Şəkidə xalaoğlular arasında düşən mübahisə bıçaqlama ilə nəticələnib. APA TV-nin məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib. Kənd sakini, 52 yaşlı Kənan Kərimov xalaoğlusu 54 yaşlı Əkrəm Nəcəfov tərəfindən bıçaqlanıb. 4 bıçaq yarası alan Kənan Kərimov dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə əməliyyatı aparılan yaralının vəziyyəti orta ağırdır.
Həkim Rəfael Abdullayev yaralının xəstəxanaya 4 bıçaq yarası ağır vəziyyətdə daxil olub: “Bıçaq yarası döş qəfəsinin sol yarısına nüfuz edib. Biri ağciyərə deşib keçib, ikincisi isə diafraqmanı deşərək qarın boşluğuna daxil olub. Xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyatdan sonra yaralar tikilib. Xəstənin vəziyyəti orta ağırdır”.
Bıçaqlanan Kənan Kərimov həyətdə odun kəsdiyi zaman xalaoğlusu Əkrəm Nəcəfovun onu küçəyə çağırdığını, heç bir səbəb olmadan qəfildən bıçaqlandığını söyləyib. Ona müqavimət göstərməyə çalışsa da, ard-arda endirilən bıçaq zərbələri nəticəsində yerə yıxılıb: “Odun yarırdım, çağırdı, mən də getdim. Mən səni çağırsam, gəlməzsən? Görmədim, görsəydim qoyardım vurmağa? Bıçaq dəyən kimi mən də onu yumruqla vurdum”.
Cinayəti törədən Əkrəm Nəcəfov hadisə törətdikdən sonra qaçsa da, Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.