"Qafqazinfo" Azadlıq qəzetinə istinadən Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin başına gələnlər barədə yazdığı romandan növbəti hissəsini oxuculara təqdim edir:
Qeyd edək ki, Vüqar hadisəni bədii üslübda, üçüncü şəxsin dilindən yazıb. Bu hissədə Ruslanın qətlinin necə baş verdiyi təsvir olunur. Beləliklə, Vüqar Əliyev yazır:
***
“Lamiyə zərbənin gücündən Ruslanın sinəsini deşib torpağa sancılan bıçağı çıxarda bilmədiyinə görə dedi:
- Vüqar, kömək elə bıçağı çıxardım
- Sən fikirləşirsən nə deyirsən? Məni bu işə qatma! Mən o bıçağa əlimi vura bilmərəm.
Nevroloji dispanserdə qeydiyyatda olan Vüqar 14 yaşından kəllə-beyin travması aldığına görə bu günə kimi mütəmadi olaraq müalicə alırdı.
Lamiyənin törətdiyi əməl, gördüyü qan onda xəstəliyin simptomlarını oyatmışdı. Vüqar Lamiyənin səsinə geri döndü:
- Heç olmasa kömək elə meyiti maşına aparaq, gücüm çatmır. Bıçağı çıxardanda əlimi bərk kəsmişəm.
Ruslanın yerə düşən telefonuna durmadan zənglər gəlirdi. Vüqar telefonun səsindən bezib batareyasını çıxararaq kənara atdı. Vüqar Ruslanın ölüb-ölmədiyini öyrənmək, hər hansı bir kömək edə bilmək üçün Ruslana yaxşınlaşdı. Ruslanın başını qaldırdı.
- Artıq gecdir. Cəhənnəmə vasil elədim alçağı! Ona heç cür kömək edə bilməzsən. Amma maşın çox uzaqdadı. Onu ora apara bilmərik. Gəl sürüyüb arxa ataq.
- Bununla sən nə qazanmaq istəyirsən? Onsuz da bu işin üstü açılacaq, o qədər iz buraxmısan ki!
- Kimi tapaqcaqlar, məni? Ruslanın nə qədər bədbəxt elədiyi qızlar varsa, iki o qədər də düşməni var. Axtarsınlar görüm kimdən şübhələnəcəklər? Yola baxanda arx daha yaxındır.
Vüqar razılıq əlaməti olaraq Ruslanın ayağından tutdu. Lamiyəyə baxıb dedi:
- Gəl o biri ayağından da sən tut. Bəlkə belə sürüyüb arxa kimi apardıq.
Ruslanı arxa atandan sonra çıxıb getmək istəyirdilər ki, Lamiyə ayaqqabılarını maşında unutduğunu xatırladı. Maşına tərəf getdi və geri qayıdıb dedi ki, ayaqqabılarını tapa bilmir.
- Gəl səni evə aparım, mənə bir köynək ver geyinim. Köynəyim qan içindədi, belə evə gedə bilmərəm - deyərək Vüqar cib dəsmalı ilə yaralı əlini bağladı.
- Əlinə nə olub?
- Maşında o qədər hirsli idin ki, səni saxlamaq istəyəndə məni də yaraladın.
Lamiyə pərt oldu, bir an duruxdu daha sonra soruşdu:
- Deyərik ki, yolda bir-iki sərxoş bizə sataşdı. Biz də dalaşmağa məcbur olduq.
Oğlundan xəbər çıxmadığını görən Aslan Aslanov əsgərləri çağırıb oğlunun maşını tapılan arxın qırağına getdi.
Öz bölgəsində “diktator” rejimi yaradan Aslanovun qorxusundan “Morul” arxının ətrafı maşınlarla dolmuşdu. Kimisi qorxusundan, kimisi də yaltaqlanmaq üçün yarıyuxulu “kreslo” sahibləri “qubernator”un oğlunu axtarmağa çıxmışdılar.
Aslanov maşından düşən kimi arxın qırağında dairə vurub nəyəsə baxan adamları görən kimi ürəyi sancdı.
