirə həlqəsinə düşdüyünü açıqlayıb.

Onun sözlərinə görə, “Donetsk Xalq Respublikası”nın qüvvələri Uqleqorsk şəhərini alandan sonra “katyol” praktiki olaraq bağlanıb. İndi Ukrayna ordusunun mühasirəyə düşən hissələrinin silahı təhvil verib getməkdən başqa yolu yoxdur.

A.Zaxarçenko Uqleqorsk şəhərinin hazırda “təmizləndiyini”, artilleriyanın işlədiyini, şəhərin cəmi bir günə alındığını bildirib.

“Bu gündən etibarən biz Debaltsovo “katyol”unu bağlayırıq. Mühasirə həlqəsindən çıxmaq üçün yeganə yol var ki, o da bizim artilleriyanın zərbələri altındadır. Yaxın iki-üç saat ərzində bu yolla geri çəkilməyə cəhd edənlər bizim artilleriyanın hədəfi olacaq” -Zaxarçenko bildirib.

Separatçıların rəhbərinin dediyinə görə, “katyol”da 10 minə qədər Ukrayna hərbçisi var. Bu, Ukrayna ordusunun döyüşkən hissəsinin praktiki olaraq hamısı deməkdir.

Mühasirəyə düşən hissələr Qorlovka və Lozovoye istiqamətindən əks hücuma keçməyə cəhd etsə də uğursuzluğa düçar olaraq geri çəkiliblər.



Ukrayna tərəfi isə hələlik mühasirə həlqəsinin daraldığını və orada 10 minə qədər hərbçinin qaldığını təsdiqləmir.

Kiyev bildirir ki, hazırda Debaltsovo şəhəri uğrunda döyüşlər davam edir və şəhər hələ separatçıların nəzarətinə keçməyib. Buna baxmayaraq həmin istiqamətdə separatçılar əlavə qüvvələr cəmləşdirirlər.

Ukrayna Milli Təhlükəsizlik Şurasının rəsmisi Lısenko bildirib ki, Debaltsovonun mühasirəyə düşdüyü haqda deyilənlər yalandır və terrorçuların bu istiqamətdə hücuma keçən qüvvələri darmadağın edilib, onlar çoxlu itkilər veriblər.



Xatırladaq ki, ötən ilin yayında da Rusiyadan dəstəklənən separatçılar eyni taktika ilə Ukrayna ordusunun 10 minlik qoşun birləşmələrini mühasirəyə almışdılar və onları böyük itkiyə məruz qoyaraq geniş əraziləri ələ keçirmişdilər.

Mətbuat yazırdı ki, Ukrayna ordusunun iri qoşun birləşməsinin mühasirəyə alınması məşhur sovet sərkərdəsi, marşal Jukovun Hitler ordusuna qarşı şərqi Ukrayna cəbhəsində tətbiq etdiyi taktika əsasına baş tutub.

Jukovun Hitler ordusunun iri qoşun qruplaşmasının mühasirəyə alınması ilə nəticələnən hücum taktikası Rusiya silahlı qüvvələrinin Baş Qərargahında saxlanılır və tədris vəsaiti kimi istifadə olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.