15:14
Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub.
APA-nın məlumatına görə, müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.
Xətai Rayon Polis İdarəsindən onlarda müğənni Maral Tahirqızı ilə bağlı cinayət işinin olduğunu təsdiqləsələr də, əlavə açıqlama verilməyib: “Hələlik dindirmə gedir. Əlavə heç nə deyə bilmərik”.
16:15
Müğənni Maral Tahirqızı istintaqa cəlb olunması barədə yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə APA-ya açıqlama verən müğənni bu gün Xətai Rayon Polis İdarəsində ifadə verdiyini təsdiqləyib. O qeyd edib ki, Xətai Rayon Polis İdarəsində başlanmış cinayət işi üzrə istintaqa dəvət olunub: “Müstəntiq məndən bir neçə adamın adını soruşdu. Mən də bildirdim ki, həmin adamlardan yalnız birini tanıyıram. O şəxs Esmira adında saç ustasıdır. İfadəmdə digərlərini tanımadığımı qeyd etdim”.
Polisdən M. Tahirqızına deyiblər ki, cinayət işində kimsə onun adını çəkib: “Bir daha deyirəm, mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Kim mənim adımı çəkib, deyə bilmərəm. Niyə mənim adımı çəkib, onu da deyə bilmərəm. Lakin mən günahsızam. Müstəntiqə də dedim, mənim elə adamlarla əlaqəm yoxdur”.
M. Tahirqızı yenidən polisə çağırılacağını da istisna etməyib: “Müstəntiq dedi ki, lazım olsa, yenə dəvət edəcəklər”.