Aslanovun birinci müavini məruzə etdi ki, Ruslanın maşınına baxış keçirilib. Maşında qadın ayaqqabıları tapılıb.
Bu sözü eşidən Aslanov inildədi:
- Bu ləçər qisasını aldı. Indi növbə mənimdir. Tez olun Vüqarı gətirin idarəyə! Mən orda olacam.
Rayon prokuroru Ruslanın maşınını tapan Asimlə Vüsalın ifadələrini almışdı. Maşına baxış keçirmiş və bu qənaətə gəlmişdi ki, Ruslanı maşının arxa tərəfindən oturan bir qadın bıçaqlayıb.
Ilkin baxış zamanı cəsəddə aşkar olunmuş 18 bıçaq yarasının 12-si Ruslan sükan arxasında olan zaman kürəyindən vurulmuşdu.
* * *
Aslanov əsəbindən nə edəcəyini bilmirdi. Vüqarı güllələmək keçirdi ağlından. Fikirləşidi ki, onu öldürər və məsələni belə ört basdır edərdilər ki, guya Vüqar Ruslanı, Ruslan da Vüqarı öldürüb. Evə dəyib Icra Aparatına gedən Aslanov yolda Vüqarı və atası Ibrahimi gördü. Vüqarın üstünə gedib dedi:
- Sən mənim oğlumu necə güllələmisən?
- Mən heç kimi güllələməmişəm.
Aslanov əsəbləşib əlini cibindəki silahına atdı. Elə o an da qardaşı Elsevər gəlib onu dayandırdı.
Səhərə kimi bir otaqda qalan Vüqarı nəhayət ki, MTN-də olan ən iri kameralardan birinə, 2 nömrəli kameraya saldılar. Bu kameranın üstünlüyü o idi ki, pəncərəsi çölə baxırdı və ordan qaçmaq olardı.
Aslanovun qurbanına çevrilməmək üçün yeganə çıxış yolunu burdan qaçmaqda görən Vüqar vaxt itirmədən yemək qaşığı ilə pəncərədən divarın aşağı hissəsini qaşımağa başladı.
Vüqar hiss eləmişdi ki, Aslanov Ruslanın ölümünü onun üstünə yıxacaq. Elə buna görə də mütləq qaçmalı idi. Vüqar fikirləşdi ki, görəsən Lamiyəni də tutublar? Axı, bıçaq onda idi. O, heç əlini də vurmayıb bıçağa.
“Kubik”ləri yerindən oynatmağı bacarsa da, Vüqarı o kameradan çıxarıb üç dəfə balaca kameraya apardılar.
Aslanov oğlunun öldürülməsi ilə bağlı Prezident Aparatını, Baş prokurorluğu və Daxili Işlər Nazirliyini ayağa qaldırmışdı.
Səhər Aslanov öz otağına gəlib Tariyeli çağırdı:
- Baş verən hadisəni bütün xırdalıqları ilə bilməliyəm ki, hadisəyə uyğun elə “versiya” irəli sürək ki, inandırıcı olsun. Mən yol verə bilmərəm ki, oğlumun adı ləkələnsin.
- Ekspertdən aldığım məlumata görə Ruslana 18 bıçaq zərbəsi vurulub.
- Deməli vəhşicəsinə - deyərək yumruğunu stola vuran Aslanov hirsini müavini Tariyelin üstünə tökdü.
- Nə durmusan müqəvva kimi ayaq üstə! Gəl otur! Mən onlara göstərərəm vəhşilik necə olur! Kimdi o vəhşi?! Yoxsa hələ tapmayıblar?
- Maşının arxa oturacağının altında bir cüt qadın ayaqqabısı tapılıb. Şəhərdə reyd aparmışıq. Şübhəli şəxs kimi 60-a yaxın qızı sorğu-sual eləmişik. Kifayətin qızı Lamiyə boynuna aldı ki, Ruslan onun namusuna toxunduğu üçün ondan qisas alıb.
- Mən ona yedizdirərəm namusunu! Bunu hələ sübut eləmək lazımdı!
