Mikayıl Cabbarovun yarıtmaz kadr siyasəti öz "bəhrəsini" verməkdədir... - Misir Mərdanovdan sonrakı 2 il...

2-02-2015, 10:13   
Mikayıl Cabbarovun yarıtmaz kadr siyasəti öz "bəhrəsini" verməkdədir... - Misir Mərdanovdan sonrakı 2 il...
Postsovet məkanı üçün xarakterik sayılan, rusların lozunq adlandırdığı müxtəlif məzmunlu, bir çox şüarlar yəqin ki, çoxlarının yaddaşından silinib getməyib. O zamanlar “Sözlə işin vəhdəti”, “Kadrlar hər şeyi həll edir”,“Hər kəsə əməyinə görə, hər kəsə qabiliyyətinə görə”, “Vicdanımızın normaları ilə”, “Qoy ədalət zəfər çalsın” və digər bu kimi şüarlar insanların mənəviyyatına güclü təsir vasitəsi kimi geniş istifadə olunub, bir növ cəmiyyət üzvlərinin əxlaq kodeksinə çevrilmişdi. Sonralar Sovet cəmiyyətini şüarçılıqda qınayanlar olsa da, bu cəlbedici və sövqedici mexanizmin insan psxologiyasının ideoloji cəhətdən formalaşmasında rolu danılmaz olaraq qalır.

Şüarlar indi də var. Bəziləri olduğu kimi, bəziləri təhrif olunmuş şəkildə, bəziləri müasir dövrün tələblərinə adaptasiya edilmiş formada. Məsələn, “Vətənə sevgi, dövlətə vergi”və s.Lakin, həmin effekt, həmin inandırıcılq, həmın tələb, həmin məsuliyyət hissi yoxdur. Zamanları aşıb gələn “Müəllim ən şərəfli, ən müqəddəs peşədir”, “Təhsil millətin gələcəyidir”, kimi şüarlar hələ ki, “ən şərəflilərın” və “ən müqəddəslərin” gələcək arzuları olaraq qalır. “Kadrlar hər şeyi həll edir” şüarı da aktullığını qoruyb saxlasa belə, təəssüflər olsun ki, ancaq və yalnız “şüarçılq” çərçivəsindən çıxmayıb, abstrakt anlayış olaraq qalmaqdadır. Halbuki, bir vaxtlar bu, son dərəcə sadə və anlaşıqlı formula ən ali məqsədləri ifadə edən amil, ən yüksək səviyyədə qoyulan tələb və hamı tərəfindən birmənalı şəkildə qəbul edilən norma idi.

Ali məktəbi bitirib, ixtisasım üzrə şımal rayonlarımızdan birinə, mərkəzdən xeyli kənar bir kəndə təyinat almışdım. Gənclik enerjim, seçdiyim peşəyə olan maraq və təşəbbüskarlığım nəticəsiz qalmadı. Qısa bir vaxtda müasir dillə desək, karyera qurmaq sahəsindəki uğurlar və irəliləyişlər bir-birini əvəz etdi. SSRİ Maarif Nazirliyinin və o zaman komsomol adlanan Ümumittifaq Gənclər Təşlilatı Mərkəzı Komitəsinin “Ən yaxşı gənc müəllim” döş nişanı ilə təltif edildim. Kremldə Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, kosmonavtlar və ölkənın bir qrup qabaqcıl elm və mədəniyyət xadimləri ilə şəkil çəkdirmək şərəfinə layiq görüldüm, bir sıra komitə və təşkilatlara üzv seçildim, müəyyən titul və mükafatlarla rəğbətləndirildim.
Rayon təhsil şöbəsinin təqdimatı və Raykomun büro qərarı ilə çalışdığım məktəbə direktor vəzifəsinə namizədliyim irəli sürüldü. Birinci Katıbın xahişi, sonradan prinsipial təkidinə baxmayaraq, Nazir 5 ilə yaxın çalışdığım, artıq mənə doğmalaşan məktəbə direktor təyin olunmağıma razılıq vermədi, bir müddət təlim-tərbiyə işləri üzrə direktor müavini işləməyimi tövsiyə etdi. Bununla belə direktorluğa ehtiyat kadr kimi siyahıya alındım. Bu halı səmimi və normal qəbul etdim. Çünki, o zaman qüvvədə olan mövcud “Təlimat”a əsasən məktəb direktoru olmaq üçün bir sıra digər tələblərlə yanaşı, ən azı 5 illik pedaqoji iş stajı tələb olunurdu. Mənim isə stajımın 5 ilə tamamına 4 ay çatmırdı, təlimatın pozulması isə qanun pozuntusu sayilırdı.

Pedaqoji Elmlər Akademiyasının Təlimin Məzmunu və Metodları İnstitutunun məqsədli aspiranturasını bitirdikdən sonra pedaqogika və metodologiya sahəsində tədqiqatlar apardım, proqram, dərslik və tədris vəsaitlərinin hazırlanmasında iştirak etdim, paytaxtın, respublıkanın müxtəlif şəhər və kəndlərində eksperimentlər keçirdim, bir çox tematik və frontal yoxlama komissiyalarına cəlb olundum, ali məktəblərdə və pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanma kurslarında mühazirələr oxudum, pedaqoji ictimaiyyətlə ünsiyyət qura bildim.

