14:05
Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən atışmada ölənlərin hər ikisinin azərbaycanlı olduğu üzə çıxıb.
APA-nın “konkretno.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 1-də Sankt-Peterburqun Poqraniçnik Qarkavov küçəsində yerləşən "Qurman" kafesində baş verib.
Kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə zamanı travmatik silahdan açılan atəş nəticəsində iki azərbaycanlı öldürülüb.
Gürcüstan Respublikası Marneuli rayonunun sakini, 29 yaşlı Vüsal Əfəndiyev hadisə yerində keçinib.
Kafenin sahibi olan digər azərbaycanlı, 46 yaşlı Azərbaycan vətəndaşı Nazim Səmədov isə xəstəxanada ölüb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə yerindən 30 metr aralıda, İvanovka çayının sahilində polis əməkdaşları qan izləri olan salfet və 6 ədəd patronla İJ -79-9 travmatik silah aşkar ediblər.
Bundan başqa, kafenin sahibi Nazim Səmədovun avtomobilindən “Sayqa” karabin tüfəngi aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
---------
10:19
Rusiyanın Sankt-Peterburq şəhərində restoranlardan birində baş vermiş atışmanın təfərrüatları məlum olub.
Anspress-in məlumatına görə, atışma Sankt-Peterburq şəhərində, "Qurman" restoranında fevralın 1-i gecə saat 4 radələrində baş verib. Kafenin sahibi olan azərbaycanlı ilə əslən erməni olan Gürcüstan vətəndaşı arasında mübahisə yaşanıb. Erməni müştəri xidmət səviyyəsindən narazı qalaraq kafenin sahibinə qarşı silah işlədib. Güllələrdən biri kafenin sahibinə, digəri isə başqa müştəriyə dəyib. Müştəri hadisə yerindəcə keçinib. Kafenin sahibi isə xəstəxanaya çatdırılıb. Onun da həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bir neçə saatlıq cəhdi bir nəticə verməyib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Atışmada iştirak edən şəxslərin axtarışı davam etdirilir.
Milli.Az