- Əgər onun dediklərinə inansaq danılmaz sübut onun qarnındadı. Sizin qardaşınız Elsevərin dediyinə görə Lamiyə Ruslandan iki aylıq hamilədi.
- Elsevər sabah onu aparar doğum evinə, əgər hamilədirsə o ləçərin içini qaşıyarıq.
* * *
Vüqar kamerada saxlanılırdı. Lamiyənin ona elədiyi hərəkətdən çox əsəbi idi. Lamiyədən ifadə almışdılar və bu ifadəni videoya çəkib Vüqara göstərmişdilər. Onun video kamera qarşısında gözlərinin altındakı qaralmış şişləri göstərərək deyirdi: “Məni Vüqar döyüb, bu hala salıb! O məni məcbur edib ki, Ruslanı öldürüm!”
Lamiyə nəinki onu şərləyirdi həm də deyirdi ki, hər ikimizin ailəsi əvvəlcədən bilirdi ki, Ruslanı öldürəcəyəm.
Vüqarla Lamiyənin üzləşməsindən Aslanov razı qalmışdı. Elsevər Lamiyəni xəstəxanaya aparıb uşağı götürtmüşdü.
Aslanovun tapşırığı ilə Lamiyənin dayısı oğlu Fariz həbs olunmuşdu. Lamiyənin zorlanmasını onun üstünə atıb, azyaşlı ilə cinsi əlaqəyə girdiyi üçün üç-beş il iş vermək, beləliklə bu məsələni Ruslanın üstündən götürmək istəyirdilər.
- Biz mətbuatı inandırmalıyıq ki, Lamiyəni mənim oğlum yox öz xalası oğlu zorlayıb. O ki, qaldı oğlumun ölümü kimə sərf edirdi, indi Vüqarı gətirərlər onun boynuna qoyarıq - deyə Aslanov Vüqarın gətirilməyini əmr etdi.
Vüqar Aslanovun otağına girəndə Ramiz Rzayev (hazırda Ali Məhkəmənin sədridir-red) ona tərəf getdi:
- Sən elə cəsarətlisən ki, bu boyda rayonun ağasına sataşırsan?! Belə cəsarətli idin özün öldürəydin də, qıza niyə öldürtdürdün!
- Hamısı yalandır! Qızı döyə-döyə məcbur eləmisiniz ki, mənə şər atsın. Mən nəinki Ruslana, heç Lamiyəyə də əl vurmamışam!
- Kəs səsini - deyərək Rzayev stolun üstündən kitab götürüb onun üzünə vurdu.
Aslanov araya girib dedi:
- Siz əziyyət çəkməyin, Ramiz müəllim. Onunla mən özüm danışacam. Elə danışacam ki, o ləçər kimi olmayanları da boynuna alsın. Mən sənə pislik eləmək istəmirəm. Özün nəyə qadir olduğumu yəqin ki, bilirsən. Bu dəqiqə fəhlələr dükanın qabağında gözləyirlər. Bir zəngimlə dükanınızı yerlə-yeksan elətdirə bilərəm. Sən təki de ki, oğlumu öldürməyi sənə Saşa sifariş eləyib. Konyak zavodunun müdiri. Elə o Saşa Lamiyənin ən yaxın qohumudu. Sən bunu de səni rahat buraxım.
- Havayı yerə əziyyət çəkməyin! Mənim kimi şərin nə olduğunu heç kim bilməz!
- Sən məni deyəsən başa düşmədin! - deyə telefonu çıxarıb zəng edən Aslanov fəhlələrə əmr etdi ki, Vüqargilin dükanını buldozerin altına versin. Indi başa düşdün? Bu hələ başlanğıcdı. Sənin ananı, atanı, hətta xalalarını da “dama” basdıracam. Hələ qardaşın Elnuru demirəm! Maşında onun da barmaq izlərini tapıblar.
- Istəyirsən bütün nəslimi “dama” basdır. Mən heç kimi şərləyən deyiləm! Bu, Vüqarın dediyi sonuncu söz idi".
(Ardı var...)