Bakı şəhərinin mərkəzi rayonlarından birinə Təhsil Şobəsinin müdiri vəzifəsinə irəli çəkilərkən o zaman Rayispolkom adlanan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Sessiyasında namzədliyim məsələsinə baxıldı. Rayon Partiya Komitəsinin büro qərarı el arasında Qorkom kmi tanınan Bakı səhər Partiya Komitəsində təsdiq olundu. Mərkəzi Komitənin Elm və Tədris şöbəsində söhbətdən keçdim.Nazirlik və Bakı Şəhər Baş Təhsil İdarəsi də öz növbəsində. Növbəti il təhsil ışçılərinin rayon konfransında Təhsil Şurasına üzv seçildim,Şura üzvlərinin gizli səsverməsinin nəticələrina əsasən yenidən həmın vəzfəyə təyin edildim. Rayon miqyasından Bakı Şəhər Baş Təhsil İdarəsinə tövsiyə olunarkən isə, işə başlamazdan əvvəl Moskva şəhərində Rəhbər Pedaqoji Kadrların 2 aylıq İxtisasartırma kurslarına ezam olundum.

Kimlərinsə maraq dairəsi ilə tərs mütənasiblik təşkil edə biləcək kiçik xatirələrimi bölüşməkdə məqsədim, bir vaxtlar kadrların seçilib yerləşdirilməsinə nə qədər və hansı səviyyələrdə önəm verilməsinə diqqət çəkməkdir. “Kadrlar hər şeyi həll edir” məsələsinin qoyuluşu sadəcə olaraq söz xatirinə deyilmiş bir şüar deyildi, yüksək vəzifəli rəhbərlərə və sıravi vətəndaşlara ciddi bir mesaj idi. Vəzifə daşiyıcısı dövlət qurumları qarşısında bir növ öhdəlik götürürdü, cavabdehlik daşıyırdı, ona edilən etibarı və göstərilən etimadı hər vəchlə doğrultmağa çalışırdı. Doğrudur, etibarı itirənlər və etimadı doğrultmayanlar da olurdu.Lakin bu kimi hallar istisnalıq təşkil edirdi, bunun kütləvi hal almasına yol verilmirdi.

Digər sahələrə müdaxilə edə bilmərəm.Ancaq, təkcə onu deyə bilərəm ki, indi təhsil sistemində kiminsə rəhbər vəzifəyə keçməsi gözlə qaş arasında olan məsafənı qət etməyə bərabər bir şeydir, vəzifədən kənarlaşdırılmaq da həmçinin, xüsusilə də istəyə görə, şəxsi ərizə əsasında.Post tutmaq üçün sanki, maqistr olmaq, hər hansı bir şirkətdə, dövlət və ya özəl qurumda bir müddət işləmək, ən başlıcası isə qərbyönümlü olmaq və ya özünü qərb təhsilinin pərəstişkarı kimi göstərmək kifayət edir. Sən demə ixtisas seçimi, peşəyönümü kimi məsələlərə səy göstərməyimiz əbəs imiş, “Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət göstərənlər təhsilin keyfiyyətinin idarə olunması prosesinin liderləri olmalıdırlar” çağırışımız görüntü yaratmağa yönəlmiş bir şüar imiş.

Təhsil Hazirliyi kimi bir ali idarəetmə qurumuna iqtisadçı da lazımdır, hüquqşünas da. Lakin bunun üçün nazirliyin müvafiq şöbələri və müvafiq norma həddi var. Təhsil Nazirliyinə müxtəlif qurumlardan ixtisaslı kadrlar çəlb etmək olar, lakin Təhsil Nazirliyi “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin filialı deyil. Hər bir Nazir öz inandığı və etibar etdiyi kadrlardan ibarət komandasını yarada bilər, lakin bu proteksiya və digər qohumbazlıq, dostbazlıq, yaxınlıq münasibətlərinə rəvac verilməsi demək deyil. Təhsil qeyri-ıxtisas sahiblərinin yerləşdirilməsi üçün münbit məkana çevriləcək obyekt də deyil. Təhsildə qeyr-təhsil sektoru yaratmaq son dərəcə təhlükəli olub, yolverilməz bir haldır.

Bəyənmədiyimiz sovet dönəmində hətta bir-birinə yaxın və “qohum” ixtisaslar belə bir-birindən fərqləndirilirdi. Bu məqsədlə məktəbəqədər və orta məktəbi idarə etmək üçün “Maarif Nazirliyi”, ali və orta ixtisas təhsilini idarə etmək üçün “Ali və Orta İxtisas təhsili Nazirliyi” texniki-peşə sistemini idarə etmək üçün isə “Dövlət Texnıkı-Peşə Təhsili Komitəsi” yaradılmışdı. Bu kimi nazirlik və komitələrə müvafiq olaraq məktəbəqədər, orta ümumtəhsil, ali və orta ixtisas, həmçinin texniki-peşə üzrə sırf konkret ixtisasa malik mütəxəssislər cəlb olunurdu. Bəlkə də bunun nətıcəsi idi ki, o dövrdə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı.

