“Lamiyə olayında cinayət məsuliyyəti olmasa da, inzibati məəsuliyyət mövcuddur. Burada söhbət məhkum Lamiyə Quliyeva ilə uşağın atasının görüşünə şərait yaradılmasından gedir. Bir daha təkar edirəm, burada hansısa cinayət məəsuliyyəti yoxdur”.
Bunu AzVision.az-a İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.
O bildirib ki, yanvarın 24-də məhkum qadınların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində keçirdikləri görüş zamanı dünyaya uşaq gətirən Lamiyə Qulyeva ilə də qapalı söhbətdə olublar:
“Bizi maraqlandıran suallardan biri Lamiyənin təcavüzə məruz qalması ilə bağlı mediada səslənən fikirlərə aydınlıq gətirilməsi idi. Məlum olduğu kimi Lamiyə hər hansı zorakılığa məruz qalmadığını dedi. Amma istənilən halda araşdırma aparılır və biz ümidvarıq ki, bu məsələ araşdırılıb sona çatdırılacaq”.
V. Məhərrəmov qeyd edib ki, Lamiyə Quliyeva uşağın məhkum atasının adını da onlara söyləyib: “Biz həmin məhkumla da görüşməyi planlaşdırırıq. Artıq yaxın vaxtlarda uşağın atası kimi Lamiyənin bizə dediyi şəxslə də görüşümüz keçiriləcək. Bəlkə həmin məhkum uşağın atası olmayacağını deyəcək. Ona görə də DNT analizi keçirilməlidir”.
MQR rəhbərinin sözlərinə görə, bu məsələdə narahatlıq doğuran məqam məhkumlar arasında görüşün baş tutmasıdır: “Doğrudur, bu gün məhkumlar arasında ailə quranlar var. Ancaq nikahı olmayan şəxslərin uzunmüddətli bir otaqda saxlanılması qanunvericilikdə qadağan olunub. Lakin buna baxmayaraq, biz iddia edə bilmərik ki, bu uşağın bünövrəsi həmin otaqların birində qoyulub. Bununla bağlı Penitensiar Xidmətdə araşdırma aparılır. Yəqin ki, araşdırmanın nəticəsi olaraq, buna şərait yaratmış məsul şəxs intizam qaydasında cəzasını alacaq. Amma yenə də deyirəm ki, nəzarətçi buna şərait yaradıbsa belə baş verənlərdə cinayət tərkibi yoxdur”.
Qeyd edək ki, Lamiyə Quliyeva Şəmkir rayonu İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətli ilə əlqədar həbs edilib. 2003-cü ildə 15 yaşında həbs edilən L. Quliyevanın cəza müddəti 2013-cü ildə başa çatmalı olsa da, sonradan onun cəzaçəkmə müəssisəsində nəzarətçiyə qarşı kobudluq etməsi səbəbindən cəzası daha 5 il 6 ay artırılıb.