Vaqif Əsədov yol polisini təhqir edənlərdən DANIŞDI: “Onlar təkcə məmur balaları deyil”

4-02-2015, 16:31   
Vaqif Əsədov yol polisini təhqir edənlərdən DANIŞDI: “Onlar təkcə məmur balaları deyil”
Son günlər yol polisi-sürücü münasibətləri ən çox müzakirə olunan məsələlərdən biridir. Bu xidmətin əməkdaşlarından söhbət düşəndə, adətən onların sürücülərə qarşı kobud davranışı gündəmə gəlir. Maraqlıdır, haqqında min cür təhqir, söyüş səslənən, əslində nəqliyyatın, sürücülərin, eyni zamanda vətəndaşların təhlükəsizliyini qoruyan yol polisləri özləri hansı kobudluqlarla üzləşirlər?
Modern.az saytının bu və digər suallarını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb:

“Düşüncəsi olan, xalqını, vətənini, millətini sevən sürücü niyə “mənim polsim məni qoruyur” fikrinin əksinə hərəkət etməlidir? Kobudluq edənlər intizamsızlığa meylli sürücülərdir, onları da qanunun gücündən istifadə edib zərərsizləşdiririk. Ayrı-ayrı şəxslərə qəsdən polisin tələblərini yerinə yetirməməsinə görə məhkəmələr tərəfindən cərimə və həbs verilir”.

Yol polisinə qarşı kobudluq edənlərin daha çox məmur övladları, imkanlı şəxslər olduğu bildirilir. Polis polkovniki isə bu fikirlə qətiyyən razılaşmır:

“Bu deyilənlər sözdən başqa bir şey deyil. Qətiyyən deməzdim ki, həmin şəxslər sırf məmur balalarıdır. Onu da deməzdim ki, onlar qanunun tələbini yerinə yetirməyənlərdir. Polisə qarşı kobudluq, tərbiyəsizlik, hörmətsizlik edənlər şüur səviyyəsi aşağı olanlardır. Onlar bütün kateqoriyaları əhatə edir. Hər bir vasitə ilə polisin tələblərini yerinə yetirməməyə çalışırlar ki, onların da qarşısı alınır.

Məsələn, təkcə dünən özünü idmançı kimi təqdim edən bir nəfər gənc barədə polisin qanuni tələbini yerinə yetirməməsi faktı daxil oldu. Dəhal sənədləşdirdik. Belə hallar tez-tez olur. Polisə qarşı müqavimət göstərənlər, təhqir edənlər, xəsarət yetirmək istəyənlər çox olur. Axı polis sürücünün ona qarşı hər hansı kobudluq edəcəyini ilk andan güman etmir”.

Şöbə rəisi belə halların daha çox qaranlıq düşəndə baş verdiyini söyləyib: “Əsasən qaranlıq saatlarda belə faktlar qeydə alınır. Gün ərzində tabe olmayan sürücülər barədə də raportla məruzə olunur. Sonradan tabe olmayıb qaçmağa cəhd göstərən və qaçmağa nail olan sürücüləri də aşkar edib məsuliyyətə cəlb edirik. Kimsə hansısa sürücünün qanuna tabe olmayıb cəzasız qaldığını iddia edirsə, bu, ağ yalandır, mümkünsüzdür.

Amma etiraf edim ki, göstəricilərə baxanda xeyli sayda azalma müşahidə edilir. İntizamsızlığa meylli olan sürüclər polisə qarşı çıxa bilər, sərxoş sürücünün də tabe olmamağı mükündür. Çünki insan içkinin təsirindən özündə olmur, o hər şey edə bilər. Belə olan halda yol polisi digər strukturların gücündən istifadə edib onları zərərsizləşdirir. Hamı polisə tabe olmalıdır. Əks halda polisin tələblərini yerinə yetirmədiyinə görə vətəndaş barəsində təqdim edilən sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilir. Nəticədə hakimlər çıxardığı qərarla həbs cəzası tətbiq edilir”.
Modern.az
Gülşən RAUFQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.