"Qafqazinfo" Azadlıq qəzetinə istinadən Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin başına gələnlər barədə yazdığı romandan növbəti hissəsini oxuculara təqdim edir:
Qeyd edək ki, Vüqar hadisəni bədii üslübda, üçüncü şəxsin dilindən yazıb. Bu hissədə Ruslanın qətlinin necə baş verdiyi təsvir olunur. Beləliklə, Vüqar Əliyev yazır:
***
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin başına gələnlər barədə yazdıqlarının növbəti hissəsinin oxuculara təqdim edirik. Qeyd edək ki, Vüqar hadisəni bədii üslübda, üçüncü şəxsin dilindən yazıb:
“Vüqarın üzünə ilk zərbəni endirən Aslanovdan sonra ac qurdlar kimi kabinetdə olanların hamısı onun üstünə tökülərək kimisi yumruq, kimisi də təpiklə onu vurmağa başladı. Qolları arxadan qandalla bağlı olduğuna görə müqavimət göstərə bilmirdi. Yerə yıxılmış vəziyyətdə, aldığı hər zərbəyə özünün vicdanı qarşısında cavab olaraq pıçıldayırdı: ”Heç vaxt! Ölsəm belə vicdanımla öləcəm!" Vüqar aldığı zərbələrdən huşunu itirdi.
Başına dəyən ağır zərbədən özünə gələn Vüqar tövşüyən adamları görcək hər şeyi xatırladı:
- Kərimov! Apar onu! Biz də bir az dincəlib çörək yeyək. Üç saatdan sonra gətirərsən - deyən Aslanov ayağa qalxan Vüqara yaxınlaşaraq dedi:
- Səni bu cür o vaxta kimi döyəcəyik ki, axırda özün yalvaracaqsan ki, nə istəyirsiz deyim!
- Heç vaxt! Mən sözü bir dəfə deyirəm!
- Buna hələ baxarıq!
Vüqarın psixoloji vəziyyəti anormal olduğu üçün ona ömürlük həbs cəzası verə bilməyəcəklərini başa düşmüşdülər.
Müstəntiq Kamal dedi:
- Qanuna görə onu həbs edə bilmərik. Hərbi biletində yazılıb ki, psixoloji vəziyyəti anormaldır, kəllə-beyin travması alıb.
Aslanov hirsləndi:
- Bu rayonda qanun mənəm! Mən nə dedim o da olmalıdır. Vüqarın hərbi biletini cır tulla. Hərbi komissarla mən özüm danışaram. Elə bir hərbi bilet ona verilməyib.
Aslanov Vüqarın onun istədiyi ifadəni verməyəcəyini başa düşüb əmr etdi ki, Vüqarın atası Ibrahim kişini sifarişçi kimi qələmə verib üçünə də cinayət işi açılsın.
- Mən birinci müavinim Tariyelə tapşıracam ki, idarədəki bütün işçilərdən ifadə alsın ki, Ibrahim kimi dəfələrlə gəlib məni öldürməklə hədələyib. Torpaq sahəsi almaq istəyirdi. Ona torpaq sahəsi vermədiyimə görə oğlumu öldürtdürüb.
* * *
Aslan Aslanov Vüqarın atasını, anasını, qardaşını, xalalarını həbsə atdırdı amma qəzəbi soyumamışdı. Vüqarın qardaşının həyat yoldşını, hamilə olmasına baxmayaraq həbs etdirmək əmri verəndə prokurorluq işçiləri ilk dəfə cəsarət edib Aslanovun əmrinə tabe olmadılar.
Aslanov bir ay idi ki, Vüqarı sındıra bilməmişdi. Bir ay durmadan ona işgəncələr versələr də, o heç kimi şərləməyə razı olmurdu.
Vüqarı Aslanovun otağına gətirdilər. Döyülməkdən tanınmaz hala düşmüşdü amma sözündən dönmürdü.
Aslanov az qala ona yalvaracaqdı ki, Vüqar “bazarkom” Elpərənlə, Konyak zavodunun müdiri Etibarın üzünə dursun.
- Söz verirəm, sən bu ifadəni versən səni də ailəni də bu dəqiqə azad edəcəm.
- Bütün dünyanın malını mənə versələr də mən adam öldürmərəm! O ki qaldı sifarişlə Ruslanı öldürməyə, məni tanıyan heç kim buna inanmaz.
- Axırıncı dəfə deyirəm sənə, əgər mən deyənlə razı olmasan bu saat əmr edəcəm qardaşın arvadını sənin yanındakı kameraya salsınlar.
- Istəyirsən bütün nəslimi dama basdır! Mən heç kimi şərləməyəcəm!
Vüqarın son sözündən hiddətlənən Aslanovun qardaşı Elsevər cəld yerindən tərpənərək əlindəki silahı Vüqarın ağzına diriyərək dedi:
- Sənin bəxtin gətirdi ki, Seyidəli ilə Arif imkan vermədi səni güllələyək. Yoxsa söhbət bu qədər uzanmazdı.
Bundan sonra stolun üstündən götürdüyü limonad butulkasını onun başına çırpdı. Yenidən kabinetdə olan hər kəs Vüqarı döyməyə başladılar. Vüqar huşunu itirmişdi.
Artıq üçüncü ay idi ki, Aslanovun oğlu Ruslanın ölümü ilə əlaqədar yaranmış səs-küy Şəmkir şəhərini Azərbaycanda məşhur etmişdi. Televizorda, radioda hansı kanalı açırdınsa bu işin gedişatı ilə bağlı məlumat verilirdi. Vəziyyət o yerə gəlib çatmışdı ki, Avropa Şurasının nümayəndəsi Andres Qross şəxsən özü bu işə qarışmış, Vüqarın anasının və xalalarının azad olunmasına nail olmuşdu. Avqustun 18-də onların həbs müddəti başa çatırdı.
