Lamiyənin uşağının atası olduğu iddia edilən kişi DNT tələb etdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Quliyeva Lamiyə Sahib qızının dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüblər.
ANS PRESS-in məlumatına görə, qeyd edilən məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib.
Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə Müvəkkilə yazılı izahat verib.
Qeyd edilməlidir ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən bu məsələ ciddi araşdırılır, hər iki şəxsdən izahat alınıb, müvafiq analizlər götürülüb və yaxın günlərdə nəticəsi açıqlanacaq.