Bildiyim kimi, kadr siyasətının məqsədi, zəruri kadr resurslarının formalaşdırılması, dövlət tərəfindən müəyyənləşdirilmiş və rəhbər idarəetmə orqanlarına həvalə edilmiş vəzifələrin həlli üzrə kadrların səmərəli fəaliyyətının təmin edilməsidir. Heç şübhəsiz ki, qarşıya qoyulan vəzıfələrın həyata keçirilməsnin bilavasitə hazırlıqlı peşəkar kadrlardan asılı olduğu, kadrların seçilib yerləşdirilməsində səmərə və keyfiyyət amilinin nəzərə alınması, bu zaman müəyyən olunmuş norma və qaydalara ciddi əməl olunması da məlum şərtlərdəndir. Əks halda, Təhsil Nazirliyinin indiki kadr siyasəti heç də uğurlu sayılmayıb,arzu olunan perspektiv vəd etməyəcək. Halbuki, ilk vaxtlar buna inananlar və böyük ümid bəsləyənlər az deyildi.Təhsil bir sistem olaraq idarə olunmalıdır.İdarəetmə isə planlaşdırma, təşkiletmə, rəhbərlık, nəzarət, əlaqələndirmə, tənzimləmə kimi çoxşaxəli funksiyalardan ibarətdir.Hər bir funksiya isə məhz təcrübə tələb edir.

Harada, hansı ali təhsil müəssisəsini, hansı səviyyədə bitirməyimizdən asılı olmayaraq təhsil və təlimin mahiyyətinə, məqsəd və vəzifələrinə, məzmununa, prinsip və metodlarına, qanun və qanunauyğunluqlarına, vasitələrınə, təşkili formalarına, konkret olaraq didaktika adlanan təhsil və təlim nəzəriyyəsinə yiyələnmədən, lazımi peşə-ixtisas təcürbəsi qazanıb, praktik vərdişlər əldə etmədən təhsil sistemının başlıca vəzıfələrini həyata keçirəcəyimizi zənn etmək özümüzü aldatmaqdan başqa bir şey deyildir. Məktəbəqədər pedaqogika və psixologiya ixtisaslı bir peşə sahibinin Daxili İşlər Nazirliyində, yaxud Baş prokuror yanında Korrupsiyaya qarşı mübarızə idarəsində rəhbər vəzifə tutması necə absurd görünürsə, cinayət hüququ üzrə maqistrin, beynəlxalq biznes hüququ, iqtisadiyyatın hüquqı tənzimlənməsi və s. bu kimi ixtisaslara yiyələnmiş hüquqşünas və iqtisadçıların,etnoqraf və diplomatların,tətbiqi riyaziyyatçıların da Təhsil Nazirliyi apparatında və onun Bakı şəhəri üzrə idarəsində yer almaları eyni anlama gəlir.

Haşiyə: 90-ci ilin əvvəli idi.Yaxın münasıbətdə olduğum prokuror bir həmkarım mənə zəng edərək, özünün dediyi kimi bir gız uşağını uşaq bağcalarından birinə metodist götürməyimi xahiş etdi. Şəxsı işlə tanış olduğım zaman məlum oldu ki, qız uşağı 9-cu sinfi yenicə bitirib. Bunu prokurorun nəzərinə çatdırmağıma peşman oldum.Məndən inciməyi bir yana, hələ məni ittiham da etdi: “Səndən bağça müdirliyi xahış etmirəm ki, adi metodist nəmənə şeydir ki, məni zöz verdiyim adamların qarşısında hörmətdən salırsan”.Mən isə sanki, söz tapa bilmirdim. Nəhayət, mən səndən 9-cu sinfi bitirəni prokurorluğa müstəntiq götürməyini xahiş etsəm bunu edərsən sualına nə cavab alsam yaxşıdır? Suala sual. “Sən prokurorluğü uşaq bağçasına tay tutursan?”
Nəyimiz dəyışsə də təhsilə münasibətimiz, təhsilimizlə bağlı problemlərimizə baxış tərzimiz hələ ki, dəyişməyib.

Dindar deyiləm. Bununla belə bir ziyalı olaraq, mənəvi dəyər kimi dini məxəzlər daim diqqət mərkəzimdə olub. Əski dini mənbəələrdə təsadüf etdiyim bir kəlama isə xüsusi dəyər verirəm. “Yaradan hər birimızə öz yerini müəyyənləşdirib.” Bəlkə də xalq şairi Qabil məhz bu ibrətamiz kəlamdan bəhrələnərək məşhur “Gərəksiz oluruq biz, səhv düşəndə yerimiz” misralarını qələmə alıb.

Nadir İSRAFİLOV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.