Aslan Aslanov məhkəmənin qərarından narazı idi. Çünki Vüqar Əliyevə ömürlük həbs cəzası verilsə də atası Ibrahim Ismayılova 4 il həbs cəzası verilmişdi.
Bayıl türməsindən Gəncəyə qaytarılan Vüqarı həbsxananın rəis müavini mayor Nizami ilə, kapitan Rövşən adətləri üzrə dəyənəklə qarşıladılar. Yarım saat Vüqarı döydükdən sonra əvvəl saxlanıldığı 19-cu kameraya saldılar. Bu qaydada sentyabr ayının 27-nə kimi müxtəlif bəhanələrlə Vüqarı kameradan çıxarıb döysələr də onu sındıra bilmədilər.
Bütün cəhdlərinin boşa çıxdığını görən Aslanov məhkəmənin ilk günündən Vüqarı mətbuatdan uzaq saxlatmaq üçün onu Bayıl türməsinin üçüncü korpusunda yerləşən “tranzit” adlanan 96-cı kameraya saldırdı. 27 sentyabrdan 22 dekabra kimi bu kamerada olan Vüqarı hökm oxunan günü beşinci korpusun 124-cu kamerasına saldılar. Maraqlısı da o idi ki, 1994-cü ildən 1998-ci ilə kimi Lamiyənin atası Sahib bu kamerada saxlanılmışdı. Vüqarı Lamiyənin kamerası ilə üzbəüz kamerada saxlayırdılar.
* * *
Apelyasiya Məhkəməsi 2004-cü ilin fevral ayının 7-də keçirildi. Qanunla açıq məhkəmə keçirilməli olsa da, Aslanovun göstərişi ilə məhkəmə qapalı keçirildi. Məhkəməyə nəinki media nümayəndələri, heç sadə vətəndaşlar da buraxılmadılar.
Vüqarla “vida” görüşündə ona söz verdiyi kimi, Lamiyə məhkəmədə bütün həqiqəti dedi. Çəkiliş zamanı verdiyi ifadəsinin Aslanov tərəfindən döyüldüyünə görə qorxusundan verdiyini, indi isə o ifadələrin yalan olduğunu, Ruslanı özü öldürdüyünü, Vüqarın bunda əli olmadığını desə də, onun ifadəsini məhkəmədə nəzərə almadılar.
Bir neçə saat çəkən məhkəmə hökmü dəyişdirmədən saxlayaraq səhəri günü Vüqarı Qobustana gətirdilər.
Apelyasiya hökmünün qərarını fevral ayının sonunda alan Vüqar dərhal kassasiya şikayəti yazsa da, həbsxana rəisi Nəsimi onu göndərməyə qadağa qoydu.
Göndərdiyi şikayətin gecikdiyindən narazı olan Vüqar bunda da Aslanovun əli olduğunu başa düşüb rəisin bütün təzyiqlərinə baxmayaraq ikinci, üçüncü dəfə yazsa da heç bir cavab almadıqda həbsxana rəislərinin ən çox qorxduğu üsula əl ataraq, ağzını tikib aclıq aksiyasına başladı.
Bu qaydada bir neçə dəfə aclıq aksiyası keçirən Vüqarın iradəsindən qorxan həbsxana rəhbərliyi 2004-cü ilin oktyabr ayının 26-da Vüqarın yazdığı növbəti, dördüncü ərizəni qəbul edərək Vüqardan aclıq aksiyasını dayandırmağı istədilər. Amma bu ərizəni də rəis arxivə qoydu. Bütün bunlardan xəbərsiz olan Vüqar səbirsizliklə cavab gözləyirdi.
Cinayət Məcəlləsinin 410-cu maddəsinə əsasən ağır cinayətlə ittiham olunan şəxs 18 ay ərzində kassasiya şikayəti verməlidir. 22 ay gözləsə də Vüqara heç bir cavab gəlmədi. Bu vaxt ərzində həbsxana rəisi müxtəlif üsullara əl ataraq Vüqara təzyiq edirdi.
* * *
İllərlə Vüqar hər yerə müraciət edərək günahsız olduğunu sübut etməyə çalışırdı. Yazdığı ərizələri göndərməkdən ötrü Vüqar günlərlə aclıq edir, işi çətinə düşəndə gəzintiyə gedib orda damarlarını kəsirdi. Ancaq bundan sonra yazılan ərizələri göndərir, ona gələn cavabları da bu qaydada alırdı. Elə bir ay olmurdu ki, kameraların döşəməsi qanlı olmasın.
Həbsxana rəhbərliyi Vüqarın ərizələrini göndərməməkdən ötrü müxtəlif təzyiqlərə əl atırdılar. Onu günlərlə karsda saxlayırdılar. Bütün bunlara baxmayaraq ruhdan düşməyən Vüqar nəhayət ki, ilk uğuruna nail oldu. Hərbi Prokurorluqdan arayış gəlmişdi və bildirilirdi ki, Vüqar Əliyev hərbi xidmətə yararsızdır.
Bu cavab kifayət edirdi ki, Vüqarın işinə yenidən baxılsın, onun üstündən ömürlük həbs cəzasını götürsünlər.
Bu ərizə ilə məhkəməyə müraciət etsə də, yenə eyni cavabları aldı.
Hətta Aslanov irəli gedərək Vüqarın adından prezidentə əfv ərizəsi yazdırmışdı. Guya o cinayətini boynuna alır və əfv olunmağını istəyir".