Müsavatın Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmlinin ağır xəstəlikdən əziyyət çəkən anasını rayonda müalicə etmirlər. Aidiyyatı orqanlara edilən müraciətlər isə nəticəsiz qalır.
Bu barədə musavat.com-a məlumat verən Nurəddin Rüstəmli baş verənləri siyasi fəaliyyəti ilə əlaqləndirib: “Anam ağır xəstədir. Mingəçevir Şəhər Xəstəxanasının baş həkimi Yusif və Rayonlararası Onkologiya Mərkəzinin baş həkimi Tangiz adlı şəxslər onun müalicə olunmasından qəti imtina edirlər. Səbəb olaraq isə onu əsas göstərirlər ki, xəstənin diaqnozu Bakıda təsdiq olunmalıdır. Guya ki, ondan sonra müalicə aparılacağını deyirlər. Belə xəstələri müalicə yolu ilə 3-5 il yaşatmaq olur. Anam ağır vəziyyətdə olduğu üçün onu minik maşını ilə Bakıya çatdırmaq mümkünsüzdür. Xəstəxananın rəhbəri Yusif həkim əlimdə 26 yanvar tarixində göndəriş olmasına baxmayaraq, xəstənin Bakıya göndərilməsi üçün nəqliyyat vasitəsi verməyəcəyini deyir. Sizin qəzetiniz vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə sual verirəm ki, ağır xəstə Bakıya çatdırıla bilmirsə, morfi vurduraraq, ölümünü gözləməlidir? Bu necə sistemdir? Səhiyyəni niyə bu günə salmısınız? XXI əsrdə bu, nə biabırçılıqdır? Sizin yaxınlarınız rayonda xəstə olanda morfi vurduraraq, ölümünü gözləyirlərmi? Biz insan deyilik? Nə vaxta qədər biz müxalifətçilərə belə ayrı-seçkilik olacaq? Belə ədalətsizlik olmaz. Hər şeydən öncə insan olmalıyıq”.
Müsavatın rayon təşkilatının sədri baş verənlərlə bağlı etdiyi müraciətlərin nəticəsiz qaldığını da bildirdi: “Bu haqda Səhiyyə Nazirliyinin qaynar xəttinə məlumat vermişəm. Cavab bu oldu ki, xəstəni ölsə də Bakıya gətirin. Diaqnoz təsdiqlənsin, sonra müalicə başlasın. Dedim ki, yolun uzaqlığına görə gətirmək mümkün deyil. Cavab belə oldu ki, özünüz bilərsiniz. Bu da ölkəmizdəki insanlıq… Mingəçevirdən Bakıya 300 kilometrdir. Şok ağrılar keçirən xəstəni həkimsiz, minik maşını ilə aparmaq yolda öldürmək deməkdir. Bütün bu bəhanələr siyasi fəaliyyətimlə birbaşa əlaqədardır”.